"Azərbaycan nəyin bahasına olursa olsun, o milyoneri Qarabağdan çıxarmalıdır"
"Rusiyanın milyonerlərindən biri, ölkənin ən qeyri-adi sahibkarı, məşhur
fermer German Sterliqovun ailəsi ilə birlikdə Rusiyadan Qarabağa
köçməsi o ölkənin insanlarına məxsus olan eksponsionist təfəkkürün bir
formasıdır”.
Vətəninfo.az xəbər verir ki, bunu modern.az-a açıqlamasında politoloq Qabil
Hüseynli deyib. O hesab edir ki, German Sterliqovun açıqlamalarından
onun Qarabağa müəyyən dairələrin təhriki ilə gəldiyi görünür.
"Düzdür
o özü izah edir ki, Putin rejimi ilə müəyyən problemləri olub. Guya onu
öldürmək istəyiblər və ailəsi üçün təhlükə var. Amma eyni zamanda
qazanc, biznes sahəsində maraqlı fikirlər söyləyir. "Qarabağ mən
fikirləşdim ki, təmiz meyvələr, içkilər, araq üçün ən yaxşı yerdir və
mən burada istehsal edib Rusiyaya göndərəndə onlar ağızlarını silə-silə
bunlardan istifadə edəcəklər” deyir. Belə görünür ki, bu adam biznes
adı ilə, müəyyən dairələrin təhriki ilə Qarabağa gəlib”.
Q.Hüseynlinin
sözlərinə görə, son zamanlar Dağlıq Qarabağdakı separatçı rejimin
lideri Bako Saakyanın hərəkətlərini German Sterliqovun hərəkətləri ilə
müqayisə etsək görərik ki, qondarma "Dağlıq Qarabağ Respublikası”nın
de-yure tanınması istiqamətində beynəlxalq səylər var.
"Tutaq
ki, bu səylərə dövlətlər səviyyəsində ABŞ, Fransa, Böyük Britaniya
qoşulursa, Rusiya bu məsələlərlə ayrı-ayrı şəxsiyyətlər səviyyəsində
qoşulur. Bununla da çox təhlükəli tendensiya əmələ gəlir”.
Politoloq hesab edir ki, Azərbaycan nəyin bahasına olursa olsun, həmin şəxsi Qarabağdan çıxarmalıdır.
"Rusiya
vətəndaşının Azərbaycan dövlətinin icazəsi olmadan Azərbaycan
torpağında yaşaması və biznes fəaliyyəti ilə məşğul olması, geniş torpaq
sahələrini icarəyə götürməsi - bütün bunların hamısı yolverilməzdir”.
German
Sterliqov bu yaxınlarda ailəsi ilə birlikdə Rusiyadan Qarabağa köçüb.
O, həyat yoldaşı və 5 övladı ilə birlikdə Azərbaycanın işğal altındakı
torpaqlarında təsərrüfat işləri ilə məşğul olmağa başlayıb.