Aydın Qaradağlı – 85

Aydın Qaradağlı – 85

İlahi səs sahibinin yubileyidir

Dünyaya gələn hər bir insan çalışır ki, sağlığında özünə əməli ilə abidə ucalda bilsin. İnsan var dünyaya gəlir, dünyadan köçür, izi də qalmır. Heç xatırlamırlar da... Ancaq səsi ilə dünyanı fəth edən, səsinin gücü ilə milyonların qəlbində Böyük Azərbaycan yaradan, Azərbaycanın əzəmətini, möhtəşəmliyini təbliğ edən Aydın Qaradağlı 50 yaşında dünyasını dəyişsə də, ölümündən 35 il ötsə də, hər zaman xatırlanır, anılır. Hər dəfə radio dalğalarında ətri qoxunur. Əbədiyaşar, əfsanəvi səs sahibi, böyük ziyalı, kamil şəxsiyyət Aydın Qaradağlı.

Bu gün oxucularımızda nostalji duyğular yaratmaq, onları ötənlərə aparmaq, bir sözlə duyğularını duyğulandırmaq istədik. Axı bugünki qəhrəmanım uzun illər Azərbaycan radiosunda hər birimizin qəlbində duyğu dənizi yaradıb. Bizi bu dənizin sahillərinə apararaq möhtəşəm Azərbaycanı seyr etməyə çağırıb. Təəssüflər olsun ki, bu gün o, arzuladığı müstəqil, İlhamlı Azərbaycanı görə bilmədi. Bizi tez tərk etdi. Ancaq azad, müstəqil Azərbaycanın hər bir vətəndaşı Aydın Qaradağlını sevir, onunla qürur duyur, fəxr edir. Axı uzun illər onun əzəmətli səsində Azərbaycan dünyaya səs saldı. Səsi ilə Azərbaycanı tanımayanlara Azərbaycanı tanıtdı.

Azərbaycan radiosu deyiləndə yadımıza düşən ilk səs sahibi radiomuzun “Qızıl səsli” diktoru Aydın Qaradağlı olur. Azərbaycan radiosunun əvəzolunmaz diktoru, Azərbaycan radio tarixində öz sözünü demiş əməkdar artist Aydın Qaradağlı 35 ildir ki, sıramızda yoxdur.


Azərbaycanda peşəkar diktorluq məktəbinin yaradıcısı, ürəklərə nüfuz edən, aydın, təmiz, cilalanmış, məlahətli səs sahibi, Həsənəliağa xan Qaradağskinin nəvəsi, əfsanəvi Azərbaycan diktoru, əməkdar atisti Aydın Çingiz oğlu Qaradağlının 85 yaşı tamam olur. Aydın Qaradağlı 20 avqust 1929-cu ildə anadan olub. 1945-ci ildə Azərbaycan Dövlət Dəniz Akademiyasını bitirib. 1946-cı ilin dekabr ayının 18-dən Radiolaşdırma və Radio Verilişləri Komitəsi Radioinformasiya Komitəsinin, 1954-cü ildən Mədəniyyət Nazirliyinin Radioinformasiya İdarəsinin, 1957-ci ildən Azərbaycan SSR Nazirlər Soveti yanında Radio və Televiziya Verilişləri Komitəsinin, 1970-ci ildən Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Radio və Televiziya Verilişləri Komitəsinin diktoru işləmişdir. O, 1948-ci ildə Mirzə Fətəli Axundov adına Azərbaycan Dövlət Teatr Məktəbini (aktyorluq ixtisası üzrə) bitirib. 1949-cu ildə isə Moskvada ümumittifaq diktorluq kurslarını uğurla başa vurub. 1951-ci ildə Gürcüstan, 1952-1954-cü illərdə Rumıniyada sovet ordusunda xidmət edib. Eyni zamanda 1961-1966-cı illərdə M.A.Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunda təhsilini davam etdirib.

17 yaşında diktor olmuş Aydın Qaradağlı uzun ömür yaşamasa da, Azərbaycan mədəniyyətində səsinin rolu olduqca böyükdür. Onun səsi Azərbaycan mədəniyyətinin, şeir və hekayələrin, ədəbiyyatın, təbliğat və təşviqat carçısı simvoluna çevrilmişdi. Aydın Qaradağlı istər rəsmi mövzuları, istərsə də bədii əsərləri dinləyicilərə böyük məharətlə çatdırırdı. İşində Kazım Ziya aktyor məktəbini nitq sənəti ilə özünəməxsus ustalıqla vəhdətləndirən Aydın Qaradağlı diktor peşəsini incəsənət zirvəsinə qaldıra bilmişdır.

Görkəmli sənətkar, sadə insan həm iş yoldaşları, həm də xalqın böyük hörmət və məhəbbətini qazanmışdır. Hazırda respublikada tanınmış diktorların əksəriyyəti məhz Aydın Qaradağlı diktor məktəbindən bəhrələnmişdir. Bu gün də Aydın Qaradağlı fenomeni diktorlarımız tərəfindən araşdırılıb işlərində tətbiq olunmaqdadır. Ulu öndərimiz Heydər Əliyev haqqında hazırlanan verilişlər, ölkə rəhbərinin görüşləri, səfərləri, imzaladığı fərmanlar məhz Aydın Qaradağlının əfsanəvi səsində radio dinləyicilərinə çatdırılıb. Səsi, şəxsiyyəti ölkə rəhbəri Heydər Əliyev tərəfindən bəyənilən Aydın Qaradağlı məhz ulu öndərin qayğısı sayəsində diktorlar arasında ilk dəfə olaraq “əməkdar artist” fəxri adına layiq görülür. Aydın müəllimin əməyinə Heydər Əliyevin verdiyi qiymət digər diktorlarımıza da stimul verdi. Hətta Heydər Əliyevin göstərişi ilə onun çıxışları efirə yalnız Aydın Qaradağlının səsi ilə verilirdi. Bu, ölkə başçısının radio diktoruna olan inamı və səsinə olan heyranlığından doğurdu. Bənzərsiz diktorumuz Heydər Əliyevin çıxışlarını dinləyicilərə xüsusi məharətlə çatdırırdı. Həyəcan nə qədər çox olsa da, məsuliyyət ondan da artıq idi. Onun işinə bu qədər məsuliyyətli olması əldə olunan nəticənin keyfiyyətinə gətirib çıxarırdı. O, hər mövzuya müraciət edə biliridi. Səs imkanları geniş olduğundan, hər sahədəki uğurlar Aydın müəllimin səsində xalqa çatdırılırdı. Elə ona görədir ki, Aydın Qaradağlı xalqımızın yaddaşından heç zaman çıxmır.

Aydın Qaradağlı radiomuzun əvəzolunmaz diktoru, əməkdar artist Gültəkin Cabbarlı ilə ailə həyatı qurmuşdu. Övladları Xanım, Aygül, Vüqar Qaradağlılar bu gün cəmiyyətimizda öz layiqli yerlərini tutublar və Qaradağlı soyadını şərəflə daşıyırlar. Çox sevindirici haldır ki, bu gün gənc Aydın və Gültəkin Qaradağlılar da cəmiyyətimizə layiqli töhvələr verirlər. Deməli nəsillər-nəsillərə, fəsillər- fəsillərə ötürülür, həyat estafeti uğurla davam edir.

Azərbaycan radiosunun "Qızıl fond"unda Aydın Qaradağlının ifasında dünya klassiklərinin, o cümlədən, Nizami, Füzuli, sNatəvan, Cəfər Cabbarlı, Məhəmmədhüseyn Şəhriyarın və digər klassiklərinin, habelə Səməd Vurğun, Süleyman Rüstəm,Rəsul Rza, Hüseyn Arifin əsərlərinin səs yazması qorunub saxlanılır. 1980-ci ilin 28 yanvar tarixində dünyasını dəyişib.

Səsi radiomuzun “Qızıl fondu”nda qorunan Aydın Qaradağlının yoxluğuna dözmək olmur. Təəssüflər olsun ki, bu gün radiolarımızda, televiziyalarımızda Aydın Qaradağlılar yetişmir. Təəssüflər olsun ki, təsadüfən diktorluq sənətinə gələnlərin sayı çoxalır. Ona görə də bu gün biz əsl səslərin ehtiyacını yaşayırıq. Əbədiyaşar səsin əbədiyaşar ömrün kimi hər zaman yaşayacaq, Aydın müəllim. Ruhun şad olsun. Əbədiyaşar ömrünün 85-ci baharı mübarək! Bu səs Tanrı dərgahına ucalan ilahi səs idi. İlahi səs sahibi, 85 yaşın mübarək!

Vüqar Əhməd – filologiya elmləri doktoru, professor

Alim Nəbioğlu – Jurnalist-publisist

Vətəninfo.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az