Azərbaycanda universitetlərə qəbul qaydası dəyişdi - ilkdə iki dəfə olacaq
Abituriyent hər sessiyada istədiyi ixtisas qrupu üzrə yalnız bir imtahanda iştirak edə bilər
Nazirlər Kabineti "Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”nda dəyişikliklər edib. Bu barədə Baş nazir Artur Rasi-zadə qərar imzalayıb.
Dövlət İmtahan Mərkəzinin (DİM) təklifinə əsasən edilən dəyişikliklərə görə, orta məktəbi bu il bitirən abituriyentlər ali təhsil müəssisələrinə tələbə qəbulu üzrə müsabiqədə iştirak etmək üçün DİM-in rəsmi internet saytında "Abituriyentin elektron ərizəsi”ni doldurmalı və özləri təsdiq etməlidirlər. Əvvəlki illərin məzunları isə DİM-in rəsmi internet saytında "Abituriyentin elektron ərizəsi”ni dolduraraq təsdiq edilməsi üçün sənədlərlə birlikdə yaradılmış Sənəd Qəbulu Komissiyalarına (bundan sonra – SQK) şəxsən təqdim etməlidirlər.
Bundan əlavə, ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə təhsil almaq istəyən abituriyentlər elektron ərizələrini rəsmiləşdirdikdən sonra DİM tərəfindən mərkəzləşdirilmiş qaydada keçirilən qəbul (V ixtisas qrupunda cari ilin abituriyentləri buraxılış) imtahanında iştirak edəcəklər. İmtahanda topladıqları ümumi balları müsabiqə şərtlərinə uyğun olan abituriyentlər Mərkəzin rəsmi internet saytında seçdikləri xüsusi qabiliyyət tələb edən ixtisasın daxil olduğu komissiya üzrə qeydiyyatdan keçəcəklər.
Qeydiyyatdan keçmiş abituriyent müəyyən edilmiş cədvəl üzrə qabiliyyət imtahanlarında iştirak edəcək. Müvafiq ixtisaslar üzrə müsabiqə və qabiliyyət imtahanlarının keçirilməsi şərtləri ali təhsil müəssisələrinin təklifləri əsasında Mərkəz tərəfindən Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə razılaşdırılmaqla müəyyən ediləcək. Qabiliyyət imtahanının nəticəsi balla, habelə "məqbul” və ya "qeyriməqbul”la qiymətləndiriləcək.
Eyni zamanda, qəbul imtahanları hər tədris ilində iki dəfə – yaz və yay sessiyaları şəklində keçiriləcək. Abituriyent hər sessiyada istədiyi ixtisas qrupu üzrə yalnız bir imtahanda iştirak edə bilər. I-IV ixtisas qrupları üzrə qəbul imtahanında iştirakından asılı olmayaraq, abituriyent V ixtisas qrupu üzrə də imtahanda iştirak edə bilər.
Miq.Az