Üzeyir Cəfərov: "Məhərrəm Əliyevlə hərbçilərin bütün problemlərini müzakirə edəcəyik..."

Üzeyir Cəfərov:

Əziz dostlar! Hörmətli həmkarlar!

Vədələşdiyimiz kimi, bu gün mən Nazirlər Kabineti (NK) ilə əlaqə saxladım və məsul şəxslərdən biri ilə danışdıq. Təhlükəsizlik, müdafiə və səfərbərlik şöbəsinin rəsmisi hörmətli Akif Nurlu ilə geniş söhbət etdik. Söhbət əsnasında məlum oldu ki, Silahlı Qüvvələrin şəxsi heyətinin ərzaq təminatı ilə bağlı lazım olan sənədlər ötən ilin sonlarında Prezident Adminstrasiyasının (PA) müvafiq şöbəsinə təqdim edilib. Akif müəllim bizə məsləhət gördü ki, birbaşa Prezident Aparatına müraciət edək və məsələ ilə maraqlanaq. Bəri başdan deyim ki, Nazirlər Kabineti  ərzaq əvəzinə pul kompensasiyası kimi 128 manat deyil, haradasa 200 (iki yüz) manata qədər maliyyə vəsaitinin ayrılmasını təklif edib. Və yazdıqlarını da konkret rəqəmlərlə hərtərəfli əsaslandırıb.

Qeyd edim ki, fevralın 24-də Nazirlər Kabinetidə qəbulda olacağıq. 10 (on) nəfər dostlarımızı da saat 14-də NK-də qəbula dəvət edirəm. Daha sonra isə biz PA-da hörmətli general-polkovnik Məhərrəm Əliyev ilə görüşə gedəcəyik. İnanıram ki, tez bir zamanda bu və digər məsələlər ilə bağlı SQ şəxsi heyətini narahat edən bütün məsələləri ardıcıl, davamlı şəkildə qaldırıb, onların qanunverici şəkildə həll olunmasına çalışacağıq. 

Zarafat üçün deyim ki, qoy Milli Məclisə seçilməyən hərbçi dostlarımız da bu prosesdə yaxından iştirak etsinlər. Mənə elə gəlir ki, onlar mandatsız da minlərlə, yüz minlərlə insanlarımızın qayğı və problemlərinin həlli üçün əməli işlər görə bilərlər və inşallah görəcəyik.

Təşəkkür edirəm hər birinizə. Sizin bundan əvvəl qaldırdığınız və qaldıracağınız bütün məsələləri kompleks şəkilində mətn şəkilində qaydasına salıb əvvəl Nazirlər Kabinetinə, daha sonra isə PA-na təqdim edəcəyik. Fəal olaq, haqlarımızın təmin olunması üçün sözdə yox, ağıllı, davamlı praktiki, real işləri həyata keçirək. Silahlı Qüvvələrin bütün şəxsi heyətinin- istər xidmətdə olanlar, istərsə də keçmiş dostlarımızın özlərinin, ailə üzvlərinin nüfuzunu qaldırmaq üçün çox işlər görə bilərik və inşallah görəcəyik.

Tanrı Azərbaycanımızı, onun ümid və güvənc yeri olan dəyərli Silahlı Qüvvələrimizi daima qorusun!

Üzeyir Cəfərov
Hərbi ekspert
Ehtiyatda olan polkovnik-leytenant



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az