Azərbaycan Avropa Şurası gərginliyi - ŞVABENİN TƏNQİDİNƏ YAP-dan REAKSİYA

Azərbaycan Avropa Şurası gərginliyi - ŞVABENİN TƏNQİDİNƏ YAP-dan REAKSİYA
Avropa Şurası Parlament Assambleyasının Almaniyadan olan deputatı Frank Şvabe Azərbaycanı növbəti dəfə tənqid edib.

Gununsesi.info-nun xəbərinə görə, almaniyalı deputat Azərbaycanın deputat qrupunun AŞ PA-da mandatının təsdiq edilməməsini haqlı qərar kimi qiymətləndirib.

O, bu fikirlərini onunla əsaslandırıb ki, Azərbaycan AŞ PA həmməruzəçilərini ölkəyə buraxmır, seçkilərdə müşahidəyə dəvət etmir, qurum qarşısında üzərində götürdüyü öhdəliklərdən açıq-aşkar imtina edir.

Şvabe, həmçinin ölkədə çoxsaylı siyasi məhbuslara da diqqət çəkərək, hökumətin onları azad etməli olduğunu vurğulayıb.

 

Milli Məclisin üzvü Naqif Həmzəyev isə  Gununsesi.info-ya deyir ki, Şvabenin söylədikləri həqiqəti əks etdirmir: "Azərbaycan Avropa Şurasının üzvü olduqdan sonra qarşılıqlı fəaliyyət nəticəsində səmərəli işlər həyata keçirilib. Mən yaxşı xatırlayıram ki, nəinki ölkənin sərhədləri, hətta həbsxanaların qapıları daima AŞ PA rəsmilərinin üzünə açıq olub. Dəfələrlə ölkəmizə səfər ediblər, istədikləri adamlarla görüşüblər. Ancaq sonradan gedib balanslı olmayan, birtərəfli məlumatlara əsaslanan hesabatlar yazıblar. Bu da təbii ki, Azərbaycan tərəfində haqlı narazılıq yaradır”.

 

Naqif Həmzəyev deyir ki, bizim AŞ PA  ilə münasibətlərin gərginliyində səbəb bu qurumun özüdür: "AŞ PA rəsmiləri artıq etiket qaydalarını pozurlar. Onların bəyanatları heç bir diplomatik çərçivəyə sığmır. Azərbaycan prezidenti, xarici işlər naziri dəfələrlə Avropa Şurasının baş katibi ilə görüşüb. Bu görüşlərdə bütün gərginlik müzakirə edilib. Ancaq bu görüşlərin ardınca, AŞPA rəsmiləri qurumun baş katibinin də mövqeyinə zidd açıqlamalarla gündəmə gəlib. Azərbaycan Avropa Şurasının üzvüdür və bu qurumla münasibətlərdə biz səmimiyik. AŞ PA səmimi olmalı, konstruktiv dialoq üçün mövqe sərgiləməlidir”. 


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az