“Adam o yerləri gəzəndə elə bil ki, dərdinin üstünə bir dərd də gəlir...” - Şəhid atası...

“Adam o yerləri gəzəndə elə bil ki, dərdinin üstünə bir dərd də gəlir...” - Şəhid atası...

"Fevralın 5-də Şuşaya getmişdik. Şuşada şəhid olan qonşumuz Taleh Daşdəmirovu da doğum günündə andıq. Şuşa torpağından da gətirdik və oğlum Toğrulun məzarına səpəcəyik. Yolüstü Füzulidən də keçdik və doğulduğum rayonu görəndə dəhşətə gəldim. Ermənilər şəhəri yerlə-yeksan ediblər”
 
Bunu Moderator.az-a açıqlamasında 44 günlük Vətən müharibəsində şəhid olan tarzən Torğul Hacıyevin atası Rüfət Hacıyev deyib. Şəhid atası işğaldan azad edilən əraziləri ürəkağrısıyla ziyarət etdiyini bildirib:
 
"Adam o yerləri gəzəndə elə bil ki, dərdinin üstünə bir dərd də gəlir. Füzuli kimi böyük bir şəhəri elə günə qoyublar ki, sanki orda şəhər yox, adi bir təpə olub. Yenə Şuşada o qədər də dağıntı olmayıb, evlər, küçələr bilinir, amma Füzulidə heç yeri tanımaq mümkün deyil. Biz Şuşada Talehi yad edəndə oğlum Ülvi kamançada ifa etdi. Bir daha şəhidlərimizin qanına boyanmış o torpaqlarda onları andıq”.  
 
Qeyd edək ki, şəhid Toğrul Hacıyevin ailəsi əslən Füzuli rayonundandır. Onlar Füzuli işğal olunandan sonra Bakıda məskunlaşıblar. 1996-cı il dekabrın 24-də isə Toğrul dünyaya gəlib. Toğrul Azərbaycan Milli Konservatoriyasını bitirib. Tar müəllimi kimi işə başlayıb. Daha sonra isə əsgəri xidmətinə yollanıb. Vətən müharibəsi zamanı isə Füzulidə şəhid olub”. 
 
Qeyd edək ki, Toğrul Rüfət oğlu Hacıyev ölümündən sonra ölkə başçısı tərəfindən "Vətən uğrunda” və "Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.
 
Vasif Əlihüseyn


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az