Araik ifadə verdi?..- Amma kimə və nə ilə bağlı?..
Görəsən, Gəncə şəhərinin raket atəşinə tutulması və s. cinayətləri ilə bağlı nə vaxt ifadə verəcək...
Qarabağ separatçılarının Rusiya hərbi kontingentinin qucağında oturmuş başçısı Araik Arutyunyan Xankəndindəki qondarma rejimin qanunsuz "prokurorluğu” tərəfindən "konstitusiya quruluşunun devrilməsi” işində şahid qismində dindirilib.
Moderator.az xəbər verir ki, separatçı-terrorçu rəhbər bunu özü də "Facebook” səhifəsində təsdiqləyib.
"Şahid olaraq Artsax Prokurorluğunun müstəntiqləri tərəfindən 312-ci (Konstitusiya quruluşunun devrilməsi) maddəsi ilə başlanan cinayət işi üzrə dindirildim. Bu işin vacibliyini nəzərə alaraq, qaldırılan suallar barədə əlimdəki bütün məlumatları bildirdim və məhkəmə prosesində müvafiq qaydada iştirak etməyə hazır olduğumu təsdiqlədim”-deyə Arutyunyan yazıb.
Arutyunyan əlavə edib ki, "ictimai tələbi və 44 günlük müharibə hadisələrinin həqiqi gedişatı və səbəb-nəticə əlaqələrini müəyyənləşdirməyin vacibliyini” nəzərə alaraq, yaxın gələcəkdə səlahiyyətləri çərçivəsində bəzi suallara da cavablarını verəcəkdir.
P.S. Görəsən, İnterpolla aradığımız Araik Gəncə şəhərinin raket atəşinə tutulması və s. cinayətləri ilə bağlı nə vaxt ifadə verəcək?..
Sultan Laçın