Aydın Canıyev: "Vilayət Eyvazov İlham Əliyevin qoruyucu mələyidir"

Aydın Canıyev:
 
Azərbaycanın Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun dünən doğum günü idi.

Dünən 52 yaşı tamam olan daxili işlər naziri general-polkovnik V.Eyvazovu sosial şəbəkələrdə təbrik edənlərin sayı çox olsa da,  ən maraqlısı  tanınmış müstəqli jurnalist Aydın Canıyevin status-təbriki oldu. Diqqətimizi çəkən fb status-təbriki İXTİSARLA (və həm də müəllifdən icazəsiz) Miq.Az-ın oxucularının diqqətinə çatdırırıq:


"17 ildir İlham Əliyevi onun qorxusundan devirə bilmirlər! Nə təhər xalqqarışıq müxalifət liderlərinin gözlərinin odunu alıbsa, "mıqq" edə bilmirlər! Daxili İşlər Naziri belə olar da! Yoxsa ki, Abdulla Allahverdiyev kimi? Ya Vaqif Novruzov kimi?

İki ay polisdə olan bütün generalların adını çəkdim, yazdım, heç kim məni və ailə üzvlərimi təhqir edən polisi ələ vermək istəmədi, Vilayət Eyvazova çatan kimi, Bakı Şəhər Baş Polis İdarəsinin rəisi və üç əməkdaşı - mayordan polkovnikəcən, DİN-in idarə rəisi (general) və iki polkovniki səfərbər olundu: 12 saatdan sonra hiss elədim ki, mən Azərbaycan vətəndaşıyam və mənim polisim məni qoruyur!

Amma və lakin... küçəyə çıxandan sonra... yenə həmin mənzərə: İlham Əliyev və onun rejiminə qarşı əks addım atan tapdanır! Allah adama elə bil gücü, zəhmi, qüdrəti ona görə verib ki, get, cənab İlham Əliyevin qoruyucu mələyi ol!
                                                      
                                                   "İlham Əliyevi devirmək üçün hədəf Vilayət Eyvazov götürülüb!"

VƏ... doğrudan da, son dövrlərdə polis-xalq qarşıdurması ilə əlaqəli hadisələr sübut edir ki... İlham Əliyevin hakimiyyəti üçün həm hakimiyyət daxilində, həm də kənar qüvvələrdən təhlükə var!
İlk növbədə isə... Əbülfəz Elçibəy hakimiyyətini devirmək üçün İsgəndər Həmidovu zərərsizləşdirdikləri kimi (Yardımlı rayon icra hakimiyyətinin qonaq evində İsgəndər bəyin istefasını eşidəndə şahid yanında (Fikrət Şahbazov, Rəfael Eminov və başqaları) demişəm: Əbülfəz Elçibəy öz vuran qolunu kəsdi atdı İsgəndər bəyin istefasını qəbul etməklə!), indi də... İlham Əliyevi devirmək üçün hədəf Vilayət Eyvazov götürülüb!

Onun istefasının nəticəsi yaxşı olarmı, pis olarmı, deyə bilmərəm!

ŞEVARDNADZE SSRİ xarici işlər naziri vəzifəsindən istefa verərkən... belə demişdi: "hadisələr diplomatiyanı qabaqlayır!"

Ayaz Mütəllibov istefa öncəsi az qala yalvarmışdı ki, gəlin, hakimiyyəti bölüşək, tələsməyin...

İndi də... İlham Əliyev "islahatlara hazıram" deyə-deyə qalıb!

Mən Vilayət Eyvazovun ad günündə ona Napoleonun daxili işlər naziri Fuşenin sözünü xatırlatmaq istəyirəm:

- Ən qorxulu inqilab gözlənilməyən inqilabdır!

Düzdür, əmin deyiləm ki, cənab nazir Vilayət Eyvazov haçansa Fuşedən oxuyub, amma dediyim odur ki:
                                                               
                      "İlham Əliyevin tək və yeganə müttəfiqi Vilayət Eyvazovdur"

Bu gün Prezident İlham Əliyevin xalq tərəfindən devrilməsinin qabağında qalan tək və yeganə müttəfiq Vilayət Eyvazovdur (həmin polis həm Vəzirovun, həm Mütəllibovun, həm də Əbülfəz Elçibəyin vaxtında da var idi! sadəcə... nazir Vilayət Eyvazov deyildi!)! Qalanları çoxdan "anlaşıb", İlham Əliyevi qurban verməklə hakimiyyətin əldən-ələ keçməsinə - səfirlərlə, müxalif partiya sədrləriylə, onlara hətta "dolya" verən məmurlar da var istefaya göndərilmişlərlə birgə!

Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovu BU ad günündə hələ ki... yalnız bu uğuruna görə təbrik etmək olar! Və Azərbaycanın siyasi mübarizə tarixində müxalifətin demokratiya uğrunda 17 illik mücadiləsini sıfırlayan ən güclü dövlət adamı olaraq... hamısının adını silmiş biri kimi zaman-zaman xatırlanacaq!

Cənab naziri bu xidmətlərinə görə açıq-aşkar təbrik edən varmı KOMANDAdan?

Ayrı-ayrı fərdlərin fb-də təbrikləri məqsədli və hər hansı işbirliyinə, dəstəyə görədir - anlayırıq!

Ürəkdən təbrik edən neçə nəfər var?

Budur bu ölkənin durumu!

Nə qədər faciəli olduğunu anlata bildimmi?

Mən hələ ki... Vilayət Eyvazovun qorxusundan küçələrimizdə qan tökülmədiyinə, hələ "kakoy-nibud" yunsatana qiyama qalxmağa cəsarət etməyə, hakimiyyətin... mənşəyi bəlli olmayanların əlinə keçməsinə, qaragüruhun "samosud" etməyə İMKAN VERMƏDİYİNƏ, İlham Əliyevə qarşı olmayan hər kəsi qoruduğuna görə səmimi təbrik edirəm!

İsa bəy Qəmbərin gözəl bir sözü vardı 31 dekabr 1992-ci ildə Nemət Pənahlı həbs ediləndə: "Dövlət öz gücünü göstərməlidir!"

Mən Vilayət Eyvazova ad günündə arzu edirəm ki, İlham Əliyevə qarşı olanları tapdatdığı kimi, bir gün də ermənilərin tapdanmasına səfərbər etsin polisimizi! Onun adı xalqına qarşı işgəncələrdə yox, xalqının torpaqlarını işğal edənlərə qarşı qələbə qazanılmasında hallansın! Onun o günə qədər Azərbaycan dövlətini, dövlətçiliyini qoruması yolunda bütün günahlarını bağışlamaq olar onda!

Təəssüf ki, bu arzuma cənab Nazirin əməl etməsi də, çatması da çox müşkül məsələdir!

Faciə həm də budur - ermənini haracan istəsə qova biləcək gücdə və qüdrətdə olan Azərbaycan polisinə o əmri verən yoxdur, o əmri verə biləni qoymurlar o əmri verməyə!

Nazir olasan və xalqın üçün edə biləcəyini etməyəsən, edə bilməyəsən...

Və ad gününü belə... keçirə bilməyəsən (elə ad günü keçirmək ad günü keçirmək deyil ki)!

Bəlkə... təsəlli ola yazdım: təbriklər, cənab Nazir!

Xalqla birlikdə olmağınız diləyiylə..."

Aydın Canıyev

********

 
Redaksiyadan: Vilayət Süleyman oğlu Eyvazov 1968-ci il 28 iyunda Naxçıvanın Əbrəqunis kəndində anadan olub. 2000-ci ildə Daxili İşlər Nazirliyinin Polis Akademiyasını fərqlənmə diplomu ilə bitirib.

1994-cü ilin noyabr ayından daxili işlər orqanlarında xidmət edir. Fəaliyyətə polis nəfəri kimi başlayıb, cinayət axtarışı qurumlarında müxtəlif vəzifələrdə xidmət edib, Daxili İşlər Nazirliyinin Cinayət Axtarış Baş İdarəsində şöbə rəisinin müavini, 2001-2005-ci illər ərzində Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsinin rəis müavini və rəisi, Daxili İşlər nazirinin birinci müavini vəzifələrində işləyib.

Vilayət Eyvazov 20 iyun 2019-cu ildən Azərbaycan Respublikasının Daxili İşlər naziridir.

2004-cü ildə general-mayor, 2006-cı ildə general-leytenant, 2019-cu ildə general-polkovnik ali hərbi rütbəsi alıb.

2002-ci ildə "Azərbaycan Bayrağı”, 2014-cü ildə 2-ci dərəcəli "Vətənə xidmətə görə", 2018-ci il 1-ci dərəcəli "Vətənə xidmətə görə” ordenləri, 2008-ci ildə "İgidliyə görə” medalı ilə təltif edilib.
 
Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az