Aprel DÖYÜŞÜNDƏ Rusiya kimi DAYANDIRDI? - Hərbi icmalçı

Aprel DÖYÜŞÜNDƏ Rusiya kimi DAYANDIRDI? - Hərbi icmalçı
Aprelin 2-i bölmələrimiz işini görüb, zatən dayanıb, müdafiəyə keçmişdilər

Hər birimiz istərdik, ordumuz cəbhə boyunca, düşmən müdafiəsinin bütün dərinliyə zərbələr endirib, genişmiqyaslı hücuma keçib, qısa zamanda torpaqlarımızı işğaldan azad etsin. Bu baxımdan "aprel” planını məhdud olduğuna görə tənqid edə bilərik. Ancaq indi buna görə keçirdiyimiz məyyusluqdan yox, real baş verənlərdən danışaq. 

2016-cı il aprelin 2-i MN-i rəsmi məlumatına bir daha diqqət yetirək.

"Cəbhədə vəziyyətlə bağlı son məlumat
2 aprel 2016 il

Aprelin 2-nə keçən gecə və gün ərzində bütün cəbhə boyu möqelərimiz və yaşayış məntəqələrimiz düşmən tərəfindən intensiv atəşə məruz qalıb. Bunun nəticəsində mülki əhali arasında ölən və yaralananlar var.
Bu təxribatın qarşısının alınması, mülki əhalinin təhlükəsizliyinin təmin olunması məqsədilə Silahlı Qüvvələrimizin komandanlığı tərəfindən Ağdərə-Tərtər-Ağdam və Xocavənd-Füzuli istiqamətində cavab tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilib.

Qısa müddətdə həyata keçirilən sürətli əks-həmlə zamanı erməni birləşmələrinin uzun illərdən bəri mühəndis-istehkam baxımından möhkəmləndirdiyi birinci müdafiə xətti cəbhənin bəzi istiqamətlərində yarılıb, strateji əhəmiyyətə malik bir neçə yüksəklik və yaşayış məntəqələri düşməndən tam azad olunub...

...Hazırda həmin yüksəkliklər və yeni müdafiə xətti boyu müvafiq gücləndirmə tədbirləri həyata keçirilir, yeni səngərlər qazılır və mövqelərdə möhkəmləndirmə işləri aparılır.

...Müdafiə Nazirliyi bildirir ki, atəşkəs rejimi haqqında razılaşmanın Ermənistan tərəfindən pozulması təkrarən baş verərsə düşmənə vurulacaq zərbələr daha ağır və sarsıdıcı olacaqdır."

MN-nin məlumatında əməliyatın elan olunmuş məqsədi- düşmən təxribatlarının qarşısını almaq və müəyyən yaşayış məntəqələrimizi onun atəşi altından çıxarmaq olmuşdu.

Məlumatdan göründüyü kimi aprelin 2-i səhər ordu bölmələrimiz qarşılarına qoyulan hücum vəzifəsini yerinə yetirib, tutduqları mövqelərdə müdafiəyə keçiblər. 

Artıq aprelin 3-ü isə müdafiə naziri Z.Həsənov tərəfimizdən atəşkəsin bərpa olunmasını bəyan etmişdi. Lakin növbəti günlərdə ermənilər itirdikləri mövqeləri qaytarmaq məqsədilə arası kəsilmədən hücumlar etdilər. Bu zaman biz yeni tutduğumuz mövqeləri və cəbhə boyunca mövqelərimizi gücləndirir, düşmənə cəmləşmə rayonlarında sarsıdıcı artilleriya zərbələri endirir, hücumlarını dəf edir, ordumuzun silahlanmasında olan yeni silahları döyüş şəraitində tətbiq edirdik.

Düşmən öz əkshücumlarında çoxsaylı texnika və canlı qüvvə itkilərinə uğradılıb, itirdiyi mövqeləri qaytara bilməyəcəyinə əmin olandan və Azərbaycanın cəbhə xəttinə iri hücum qüvvələrini çəkdiyini görəndən sonra aprelin 5-i Rusiyanın atəşkəs çağırışlarına razılaşmışdı. Formal baxsaq, Rusiya bizi yox, ermənini dayandırıb, biz aprelin 2-i işimizi görüb, zatən dayanıb, müdafiəyə keçmişdik. 

Böyük müharibə planında belə, ATƏT, BMT və ermənilərin havadarlarının hərbi əməliyatları siyasi-diplomatik yollarla dərhal dayandırmağa çalışacaqları real faktor kimi nəzərə alınmalıdır. Ona görə hərbi plan və əməliyat növü elə hazırlanmalıdır ki, qoşunların əsas döyüş vəzifələrini yerinə yetirməyə vaxtı olsun və hərbi əməliyatların dayandırma anında qoşunlarımız artıq əlverişli mövqelərdə olsunlar ki, dayandırma bizə sərf eləsin.
 
Nazim Bayram
hərbi icmalçı, Qarabağ Qazisi




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az