Zəngəzur DƏHLİZİ: Güc, təzyiq, təhdid, yoxsa MÜHARİBƏ?

Zəngəzur DƏHLİZİ: Güc, təzyiq, təhdid, yoxsa MÜHARİBƏ?

Çözüm üçün illər lazımdır, yoxsa güclü zərbə? 

Azərbaycan-Ermənistan müharibəsinin tarixinə baxdıqda açıq görürük ki, erməni tərəfi yalnız güc və təzyiq qarşısında hansısa addım atır. Əslində bu təkcə Ermənistana xas olan xüsusiyyət də deyil. Maraqlar toqquşanda heç kim öz xoşuna geri addım atmır. Ermənistanın təhdid qarşısında bu günə qədər bir addım da olsun geri çəkildiyi görülməyib.

Azərbaycan tərəfi təxminən 30 ilə yaxın erməni tərəfini təhdid edib. Sülh yolu ilə olmasa digər vasitələrdən istifadə edəcəyini, lazım gəlsə müharibə ilə torpaqlarını işaldan azad edəcəyini deyib. Ancaq bu təhdidlərin əmələ keçmədikdə heç bir qarşılığı görülməyib.

Hazırda Azərbaycan yenə təhdid dili ilə danışır. Zəngəzur dəhlizi xoşluqla açılmasa digər vasitələrdən istifadə ediləcəyi bildirilir. Erməni tərəfi bundan çəkinir? Düşünmürəm. 30 ilə yaxın müddətdə bundan çəkinməyən ölkədən bunu gözləmək də absurddur.

Müharibə bitdi. Azərbaycan tərəfi mina xəritələrini tələb etdi. Mina xəritələri necə geri verildi? Əsirlər qarşılığında.

Sərhəddəki problemlər də eynən. Azərbaycan tərəfi öz sərhədini qurmağa çalışdı, ancaq bəzən şillə-təpikdən sonra, bəzən də lokal döyüşdən sonra buna nail oldu. Yəni, erməni tərəfi ancaq güc və təzyiq dilindən anlayır. Ona görə də, Zəngəzur dəhlizinin açılması üçün Azərbaycan mütləq güc və ya təzyiq yolu seçməlidir, təhdid yox.

Müharibəyə qədər Azərbaycan danışıqlar apardığını, münaqişənin həllinin tək yolunun sülh olduğunu bəyan edirdi. Erməni tərəfi isə Azərbaycana qarşı yeni müharibə, yeni torpaqlar bəyanatı ilə cavab verirdi. Nə baş verdi? Müharibə. Kapitulyasiya da güc nəticəsində əldə olnmuşdu. Müharibə zamanı Cenevrədə iki ölkənin xarici işlər nazirlərinin görüşü zamanı Azərbaycan rəsmən bəyan etdi ki, bu günə qədər aparılan danışıqlar hamısı boş və mənasız idi, bu da o danışıqlardan biri olacaq. Əslində bunu 30 il idi Azərbaycan xalqı da deyirdi. Bilirdik, sübutumuz yox idi.

Müharibədən sonra Zəngəzur dəhlizi gündəmə gəldi. Azərbaycan yenə keçmiş ritorika ilə danışır. Xoşluqla açsınlar, yoxsa güc görəcəklər. Əslində buna Azərbaycan xalqının da, Ermənistan dövlətinin də, ictimayətinin immuniteti var. Yəni, əmələ keçmədikcə, ciddiyə alınmayacaq, sadəcə olaraq daxili auditoriyaya hesablanmış sayılacaq.

Təxminən 2010-cu ilə qədər hər bayramlarda gələn ili Şuşada qeyd edəcəyik çıxışları olurdu. Yadıma gəlir, hətta 1996-cı ildə "gələn il Şuşada Novruz bayramı qeyd edəcəyik” çıxışından sonra qonşumuz "urraa” deyərək, məhləyə qaçmışdı. Qonşunun əminliyinə gülənlər oldu. Məsələ mərcə qədər getdi və uduzan bir qoç kəsməli olacaqdı. Qoç nə zaman kəsildi? 2017-ci ildə. Uduzan dedi ki, inanmışdım, mən uzağı 1-2 ilə qayıdarıq düşünürdüm, siz rahat şəkildə 10 il verdiniz, üstündən 21 il keçib, hələ də qayıtmamışıq. Ömrümüzün 30 ili "inşallah Qarabağda” deməklə keçdi, daha neçə ili "inşallah Zəngəzurdan keçib gedərik” deməklə keçəcək?

Düzdür, Zəngəzur dəhlizinin Qarabağ problemi qədər uzunömürlü prosesə çevriləcəyinə inanmıram. Çünki bunun təkcə Azərbaycanın məsələsi olmadığını anlayıram.

Azərbaycan tərəfi 10 noyabr bəyanatını və verilmiş sözləri əlində əsas tutur. O bəyanatın qarantı kimdir? Rusiya. Elə sözü verən də Rusiyadır. Ancaq Azərbaycanın Qarabağ müharibəsi ilə bağlı əlində daha tutarlı sənədi vardı – BMT-nin 4 qətnaməsi. 4 qətnamə sadəcə olaraq kazğız parçası idi, kağız parçası kimi də tarixin arxivlərinə getdi. 3 tərəfli bəyanat da hələki kağız parçasıdır. Nə erməni silahlıları ərazidən çıxıb, nə Anklav kənd, nə də Qazağın kəndləri Azərbaycana təhvil verilib. 27 yaşlı (4 qətnamə) kağız parçasının fatihəsini verməmiş, gözümüzü yumub açdıq ki, qucağımızda bir yaşlı (10 noyabr bəyanatı) kağız parçamız var.

Əslində erməni tərəfinin təhdiddən qorxmamasının səbəbləri var. Ermənistan bilir ki, hərbi güclə Zəngəzur dəhlizini açmaq mümkün olmayacaq. Çünki beynəlxalq hüquqda qədim diyar, dədə-baba torpağı anlayışı yoxdur. Beynəlxalq hüquqda dövlətlərin ərazi bütövlüyü var. Sual oluna bilər ki, bəs erməni işğal edəndə yaxşı idi, Azərbaycan edəndə pis? Kaş imkan olardı sırf bunu yoxlayardıq, görərdiniz beynəlxalq hüquq, BMT necə işləyir. Bu yaxşı-pis, əvəz-əvəz məsələsi deyil. Bu maraqlar, partnyorlar, havadarlar məsələsidir. Azərbaycan Qarabağın işğaldan azad edilməmiş hissəsində gücdən istifadə edə bilər? Əslində, bəli deyə bilərik. De-yure öz ərazisidir və buna kimsə qarışa bilməz. Ancaq həmin ərazidə Rusiya sülhməramlıları oturub. Yəni de-fakto bizlik deyil. Yəni, Azərbaycan Rusiya sülhməramlılarını ya tapdayıb, ya da onların xeyir-duası ilə bu addımı atmalı olacaq. Rusiya özü Ermənistanın qulağını çəkəcə biləcəyi halda, buna gedərmi? İnandırıcı deyil. Faktiki olaraq Azərbaycanın hərbi müdaxilə üçün meydanı sərhəd boyu və Laçın dəhlizi ola bilər. Sərhəddəki irəliləyişə dünya da susmağa məcbur qalır. Çünki faktiki olaraq sərhədlər müəyyən edilməyib. Hərənin öz düzü, öz xəritəsi və GPRS-i var. Ona görə də, sərhəd boyu hansısa itkisiz əməliyyatlar həyata keçirib, əsirlər götürüb, daha sonra bundan təzyiq vasitəsi kimi istifadə edə bilər. Laçın dəhlizini bağlamaq, orada oturmaq o qədər də asan deyil. Çünki Rusiya sülhməramlı kimi Qarabağda olmasını Laçın dəhlizinə borcludur.

Başqa bir variant isə, "ulduz görmədən ölməyən ilanı Seyid Əhmədin əli ilə tutmaq”. Bu isə çox vaxt və xərc aparan məsələdir.

Gözlənildiyi və vəd edildiyi kimi, Zəngəzur dəhlizi qısa zamanda həll olunacaq məsələ deyil.

Səxavət Məmməd 
yenicag.az




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az