"Azərbaycan ordusunun təmas xəttində CƏMLƏŞMƏSİ..." - Müdafiə naziri QORXUYA DÜŞÜB


"Azərbaycan ordusu 5 kilometr irəliləyib”-Türkiyə mətbuatı

Azərbaycan ordusunun Naxçıvan Ümumqoşun birləşməsinin Ermənistanla sərhəd istiqamətində neytral bölgədə mövqelərini irəli çəkməsi və yeni strateji yüksəklikləri tutması barədə Türkiyə qaynaqları da məlumatlar yayır.

Miq.Az xəbər verir ki, Türkiyədə "Yeni Akit” qəzetinin yazdığına görə Azərbaycan ordusu neytral bölgədə 5 kilometr irəliləyib, nəticədə böyük ölçüdə ərazilər ordumuzun nəzarəti altına keçib.

"Sosial mediada yayılan xəbərlərə görə Azərbaycan ordusunun Naxçıvan istiqamətində yeni mövqelər tutması böyük əməliyyatın başlanğıcı ola bilər. Deyilənlərə görə Ermənistan silahlı qüvvələrinin Baş qərargah rəisi Movses Akopyanın vəzifədən azad edilməsi də bu hadisə ilə bağlıdır”-qəzet yazır.

Ərdoğana yaxınlığı ilə tanınan "Yeni Akit” qəzeti Azərbaycan ordusunun Naxçıvanda neytral bölgədə 5 kilometr irəlilədiyini yazaraq qeyd edib ki, ordunun yeni mövqeləri ələ keçirməsi rəsmi təsdiqini tapmasa da təkzib də edilmir. Ümumiyyətlə, nə Azərbaycan, nə də Ermənistan tərəfi baş vermiş bu olaya münasibət bildirmir və ya rəsmi tərəflər xəbəri şərh etmirər.

Ermənistan təşvişdə -"Azərbaycan ordusunun təmas xəttində cəmləşməsi..."


Ermənistanın müdafiə naziri David Tonoyan Azərbaycan ordusunun Naxçıvan Ümumqoşun birləşməsinin mövqelərini irəli çəkərək yeni strateji yüksəkliklərdə möhkəmlənməsinə münasibət bildirib. Miq.Az xəbər verir ki, Tonoyan bu məsələ ilə bağlı günlərdir Ermənistan cəmiyyətində hökm sürən təşvişi yatırmağa çalışıb. Bildirib ki, narahatlıq üçün əsas yoxdur və Ermənistan ordusu sərhədin Naxçıvan istiqamətində "vəziyyətə nəzarət edir”.

"Əslində azərbaycanlılar öz ərazilərində yeni mövqelər yaradıblar”-Tonoyan hökumətin iclasından sonra jurnalistlərə bildirib.

Müdafiə nazirinin sözlərinə görə vəziyyəti "ayıq dəyərləndirmək lazımdır” və Müdafiə Nazirliyi bu situasiyada heç bir problem görmür. Tonoyan Azərbaycan ordusunun mövqelərini irəli çəkməsindən sonra Naxçıvanla sərhədə getməsinə də münasibət bildirib. Deyib ki, məqsədi vəziyyətlə yerində tanış olmaq idi.

Vəziyyətlə əlaqədar KTMT-ni məlumatlandırmağa zərurət yoxdurmu?

Jurnalistlərin "vəziyyətlə əlaqədar KTMT-ni məlumatlandırmağa zərurət yoxdurmu?" sualına Tonoyan bu şəkildə cavab verib. 

"Hazırki məqamda heç bir müdaxiləyə zərurət yoxdur. Mən hesab edirəm ki, vəziyyəti ayıq-sayıq qiymətləndirmək lazımdır, indiki məqamda müdafiə nazirliyi heç bir problem görmür. KTMT-nin cəlb edilməsi məsləsinə ümumiyyətlə ehtiyac yoxdur", - deyə o bildirib. 

"Ermənistan silahlı qüvvələri situasiyaya nəzarət edir. Hesab edirəm ki, ən ciddi narahatlıq Ermənistandakı daxili siyasi vəziyyətlə bağlı Azərbaycan ordusunun təmas xəttində cəmləşməsi ilə bağlı idi”-David Tonoyan deyib.

David Tonoyanın  Azərbaycan ordusunun təmas xəttində cəmləşməsi ilə bağlı işlətdiyi cümlədə dəqiq tarix göstərilməməsi də sual doğurur. Görünür, İrəvandakı çaxnaşmalar zamanı daxili auditoriyanı ələ almaq məqsədi ilə bağlı ortaya atılmış cümlə də ola bilər. O ki qaldı Azərbaycan Ordusunun təmas xəttindəki cəmləşməsi ifadəsinə, bunu ermənilərin təşvişi kimi də başa düşmək olar. Azərbaycan Ordusunun düşməni tam nəzarətdə saxlaması, onlara təxribat törətməyə imkan verməməsi bir daha sübut edir ki, qarşı-qarşıya dayanmış orduların güc müqayisəsində düşmən ölkə artıq gücsüzlüyünü etiraf edir.

İrəvan-Gorus-Qafan-Laçın avtomobil yoluna nəzarət

Daha əvvəl xəbər yayılmışdı ki, düşmənə Şərur rayonunun Günnüt kəndini nəzarətdə saxlamağa imkan verən, dəniz səviyyəsindən 1683 metr hündürlükdə yerləşən Qızılqaya yüksəkliyi ordumuzun bölmələri tərəfindən tutulub. Bu yüksəkliyin ən böyük strateji əhəmiyyəti İrəvan-Gorus-Qafan-Laçın avtomobil yoluna nəzarət etməyə imkan verməsidir.

Günnüt kəndinin ətraf yüksəklikləri 1992-ci il mayın 9-da Ermənistan silahlı bölmələri tərəfindən tutulmuşdu və nəticədə düşmən həmin kəndi atəş altında saxlaya bilirdi. Kənd Azərbaycan və Ermənistan silahlı qüvvələrinin postları arasında neytral zonada qalmışdı. Lakin ordumuzun son əməliyyatından sonra bu kənd atəş altından çıxarılıb.

Rusiya Ermənistandan üz döndərir



Yeri gəlmişkən, Ermənistanın baş naziri Nikol Paşinyanın son təyinatları Moskvada suallar yaradıb. Hətta rus mətbuatında hələ də baş sındırırlar ki, niyə yeni komanda da bu qədər  rusofob var.  Hətta  "Moskva komsomolçusu” nəşri "niyə mülayim Paşinaynın komandasında bu qədər rusofob var?” sualını manşetə çıxarıb.  Bəzi rus saytları isə Paşinyanı hətta Sorosla bağlayaraq,  Soros "erməniyönümlü” baş nazirin gəmisini yönəldir” deyə məqalə də yazıblar. 

Paşinyanın Dağlıq Qarabağla bağlı danışıqlar prosesinin reallığından uzaq və sərt ritorikasını, baş nazir seçilən kimi Qarabağa gedib və qondarma rejimin danışıqlarda tərəf kimi iştirakını önə sürməsi daxili daxili auditoriyaya hesablansa da, Ermənistanın yeni rəhbərliyi üçün kifayət qədər narahat vəziyyət yaradıb. Paşinyanın bütün sərsəm və sərt bəyanatlarını Azərbaycan  sakit qəbul edir.  

Əslində Paşinyanın addımları Ermənistanın əleyhinə işləyir.  Bu yaxınlarda oğlu Aşot Paşinyan Qarabağa hərbi xidmətə yollanacağını açıqladı. Paşinyan bu addımlarla daxili simpatiya əldə etsə də, əslində bununla beynəlxalq səviyyədə Ermənistanın işğalçı olduğunu aydın şəkildə etiraf etdi. Xarici ekspertlər bunu  Paşinyanın xarici siyasətdə  uzağı görməyi bacarmamağı ilə də əlaqələndirilər..

Rusiyalı siyasi şərhçi Mixail Belyayev qeyd edib ki, Bakı diplomatik cəbhədə dözümlülük nümayiş etdirirsə, hərbi vəziyyətdə qaydaları diktə edəcək. Rusiyalı şərhçi buna nümunə kimi Naxçıvan cəbhəsində baş verənləri xatırladıb.

"Paşinyan hələ ki, Moskva ilə münasibətləri korlayacaq qədər mövqelərini möhkəmləndirməyib. Rusiyanın Ermənistana enerji, hərbi və Qarabağ kimi təzyiq rıçaqları var. Lakin Qərblə Rusiyanın qarşıdurmasında İrəvanın mərkəzdənqaçma siyasəti Kreml tərəfindən bağışlanmayacaq. Putin isə daha etibarlı tərəfdaş olan Əliyevə meyil edəcək, nəinki Paşinyana”, - deyə o bildirib.

Qarabağda da inqilab başladı-Bako Saakyan Ermənistanda Serj Sərkisyanın aqibətini yaşaya bilər


Dünən Xankəndində  mülki vətəndaşlarla separatçı rejimin "milli təhlükəsizlik xidməti”nin əməkdaşları arasında olan  kütləvi davaya qondarma rejimin "deputarı” Ayk Xanumyan insidentin məişət xarakterli olduğunu söyləsə də, əslində belə deyil. 

Döyülənlər xəstəxanaya yerləşdirilib. Bundan qəzəblənən ermənilər Xankəndi avtovağzalının yaxınlığındakı meydana toplaşaraq "milli təhlükəsizlik xidmətinin” xüsusi təyinatlılarının cəzalandırılmasını, bu xidmətin ümumiyyətlə ləğv edilməsini tələb ediblər. Toplaşanlar yolu bağlayıblar və saatlarla nəqliyyatın hərəkətini dayandırıblar.

Erməni ekspertlər Facebook-dakı səhifələrində Qarabağda da vəziyyətin dəyişəcəyini yazırlar.  Qeyd olunur ki, Qarabağdakı "hakimiyyətin” başçısı Bako Saakyan Ermənistanda Serj Sərkisyanın aqibətini yaşaya bilər. Səbəb isə Dağlıq Qarabağdakı rejimin hər cür qanunsuzluqlarla məşğul olması göstərilir. Artıq orda da insanlar küçələrə çıxıb, yolları bağlayıblar.

Ərşad ƏHƏDZADƏ

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az