Azan səsi - “Zəfər Zənguləsi”- Nüşabə Məmmədli

 Azan səsi - “Zəfər Zənguləsi”- Nüşabə Məmmədli

2003-cü ildə Nüşabə Məmmədli Azərbaycan qadınının əsirlik həyatından bəhs edən  "Zəngulə”adlı möhtəşəm bir roman yazdı. Yeni nəşrdən çıxan "Zəfər Zənguləsi” romanını Nüşabə Məmmədlinin "Zəngulə” romanının davamı hesab etmək olar. "Zəngulə” romanı ilə Nüşabə Məmmədli  Dünyaya bir haray, bir çağırış edir, zülmə qarşı bəşəriyyəti birliyə çağırırdi. "Zəngulə” romanı elindən, obasından didərgin düşmüş bir ananın fəryadı, çağırışıdırsa, "Zəfər Zənguləsi” bu fəryada Azərbaycan əsgərinin əks sədasıdır. "Zəngulə” romanı ilə yazıçı dünyaya haqqa gəlin, ey insanlar, yoxsa dünya məhv olar deyirsə, "Zəfər Zənguləsi” ilə haqq da mənddədir, ədalət də məndədir. Əgər dünya ədalətsizliyə göz yumub nahaqqın yanındadırsa, haqqı bərpa etməyə, ədaləti ən azından öz rejionumda bərpa etməyə qüvvə də məndədir, güc də məndədir. Buna mənim xalqımın, ordumun, dövlətimin, ölkə rəhbərinin gücü də, iradəsi də kifayət qədərdir. 

Mən həmişə demişəm, təkcə haqlı olmaq kifayət deyil, haqlı ola bilərsən, amma zəif olsan, haqlı da olsan, əziləcəksən. Necə ki, illərlə biz haqlı olduğumuzu, işğala məruz qaldığımızı, xalqımızın yurd yuvalarından didərgin düşdüyünü ikilistandartlı dünyaya qəbul etdirə bilmədik, amma gücümüzü göstərdikdə, dünya haqlı olduğumuzu qəbul etmək məcburiyyətində qaldı. Nüşabə Məmmədli, ordumuzun döyüş meydanında göstərdiyi qüdrəti, "Zəfər Zənguləsi” kitabı ilə ədəbiyyatda göstərdi. Nüşabə Məmmədli, əsgər və zabitlərimizin qarış-qarış, addım-addım getdiyi yolları, qani bahasına, canı bahasına işğaldan azad etdiyi torpaqlarımızı birər-birər gəzdi, döyüşən ordu ilə bir addımladı, yaralanan, şəhid olan əsgərin acısını onlarla bərabər yaşadı.

 Müharibə mövzusunda yazmaq hər adamın işi deyil, xüsusilə qadın üçün bu mövzuda yazmaq daha çətindir. Ona görə ki, qadın zərifdir, ona görə ki, qadın ürəyiyumşaqdır. Bu acılara dözmək, bu acıları yaşamaq zərif, ürəyiyumşaq qadın üçün dözülməzdir. Döyüş zamanı baş verən hadisələri təsvir etmək, o hadisələri hiss etmək, duymaq, yenidən yaşamaq deməkdir. Nüşabə Məmmədli, "Zəfər Zənguləsi”ni yazarkən, nəinki bu hissləri yaşadı. Əlinə silah alıb əsgərlə bərabər səngərə girdi, döyüş meydanında Allahu Əkbər deyə düşmənin üzərinə yürüdü.

 Yazı prosesi zamanı Nüşabə Xanım əsərin aurasına o qədər aludə olmuşdu ki, zaman və məkan anlayışını itirmişdi. Yazı prosesi zamanı tez-tez mənə zəng edər, uzun-uzadı məsləhətləşərdik. Amma zəng edərkən, gecənin hansı vədəsi olmasının fərqində belə deyildi. Çünki, onun üçün zaman döyüş meydanında olan əsgərin saatına qurulmuşdu. Və əgər əsgər, necə ki, manevr etməkdə yubanmamalı, dəstək verməkdə gecikməməli, hücuma kecmək, yaxud geri  çəkilmək lazım olduqda, zaman itirməməlidirsə, Nüşabə xanım da öz düşüncə və qabiliyyətini, fiziki və əqli imkanlarını elə səfərbər etmiş və bu prosesdə ona dəstək ola biləcək bütün dostlarını da səfərbər etmişdi.

Yazıçı, publisist, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü olan Nüşabə Xanım Məhəmmədəli qızı Məmmədli eyni zamanda "Azərbaycan Yazıçı Qadınlar Cəmiyyəti" İctimai Birliyinin sədri, "Yazıçı qadınlar" jurnalının təsisçisi və baş redaktorudur. Ondan artıq kitab müəllifi olan Xanım yazarımız 

"Yaddaş" milli mükafatı (2005), "Xan qızı Natəvan" media mükafatı (2005), "Sərvət və Səxavət" mükafatı (2007), "Rəsul Rza" adına Beynəlxalq ədəbi mükafat (2007),"Billur qələm" mükafatı (2007), "İlin ən çox oxunan və sevilən yazıçısı" diplomu (2011), "Səməd Vurğun" mükafatı (2011) laureatıdır və Azərbaycanda 2005-ci ilin kitabı seçilən "Zəngulə” romanına görə Rusiya Federasiyasının Yazıçılar İttifaqı tərəfindən milli ədəbiyyatımıza verdiyi samballı töhfəyə görə Qavril Romanoviç Derjavin adına ordenlə təltif edilib.

 "Zəfər Zənguləsi”ni Nüşabə xanım İkinci Qarabağ Müharibəsindəki qələbəmizdən ruhlanaraq yazıb.

Əsər XTQ mənsubu, Şəhid baş leytenant, "Şuşanın azad olunmasına görə",  " Xocavəndin azad olunmasına görə", "Kəlbəcərin  azad olunmasına görə", " Vətən uğrunda", "Şücaətə görə" medalları  və "Azərbaycan bayrağı" ordeni  ilə təltif edilmiş Yaqublu Əliqismət Mükafat oğlunun qəhrəmanlıqlarla dolu döyüş yoluna həsr olunub və

İkinci Qarabağ Müharibəsi və müharıbəbədən sonrakı antiterror əməliyyatları zamanı rəşadətli Azərbaycan ordusunun keçdiyi döyüş yolunu canlı şəkildə əks etdirir. Oxunaqlıdır, hər kəsin asanlıqla başa düşə biləcəyi qədər sadədir. Oxuyarkən, hadisələr təsəvvürdə canlı şəkildə əksini tapa biləcək və oxucunu axarına alıb apara biləcək formatda yazılıb. Əsər daha sadə, oxunaqlı olması üçün hissələrə bölünüb. Hətta bəzi hissələr, romandan çıxarılaraq müəyyən ədəbi janrın tələblərinə cavab verə biləcək müstəqil bir əsər formatında təqdim oluna bilər. Məsələn, "Qanlı döyüşlər salnaməsi”, "Əsirlik həyatı”, "Can bazarı”, və.sair bölmələr haqqında özünün süjet xətti olan tam bir əsər kimi danışmaq olar. Əsərin, diqqəti cəlb edə biləcək daha bir önəmi, onun təkcə bu günkü hərbi-siyasi proseslər deyil, tarixı hadisələrlə də zənginləşdirilməsidir. Müəllif, qəhrəmanlarının xatirəsində, zaman-zaman tarixə ekskurs edərək Qarabağ probleminin kökü və bu problemlər başladıqdan sonra, mənfur qonşularımızın hər iki xalqın, həm Azərbaycan türklərinin, həm də özlərinin taleyinə vurduğu zərbələri ustalıqla bədiiləşdirə bilib. 

44 günlük vətən müharibəsi-qəhrəmanlıq salnaməsi.- Bu əsərin ilk bölməsidir. Nüşabə Məmmədli İkinci Qarabağ Müharibəsini Vətən Müharibəsi kimi təqdim etməklə xalqımızın ordumuzun, dövlətimizin və ali baş komandanın arxasında bir yumruq kimi birləşə bildiyini və Vətən çağırarsa, hər kəsin hər şeyi qurban verməyə hazır olduğunu bir daha bədii dillə nümayiş etdirdi. Ordumuz əks-hücum əmri alıb. Əsgər, hər şeyi göz önünə alaraq işğal olunmuş torpaqlarımızda addım-addım irəli gedir. Şəhid verir, qan tökür, can alır. Bəli, artıq, özünü döyüşün içərisində görür, əsgərin həyəcanını yaşayır, ağrısını duyur, acısını hiss edirsən. Hətta, təəssüflənirsən, təəssüflənirsən ki, niyə mən də əsgərimin yanında deyil, niyə mən də bu şərəfli hadisələrin içərisində deyiləm. Baxın, budur əsl vətənpərvərlik, budur qələmin silaha çevrildiyi an. Fərq etməz, bu qələmi, qadın çevirsin, yoxsa kişi, bu qələm sevgidən, vətənə sədaqətdən, dövlətə, millətə sevgidən yoğrulub. Bu qələmi bu qədər məharətlə Nüşabə Məmmədli silaha çevirə bilib. 

Yeriyən ağaclar.- Bu kitabın ikinci bölməsidir. Bu hissədə əks-hücuma keçən əsgərlərimiz düşmənin daha bir hiyləsi ilə üz-üzə gəlir. Düşmən ağac budaqları ilə maskalanaraq və təbii olsun, əsgərlərimizi inandırsınlar deyə süni külək şəraiti yaradaraq hücuma keçir. Amma təcrübəli və cəsur komandir Əliqismət Yaqublu düşmənin hiyləsinin üstünü açaraq manevr etməklə əks zərbə endirir. Və düşmən məhv edilir. Burada isə düşmənin daha bir vəhşi siması, insanlığa sığmayan qəddarlığı aşkar olunur. Belə ki, ordumuzun əks-hücumu nəticəsində geri çəkilıən düşmən illər əvvəl əsir götürdükləri azərbaycanlıları qazdıqları bir quyuya ataraq ustlərinə ağır texnikanı aşırtmış, üzərlərinə benzin səpərək od vurmuşdular.

Əsirlik həyatı. - Bölməsində isə Nüşabə Xanım düşmənin ölümə tərk etdikləri əsirlərin əsirlik həyatlarından, ermənilərin onlara etdikləri zülmdən, işgəncədən bəhs edir. Bütün iş-gəncələrə mətanətlə dözüm göstərən azərbaycanlı əsirlərin orqanlarının əməliyyat edilərək götürülməsindən və orqan alveri ilə ermənilərin milyonlar qazanmasından söhbət açır.

Baş tutmayan erməni təxribatı. – bölməsində yazar məharətlə ötən əsrin əvvəllərinə ekskurs edir və erməni daşnaqlarının tarixən xalqımızın başına gətirdiyi faciələrdən danışır. Və bu bölmədə: - İllərlə erməni əsirliyində olan azərbaycanlı qadınlardan dünyaya gələn üşaqların Azərbaycana qarşı döyüşə göndərilmələri və Azərbaycanı onlara düşmən qismində tanıtmaları kimi dəhşətli bir faktın üstü açılır. Məlum olur ki, Azərbaycan əsgərinin döyüş meydanında öldürdüyü bir çox erməni əsgərinin damarlarından türk qanı axırmış. Bunu isə ermənilərdən başqa heç kim bilmirmiş.  

Qanlı döyüşlər salnaməsi. – Bölməsində əks-hücum əməliyyatları davam edir və yenidən Azərbaycan əsgərinin vətənə sonsuz məhəbbətini, döyüş əzmini, xüsusi təyinatlıların məharətlərinin şahidi oluruq. Bu bölmədə xüsusi təyinatlıların Şuşa qalası uğrunda qəhrəmancasına döyüşdüklərini və nəhayət, qanları bahasına Şuşanı işğaldan azad etmələrini canlı şəkildə görə bilirik. Əsərin qəhrəmanı, Xüsusi Təyinatlı Qüvvələrin baş leytenantı Əliqismət Yaqublunun, onunla bərabər qələbənin bir addımlığında qəhrəmancasına şəhadətə yüksələn İntiqam və digər şəhidlərimizin təəssüfünü çəkirik. Əliqismətin son nəfəsində "Təki vətən sağ olsun” deyə əbədi olaraq gözlərini yummasının acısını yaşayırıq. Və, nəhayət, Şuşa məscidinin üzərində 28 ildən sonra baş gizir Yaşar Hüseynovun oxuduğu azan səsini – Zəfər Zənguləsini eşidirik. Bu bölməni əsərin kulminasiya nöqtəsi hesab etmək olar. Bundan sonrakı bölmələr isə müharibədən sonrakı hərbi, siyasi prosesləri, zəfər paradını, antiterror əməlyyatını əhatə edir. Və, reallıqda olduğu kimi, kitab da Azərbaycan xalqının, Azərbaycan ordusunun qələbəsi və ərazibütövlüyümüzün tam təmin olunması ilə bitir.

 Nüşabə xanımı təbrik edir, müdrik yazıçımıza can sağlığı, yaradıcılıq uğurları diləyirəm.  

Etibar Muradxanlı


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az