Azərbaycan ciddi dəyişikliklər astanasında: Konstitusiya dəyişir! - Başqa hansı yeniliklər olacaq?

Azərbaycan ciddi dəyişikliklər astanasında: Konstitusiya dəyişir! - Başqa hansı yeniliklər olacaq?

Milli Məclisin deputatı Zahid Orucun Prezident İlham Əliyevin hakimiyyətə gəlməsinin 20 illiyinə aid yazısında referendumla bağlı mesajlar verməsi sosial şəbəkələrin və mətbuatın əsas mövzusuna keçirilib. 


Uzun müddətdir ki, bu barədə anonsların verilməsinə baxmayaraq, payız aylarında bu məsələnin daha da qətiləşməsi Azərbaycanın idarəetmə sistemində yeni islahatlara hamilə qalması anlamına gəlir ki, artıq bir çox deputatlar və siyasilər bununla bağlı fikirlərini söyləməkdədir.

İddialara görə, referendumda xalqın rəyinə təqdim ediləcək əsas məsələlərdən biri Naxçıvanın idarəetməsinin dəyişilməsi olacaqsa, digər bir məsələ də icra hakimiyyətlərin ləğvi ola bilər. Eləcə də Milli Məclis deputatlarının sayının artırılması mövzusu da buraya daxildir.  

Təbii ki, referendumun olub-olmayacağı ilə bağlı rəsmi məlumatlar olmasa da, siyasilərin verdiyi mesajlardan aydın olur ki, hakimiyyət düşərgəsində bununla bağlı məsləhətləşmələr aparılıb və plan cızılıb. Parlamentdə kimlərin olacağı, yeni idarəetmə strukturunun hansı perspektivləri vəd edəcəyi isə hələlik bilinmir. 

Yenisabah.az-la söhbətində Milli Məclisin deputatı, Böyük Quruluş Partiyasının (BQP) sədri Fazil Mustafa deyib ki, Azərbaycanda ciddi Konstitusiya dəyişikliyinə ehtiyac var və bununla bağlı referendum keçirilməlidir. 

Onun sözlərinə görə, Azərbaycan yeni bir situasiyanın içərisindədir, yəni Qarabağ tam işğaldan azad olunub, Naxçıvanda struktur dəyişikliyi həyata keçirilib və s. 

BQP sədri əmindir ki, bu gün hakimiyyət bölgüsü məsələsində anlaşılmazlıq var, idarəetmənin müəyyən problemləri ortaya çıxıb ki, bunların hamısı Konstitusiyada tənzimlənməlidir.

"Hazırkı Konstitusiyada normalar imkan vermədiyinə görə, bunu hansısa inzibati aktla həyata keçirmək mümkün deyil. Ona görə də hökmən referendum olmalıdır. Zahid Orucun bu istiqamətdəki açıqlamaları məntiqli və kifayət qədər də Azərbaycan reallığına uyğun gələn təkliflərdir ki, həmkarım bu təklifləri irəli sürüb”. 

O, hesab edir ki, bu məsələ yaxın zamanlarda aydınlığa qovuşacaq:

"Fikrimcə, önümüzdəki il ciddi Konstitusiya islahatları ili kimi gündəmə gələ bilər”. 


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az