ABŞ Ərdoğanı 8 il gizli dinləyib
"Bəzi beynəlxalq şirkətlər və xüsusi-xidmət
orqanları baş nazir olduğu dövrdə Rəcəb Tayyib Ərdoğanı 8 il yarım gizli
dinləyiblər. Dinləmə Türkiyənin Baş Polis İdarəsinin İtaliya
firmasından satın aldığı virus proqramı vasitəsilə həyata keçirilib".
Bu açıqlama ilə CHP sədrinin müşaviri Erdal Aksüngər çıxış edib.
Aksüngərin
sözlərinə görə, dinləmə əməliyyatı fasiləsiz olaraq 24 saat davam edib:
`Türk siyasilər ABŞ Milli Təhlükəsizlik Agentliyinin ən çox dinlədiyi
şəxslərin siyahısındadır. Ərdoğanı 2007-ci ildən dinləməyə başlayıblar.
Eyni zamanda, Davudoğlu və «G20» sammitinə qatılan Türkiyə nümayəndə
heyəti də dinlənilib. Türkiyə Baş Polis İdarəsi İtaliyanın «Hacking
Team» firması ilə anlaşaraq casusluq proqramını satın alıb. Bu
anlaşmadan sonra müxalifətdə olan şəxsləri və qurumları izləməyə
başlayıblar. Dinləmələri polis sistemindəki bir qrup həyata keçirib.
Əməliyyat başa çatandan sonra topladıqları məlumatları da götürərək
gediblər.
Xüsusən,
17-25 dekabr «böyük rüşvət əməliyyatından» sonra polisdəki bütün yaddaş
sistemi silinib. Bunu idarə yox, kənardan ora sızan bir təşkilat həyata
keçirib. Hazırda əllərində milyonlarla sənəd var. Türkiyənin bütün
gizli dosyeləri oradadır. İtaliya firması da xəbərdarlıq edir ki,
Türkiynin bütün gizli dosyeləri internetə açıq vəziyyətdədir`.
Aksüngər
polis tərəfindən «Baş nazirliyə təqdim olunan PKK hesabatı», «AKP-nin
ələvi açılımı», «AKP Suriyada yaşananların cinayət ortağıdır», «Berkan
Elvan üçün Kitab layihəsi» başlığı altında ayrı-ayrı şəxslərə dosyelər
göndərildiyini və bu yolla virus ötürüldüyünü də bildirib.
Xatırladaq
ki, gizli dinləmə qalmaqalı 2013-cü ildə üzə çıxmış və bundan sonra
Ərdoğanın göstərişi ilə Türkiyənin polis sistemində kütləvi «təmizləmə
əməliyyatı» başlamışdı. Minlərlə polis ya işdən çıxarılmış, ya da xidmət
yeri dəyişidirilmişdi. Qanunsuz dinləmə həyata keçirdiyinə görə xeyli
hüquq-mühafizə əməkdaşı barəsində təhqiqat başladılmışdı. Ərdoğanın,
ailə üzvlərinin, komandasındakı nazirlərin gizli səs yazıları internetdə
yayılandan sonra hökumət bütün bunların Fətullah Gülənin sifarişi ilə
baş verdiyini, məqsədin də Türkiyədə «paralel dövlət» qurmaq olduğunu
bəyan etmişdi ("Azadlıq" qəzeti).