
Virtualaz.org qeyd edir ki, Artur Vanetsyanın-Ermənistan hakimiyyətinin rəhbərlərindən birinin Füzuli ərazisindən verdiyi bu sensasion bəyanat heç cür cavabsız qala bilməz. Və rəsmi Bakı bu bəyanatla bağlı təcili qaydada diplomatik, siyasi və hərbi tədbirlər görməlidir.
Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən atıla biləcək mümkün addımlar:
-Xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanın Vyanadakı səfirinə təcili göstəriş verməlidir ki, Artur Vanetsyanın bəyanatı barədə ATƏT-in mənzil-qərargahını, Minsk Qrupunun katibliyini məlumatlandırsın. Habelə ATƏT-in Daimi Şurasında bəyanatla çıxış edərək üzv ölkələrin səfirlərinə Ermənistan rəhbərliyinin bəyanatının Qarabağa dair danışıqlardan imtina etmək mənasını verdiyini, münaqişə ətrafındakı situasiyanın sonrakı inkişafına görə məsuliyyətin tamamilə rəsmi Yerevanın üzərinə düşəcəyini izah etsin;
-XİN rəhbərliyi habelə Minsk Qrupunun həmsədri olan dövlətlərin xarici siyasət idarələri ilə təmaslara keçməli, nazirlər səviyyəsində telefon danışıqları aparılmalı və həmsədr diplomatlara, ATƏT-in fəaliyyətdə olan sədrinə Ermənistan rəhbərliyinin sonrakı danışıqları mənasız edən bəyanatları, hərəkətləri barədə Bakının mövqeyini çatdırmalıdır;
-XİN habelə Artur Vanetsyanın bu bəyanatından sonra Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında planlaşdırılan görüşün sual altına düşə biləcəyini, buna görə məsuliyyətin erməni tərəfinin üzərində olduğunu bəyan edə bilər.
Azərbaycan Müdafiə Nazirliyi tərəfindən görülə biləcək mümkün tədbirlər:
-Müdafiə Nazirliyi ləngimədən Ermənistan milli təhlükəsizlik Xidmətinin rəhbərinin bəyanatının münaqişə ətrafında hərbi situasiyanı kəskinləşdirə biləcəyini və buna görə bütün məsuliyyətin rəsmi Yerevanın üzərinə düşəcəyini bəyan edə bilər;
-Bunun ardınca Azərbaycan Silahlı Qüvvələrinin böyük sayda qüvvə cəmləşdirməklə cəbhənin məhz cənub istiqaməti boyu, təmas xəttinə maksimal yaxınlaşdırılmış irimiqyaslı hərbi manevrlərə başlaması düşmənə işğal altındakı ərazilərin bir qarışının da onlara qalmayacağına dair mesaj verə bilərdi;
-Nəhayət Vanetsyanın bu bəyanatından sonra Azərbaycan Silahlı Qüvvələri cəbhə boyu düşmənin hər hansı hərəkətliliyinə, fəallığına dərhal sərt reaksiya verməli, təmas xəttində son aylar müşahidə olunan sakitliyin Ermənistan rəhbərliyini cəsarətləndirməyə deyil, ona münaqişənin nizamlanmasında düzgün mövqe tuta bilmək üçün şans yaratmağa xidmət etdiyini erməni tərəfinə başa salmalıdır.