Xəzər dənizinin sahilində, Abşeron yarımadasında qədim, ecazkar bir şəhər yerləşir. O şəhər ki, tarix boyu “qara qızıl”ı, balığı, kürüsü, zəfəranı və digər təbii sərvətləri ilə bütün dünyanın diqqət mərkəzində olmuşdur.Tarixboyu bura bir tikə çörək üçün pənah gətirənlər də, onun sərvətlərini ələ keçirmək istəyənlər də az olmayıb. Bu səbəbdən də tez-tez silahlı hücumlara, basqınlara məruz qalıb bu şəhər... Müxtəlif vaxtlarda xəyanətlə, məkrlə üz-üzə qalan, dağıdılıb viran qoyulan, lakin heç vaxt əyilməyən, yenilməyən bu şəhər mənim şəhərimdir. Mənim üçün dünyanın ən gözəl diyarı olan doğma Azərbaycanımın paytaxtı olan BAKImdır.
Ölkəmiz müstəqillik əldə etdikdən sonra paytaxtımız daha da abadlaşaraq gözəlləşmişdir. Çoxsaylı müasir yaşayış komplekslərinin, istirahət-əyləncə mərkəzlərinin, müxtəlif təyinatlı ictimai binaların inşa olunması, küçə və parkların yenidənqurularaq abadlaşdırılması və sairə bu kimi digər tədbirlərin görülməsi sayəsində günü-gündən əhəmiyyətli dərəcədə öz simasını dəyişərək inkişaf edən şəhərimiz bu gün artıq dünyanın iri meqopolislərindən birinə çevrilməkdədir. Bunula belə, günü-gündən inkişaf edən, abadlaşaraq gözəlləşən bu böyük şəhərin əldə etdiyi bu uğurlarla yanaşı onun bəzi “kiçik” dərdləri də mövcuddur ki, yazacağım bu məqalələr seriyasında bir vətəndaş kimi bu “kiçik” dərdlərdən söhbət açmağa və bir mütəxəssis kimi onların həll yollarını araşdırmaga çalışacağam...
BAKI – küləkli şəhər, yoxsa...
Adam istənilən bir ölkəyə, şəhərə səfər etdikdə ilk növbədə bu məkanla tanışlığa onu adını və adının mənasını öyrənməklə başlayır. Bəs, biz ölkəmizə gələn xarici qonaqlara paytaxtımızın adının mənası haqda nə söyləyirik? Bakı adının mənasını anlatmaqla onlarda şəhərimiz haqqında doğru təəssürat yarada bilirikmi? Təəssüf ki, yox! Niyə ? Çünki, istər Bakının, istərsə də ölkəmizin digər bəzi məkanlarının adlarının mənasının izahında ciddi yanlışlıqlara yol verilir. Məsələn, hələ sovetlər dövründə kiminsə tərəfindən Bakının adı ilə bağlı qəribə bir nağıl uydurulub. Deyirlər bir fars Bakıya gəlir və başlayır şəhəri gəzməyə. Birdən əsən güclü külək şəhərimizin gözəlliyindən doymamış fars qardaşımızın keyfinə əməlli-başlı soğan doğrayır və o hirslə “badkubə.., badkubə..,” yəni, “küləkli şəhər” deyə ün təpir. Və guya ki, şəhərimizin adı da elə həmin bu “Badkubə” sözündən götürülür. Hə, maraqlı uydurulub... Amma nədənsə, biz kiminsə uydurduğu bu nağılı rellıq kimi qəbul edərək həvəslə övladlarımıza, nəvələrimizə, şəhərimizə gələn qonaq-qaramıza danışırıq. Amma heç düşünmək istəmirik ki, görəsən, hörmətli fars qardaşımız gələnədək bu şəhərin adı yox idi. Yoxsa, bu şəhərin sakinləri yaşadıqları şəhərə ad qoymaq üçün bir farsın gəlişini və kuləyin əsməyini
gözləyirdilər ? Əcaba, birdən bu fars qardaş şəhərimizə gəlməsəydi, yaxud birdən o gələndə külək əsməsəydi, onda nə olacaqdı ? Şəhərimiz adsız qalacaqdı ?.. Bəs , əslində Bakı adının mənası nədir ? Bu söz hardan götürülüb ?
Qədimlərdə Azərbaycanda ODƏR adlı bir türk tayfsı yaşayıb. Bu tayfa ALLAHı BAĞ ata adlandırırdı. Altmış faizi türkmənşəli sözlərdən ibarət olan rus dilindəki BOQ, yəni ALLAH sözünün mənşəyı ODƏR tayfasının dilindəki BAG sözündədir ; BAG, BAQ, BOQ... Elə BAKI adının da mənşəyi BAG sözünə söykənir. BAG sözü BAQ, BAK kimi dəyişikliklərə uğrayaraq sonda BAKI kimi fomalaşmışdır. Mənası isə TANRI şəhəri və ya İLAHİ şəhər deməkdir. Bakının Abşeron yarımadasında yerləşdiyini, yarımadanın neft və qaz yataqları ilə zəngin olması səbəbindən də bu ərazidə həmişə təbii yanar ocaqların movcudlunu və eləcə də yerli əhalinin odu müqəddəs saydığını nəzərə alsaq BAKI adının ALLAH sözünə söykənməsi zənnimcə daha inandırıcı görsənir. Beləliklə, BAKI sözünün mənası Küləkli şəhər yox, İLAHİ şəhər deməkdir.
Ardı var