![]()
- Bildiyiniz kimi, Azərbaycan AŞPA ilə münasibətləri dayandırıb. Buna səbəb isə AŞPA-da Azərbaycan əleyhinə qətnamənin qəbul edilməsidir. Bu qərarla bağlı nə deyə bilərsiniz?
- AŞPA cəzalandırma mərkəzi deyil. Burada sadəcə müəyyən məsələ ilə bağlı fikirlər müzakirə edilə bilər. Bu qurum hər hansı icraedici orqan deyil. Biz hər il assambleyanın yaz sessiyasında fəaliyyət göstərən nümayəndə heyətlərinin işlərinin davam etməsi ilə bağlı protokol qaydasına uyğun səsvermə keçiririk. Bu dəfə Azərbaycanın məsələsi qaldırılarkən, zalda 20-30 nəfər ayağa qalxaraq etiraz etdi. Bildirim ki, bu edilə bilər, Azərbaycandan əvvəl də Almaniya üçün də edilmişdi. Çünki Almaniya seçkilərlə bağlı yanlışlıqlar etmişdi.
Bu dəfə isə belə bir şeyi Azərbaycan üçün də etdilər və 24 saat ərzində qərar verilməsi üçün məsələni komitəyə göndərdilər. Belə məsələnin gündəmə gəlməsi üçün Azərbaycanın günahı da yox idi. Çünki Azərbaycan Rusiya kimi Ukraynanı işğal etməyib və ya İsrail kimi Fələstində qırğınlar törətməyib.
Bəs Azərbaycan nə etmişdi? Onlar bildirirlər ki, Azərbaycan seçkilərlə bağlı beynəlxalq müşahidəçi qismində AŞPA-nı ölkəyə dəvət etməyib. O gün olan iclasda 76 deputat Azərbaycanın əleyhinə səs verdi. Bununla da Azərbaycanın üzvlüyü 1 illiyə dayandırıldı. Biz Türkiyə heyəti olaraq bu qərarın ləğv edilməsi üçün orada idik, amma səsimiz kifayət qədər olmadı.
- AŞPA növbədənkənar prezident seçkilərində beynəlxalq müşahidəçi qismində iştirak etmək üçün Azərbaycandan dəvət almadığını bildirir. Bəs sizcə, seçki prosesini izləmək üçün bu qurum çağırılmalı idimi?
- Bir müstəqil ölkənin seçkiləri özünün daxili məsələsidir. Başqa ölkə və ya qurum buna müdaxilə edə bilməz. Sadəcə, hansısa ölkədə keçirilən seçkilərin daha yaxşı keçməsi üçün fikir irəli sürə bilər. Bildirim ki, Avropa Şurası belə qərarlarla yaxşıya doğru getmir.

- Azərbaycan nümayəndə heyətinin etimadnaməsinin təsdiqlənməməsi ilə bağlı təklifi almaniyalı deputat Frank Şvaben irəli sürüb. Almaniyalı deputatın belə təkliflə çıxış etməsinin səbəbi nə idi?
- O deputatı çox yaxşı tanıyırıq. O, hər zaman türklərə qarşı olub. Ona görə də bu şəxslə bağlı danışmağa gərək yoxdur. Bayaq da qeyd etdiyim kimi, Azərbaycandan öncə Almaniyanın üzvlük məsələsi müzakirə olunmuşdu. Amma tez bir zamanda bu məsələni həll etdilər. Halbuki, Almaniyanın məsələsi daha ağır idi. Görünür, dəyərlər fərqlidir.
- Belə bir məlumat var ki, Azərbaycan hökuməti Avropa Şurasından çıxmağı düşünür. Sizcə, bu qərarın nəticələri necə ola bilər?
- Bu, Azərbaycan dövlətinin müstəqil şəkildə verə biləcəyi qərardır. Qərara doğru və ya yanlış deməyimiz düzgün olmaz. Amma beynəlxalq platformalarda olmaq və orada səs vermək çox vacibdir. Təşkilatlardan çıxmaqla heç nəyə nail olmaq mümkün deyil. Orada fəaliyyət gəstərib, prosesləri izləmək lazımdır. Bu, mənim şəxsi fikrimdir.
- Sizcə, belə bir zamanda Azərbaycanla bağlı məsələnin müzakirə olunmasına səbəb nə idi?
- Fələstində 30 minə yaxın insan həyatını itirib. Bunun hansı millətdən, dindən asılı olmağının fərqi yoxdur. Bəs AŞPA bu məsələ ilə bağlı niyə müzakirə aparmır?
Bir məsələyə diqqət yetirim: hazırda Türkiyədə küçə itləri ilə bağlı böyük narazılıq var. Əhali tərəfindən sahibsiz küçə itləri ilə bağlı çoxlu şikayətlər daxil olur. Düşünün ki, biz onları zərərsizləşdirsək, Avropa qurumları üstümüzə necə basqı edər. Amma Fələstində 30 minə yaxın insan həyatını itirib, onlar it və ya pişik deyil. Belə məsələləri müzakirə etmək əvəzinə, Azərbaycanda seçkilərdə müşahidəçi qismində iştirak etməkdən danışırlar.
- Digər diqqət çəkən məqam Türkiyə nümayəndə heyətindən olan HDP-li deputatın Azərbaycana qarşı səsverməsi idi. Bununla bağlı nə deyə bilərsiniz?
- Onlar hər zaman elə olublar. Biz şəxsən onlardan xeyir gözləmirdik, siz nəyi gözləyirdiniz? Onlar sadəcə özlərinə yaraşanı edirlər.
- Azərbaycan əleyhinə qərar çıxanda digər ölkələrin nümayəndələri ilə hansısa danışıqlar apardınızmı?
- Səsvermədə 76 deputat sənədin lehinə səs verdi, amma əksəriyyət bu qətnamənin qəbul olunmasına pis olmuşdu. Bütün iclaslarda deputatlar bildirirdilər ki, bu qərar necə verildi? Azərbaycan bunu layiq deyildi, məsələni necə həll etmək olar və s...