Tanınmış hüquqşünas Aslan İsmayılov "Azcercell" şirkətinin fəaliyyətindən narazılıq edib.
AFN.az xəbər verir ki, bir ilə yaxındır "Azercell Telekom" MMC-nin qanunsuz olaraq Azərbaycan xalqının cibinə girməsi, onu avam hesab etməsi barədə mübarizə apardığını deyən vəkil bu barədə Azərbaycan Respublikası Baş Prokuroru Zakir Qaralova dəfələrlə müraciət etdiyini, baş verənlərin birbaşa cinayət əməlləri olduğunu sənədlərlə sübut etdiyini, lakin heç bir faydasını görmədiyini qeyd edib: "Buna görə də 29 iyul 2015-ci il tarixdə 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinə müraciət etdim. 20 oktyabr 2015-ci il tarixdə məhkəmə iddiamı qismən də olsa təmin etdi və haqlı olduğumu məhkəmə Qətnaməsi ilə təsdiq etdi.
Nə baş verir? Baş verən odur ki, hər ay sizlərdən xəbərsiz, heç bir əsas olmadan hər birinizdən ayda 10-30 AZN arası pul tutulur. Bunu görmək üçün hər ay sizə gələn izahlı hesab fakturaya fikir versəniz görərsiniz ki, istifadə etdiyiniz Qrupdaxili, Şəbəkədaxili, Beynəlxalq zənglərdən, Rouminq istifadəsindən başqa DİGƏR İSTİFADƏLƏR adı altında pul tutulmaları da var ki, onlardan sizin heç xəbəriniz də yoxdur. Yəqin ki, mənim kimi çoxlarınıza da "Sindbad” və sair adlarla mesajlar gəlir və siz ona heç fikir də vermirsiniz. Əgər fikir versəniz görərsiniz ki, həmin mesajı tıklayan kimi artıq xəbəriniz olmadan sizdən pul tutulur ki, guya siz kiminləsə xidmət müqaviləsi bağlamısınız. Əminəm ki, 99% istifadəçilərin bundan xəbəri yoxdur. Əgər həmin sms-i sonadək oxusanız görərsiniz ki, axıra yaxın diqqət çəkməyən şəkildə yazılıb ki, siz abunəçi oldunuz və gündəlik abunə haqqı 50 qəpikdir. Lap sonda isə yazılıb ki, əgər bu xidmətdən imtina etmək istəyirsinizsə xxx nömrələrə zəng edə bilərsiniz və bunun üçün əlavə olaraq 3 qəpik ödəməlisiniz. Bu da son deyil. Həmin nömrələrə günlərlə zəng edəcəksiniz, bilən kimi ki, müqaviləyə xitam vermək istəyirsiniz telefonun dəstəyini asacaqlar. Həmin müqaviləyə xitam vermək üçün şəxsən özüm günlərlə zəng etsəm də, heç nəyə nail ola bilmədim. Sonda həmin "Sindbad”ın ünvanını axtarıb tapandan sonra "VİZA" Hüquq Firmasının əməkdaşını ora göndərməli oldum. Yalnız bundan sonra müqaviləyə xitam verildi. Bu, sadəcə dələduzluqdur və prokurorluğa göndərdiyim məktubda da buna görə cinayət işinin qaldırılmasını xahiş etmişdim.
Təsəvvür edin ki, 4 milyondan çox abunəçisi olan "Azercell Telekom” MMC 1 milyon abunəçinin nömrələrini "Sindbad” MMC-yə təqdim edir, sonuncu isə həmin 1 milyon abunəçini yuxarıda qeyd olunan qaydada müxtəlif xidmətlərə qoşur. Belə olduğu halda təkcə bir gün ərzində bu növ "xidmət”in müqabilində "Azercell Telekom” MMC ilə "Sindbad” MMC 500.000 AZN qazanmış olur (gündəlik xidmət haqqı 0,50 AZN × 1 mln. abunəçi = 500.000 AZN), üstəgəl əgər həmin 1 mln. abunəçi ayıq düşüb dərhal həmin gün bu xidmətdən imtina etsələr, bu həmin bir gün ərzində cavabdehlərə əlavə 30.000 manat qazandırmış olacaqdır (xidmətdən imtina haqqı 0,03 AZN × 1 mln. abunəçi = 30.000 AZN). Bunun nəticəsidir ki, cavabdeh "Azercell Telekom” MMC-nin hər ay təqdim etdiyi Hesab-Fakturanın "İstifadə haqqı” bölməsinin "Digər istifadələr” bəndində müxtəlif əsassız məbləğlər əks olunaraq abunəçilərdən tələb edilir ki, bu məbləğlər məhz yuxarıda qeyd olunan qanunsuz xidmətlərə görə hesablanır".
A.İsmayılov qeyd edib ki, təkcə ondan bu yolla 05.07.2014-cü ildən 04.07.2015-ci il tarixinədək "Digər istifadələr” adı altında 264 AZN məbləğində pul vəsaiti əsassız yerə tutulub. Hüquqşünasın hesablamasına görə, eyni qaydada bu kimi əsassız tutulmalar 1 milyon abunəçiyə tətbiq edilərsə, bu rəqəm 1 il ərzində 264.000.000 AZN təşkil edəcək: "Xüsusi qeyd etmək istəyirəm ki, bu dələduzluq halları tək "Azercell Telekom” MMC-də deyil, həmçinin digər analoji şirkətlərdə də baş verir".