Aztəminatlı ailələr sosial yardıma cəlb olunur

Aztəminatlı ailələr sosial yardıma cəlb olunur

Bu gün Bakının Nizami rayonunda «Özünədəstək» - Birdəfəlik ünvanlı sosial yardım layihəsinə cəlb olunmaq üçün seçilmiş aztəminatlı ailələrlə sosial müqavilələrin imzalanması, onlara müvafiq bildirişlərin paylanması və rayonda ünvanlı sosial yardım üçün poçtla və elektron qaydada alternativ müraciət mexanizmlərinin icra vəziyyətinin müzakirəsi ilə bağlı tədbir keçirilib. 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İcimaiyyətlə əlaqələr şöbəsindən “Vətəninfo.az” a daxil olan məlumata əsasən, tədbirdə iştirak edən Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini İlqar Rəhimov layihəyə cəlb olunan ailələrlə görüşündə bu proqramın icrasının aztəminatlı ailələrin daimi məşğulluğuna, onların yaşayışına, nəticə etibarilə, kənd yerlərində heyvandarlığın inkişafına müsbət təsir göstərdiyini deyib, ailə təsərrüfatını inkişaf etdirmək, özünütəminetmə imkanlarını artırmaq üçün müvafiq potensiallara malik olan hər bir aztəminatlı ailənin bu layihəyə cəlb ediləcəyini vurğulayıb. 

Nazir müavini həmin ailələrə öz təsərrüfatlarını inkişaf etdirmək məqsədilə bu yeni layihənin yaratdığı imkanlardan daha səmərəli şəkildə yararlanmağı tövsiyə edərək, onlara bu sahədə uğurlar arzulayıb. 

Görüşdə həmin ailələrə yeni layihənin xüsusiyyətləri, layihəyə cəlb olunmaq üçün ailə planının hazırlanması və s. barədə izahatlar verilib. Aztəminatlı ailələrin nümayəndələri belə bir effektli aktiv sosial müdafiə tədbirinə cəlb olunmalarını möhtərəm dövlət başçısının aztəminatlı ailələrə qayğı və dəstəyinin daha bir bariz ifadəsi kimi dəyərləndirərək, ölkə rəhbərinə minnətdarlıqlarını bildiriblər.

Tədbirdə Azərbaycan Respublikası Prezidentinin 23 may tarixli 429 nömrəli “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Fərmanının icrası ilə əlaqədar Nazirlik tərəfindən əhaliyə göstərilən xidmətin keyfiyyətinin yüksəldilməsi, ünvanlı yardımların təyinatı prosesində məmur-vətəndaş münasibətlərinin minimallaşdırılması və subyektiv amillərin aradan qaldırılması məqsədilə ünvanlı sosial yardım üçün alternativ müraciət mexanizmlərinin Nizami

rayonunda icrası vəziyyəti də müzakirə edilib.

Xatırladaq ki, «Özünədəstək» - Birdəfəlik ünvanlı sosial yardım layihəsi üçün Tovuz, Masallı, Xaçmaz, İsmayıllı və Bakının Nizami rayonları pilot rayonlar kimi seçilib. 

Mirvari Nəcəf



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az