Kitab ictimai sərvətdir və əsas bilik, məlumat mənbəyidir. Lakin texnologiyanın inkişaf etməsi kitaba marağın azalmasına səbəb olub.
Zaman keçdikcə Azərbaycanda kitab oxuyanların sayı azalıb. Bəs bunun səbəbi nədir? Azərbaycanda niyə kitab az oxunur? “Vətəninfo.az” olaraq “Azərbaycanda niyə kitaba maraq azdır?” sualı ilə ədəbi fəaliyyətlə məşğul olan şəxslərə müraciət etdik və çox maraqlı cavablarla aldıq.
İlk sualımız Filologiya elmləri doktoru, professor Bədirxan Əhmədova ünvanlandı. Professor bildirdi ki, bu gün dünyanın hər yerində kitab oxunur və satılır:
“Elə ən az kitab oxunan Türkiyənin özündə belə bu gün yüz minlərlə kitab tirajları var. Ümumiyyətlə isə, əvvəlki dövrə baxanda bu gün doğrudan da kitab az oxunur. Ancaq kitab dedikdə bu gün yalnız kağızda olan kitabları nəzərdə tutmayaq, elektron kitabları və televiziyaları, elektron qəzetləri və hətta Facebook sosial şəbəkəsini də nəzərə almaq lazımdır
Kitabın oxunması bir də məncə xalqın mədəni səviyyəsi və maddi durumu ilə bağlıdır. Maddi durum yaxşı olduqda o mənəvi ehtiyacını ödəyə bilir”.
Bəs görəsən Filologiya elmləri doktoru, professor Tehran Əlişanoğlu bu haqda nə düşünür?
“Mən bu fikirlə razılaşmıram. Kitab oxuyurlar. Sadəcə, sayı bizi qane eləmir. Bu da tədricən, yeni kitab dövrünə girdikcə artacaqdır. Məncə, indi bizdə kim kitab oxuyur, nə oxuyur, nəyi oxuyur? nə oxumaq istəyir? - informasiyalar pərakəndədir. Əvvəlcə, bunu dəqiqləşdirmək gərəkdir. Yeni kitab dövrü dedikdə yeni yaranan kitabları və ona həvəs göstərən gənc oxucuları nəzərdə tuturam. Mən bu barədə nikbinəm. Kitabı təbliğ etmək lazımdır. Yaxşı kitabları ortaya çıxarıb, reklam etmək lazımdır, vəssalam. Elə hey "oxumurlar" deyə şikayət əvəzinə, beş-on kitab oxuyub haqqında yazmaq daha vacibdir. Siz jurnalistlərə də bunu arzu edərdim”.
Gənc şairə Xuraman Hüseynzadənin fikri isə tam fərqli oldu:
“Son zamanlar bunun tam əksini-kitaba marağın artdığını deyə bilərəm. "Qanun" nəşrlər evinin mütəmadi dünya ədəbiyyatı seriyasından kitablar nəşr etməsini, Azərbaycan yazarlarının "Ən yeni ədəbiyyat", tərcümə seriyasından kitablarını işığa çıxarmasını kitaba marağın artmasında böyük rol oynadığını deyə bilərəm. Habelə "Əli və Nino" kitab evinin fəaliyyətini, kitab yarmarkalarının, flaş-mobların təşkilini, müxtəlif ədəbi müsabiqələrin keçirilməsini bu yolda müsbət addım kimi dəyərləndirmək olar. Ümumiyyətlə, kitab oxumaq istəyən hardan olsa kitab alıb oxuyur. Sizin dediyiniz məsələ isə daha çox bu gün virtual aləmə-sosial şəbəkələrə aludəçiliyin, maddi çətinliyin təzahürüdür. Bununla yanaşı, bu gün ötən illərə nisbətən kitaba marağın xeyli artdığı göz önündədir. Və bu, sevindiricidir. Yaxşı olardı ki, internetdə vaxtını mənasız işlərə sərf edənlər ədəbi portallara nəzər yetirsinlər, e-kitablar oxusunlar...”
Gənc yazar Cəlil Cavanşir isə suallımızı belə cavablandırdı:
“Mən yazar olaraq oxucuların kitaba münasibətindən təbii ki, narazıyam. Amma nəzərə almaq lazımdır ki, son dövrlər oxucuların sayı yavaş-yavaş artır. Düşünürəm ki, bu artım davam edəcək . Məncə yaxşı kitablar yazılır. Çünki, ən azından mən oxumaq üçün çox maraqlı və məzmunlu əsərlər tapa bilirəm”
Könül İbrahim