Tariximizi doğru öyrənək, doğru tanıdaq
Azərbaycanın tarixi şəxsiyyətləri, o cümlədən, Babəklə bağlı televiziyada və elektron KİV-lərdə, o cümlədən sosial şəbəkələrdə başlanmış müzakirələr məni də bu mövzuya toxunmağa vadar etdi. Daha çox narahatlıq doğuran bu müzakirələrin fonunda Azərbaycan tarixinin, türk tarixinin saxtalaşdırılması və təhrif olunmasına olunan cəhddir. Azpolitika.info saytında “Tarixdə Azərbaycan adlı dövlət olmayıb” adlı məqalə dərc olunub. Məqalədə qeyd olunur ki, Azərbaycan adlı ilk dövlət 1918-ci il mayın 28-də yaranıb. Hətta yazıda qeyd olunub ki, bu fakta etiraz edən varsa, bizi inandırsın. Qeyd edək ki, Babək mövzusuna bir neçə dəfə toxunulub. Sonuncu dəfə ANS televiziyasının “Şəxsiyyət vəsiqəsi” verilişində bu məsələyə toxunuldu və proqramın qonaqlarından biri, millət vəkili Fazil Mustafa Azərbaycan xalqının tarixi qəhrəmanlarından biri Babək Xürrəmini “islama qarşı mübarizə aparan dinsiz”, “sapıq”, “qeyri-türk” kimi təqdim etdi. Verilişə baxmasam da, mövzu ilə bağlı Azpolitika.info saytındakı yazını oxudum və hörmətli Fazil Mustafanın fikirlərindən çox üzüldüm. Əvvəla, Azərbaycan tarixi və milli dəyərlər, milli tarixi şəxsiyyətlər mövzusunda müzakirələrdə telekanallar çox həssas olmalı, bu mövzuda debatlarda, ictimai müzakirələrdə mütəxəssislər iştirak etməlidir. İkincisi, Azərbaycan tarixi ilə bağlı müzakirələrdə vətənçilik, dövlətçilik ön planda olmalı, şou naminə təsadüfi, diletant fikirlərə yer verilməməlidir. 70 illik Sovet dövründə imperiyanın şovinist dairələri Azərbaycan türklərini türk-islam dünyasından ayırmaq üçün dəridən-qabıqdan çıxmışdı. Tarixşünaslıq, ədəbiyyat və digər humanitar elmlər ideologiyaya uyğunlaşdırılmışdı. Sovet tarixşünaslığı Rusiya imperiyasının işğalçılıq siyasətini “xilaskarlıq missiyası” kimi qələmə verir, Sovet xalqlarının yalnız Rusiya tərəfindən işğalından sonra azadlığa çıxdığını iddia edirdi. Sovet tarixşünaslığı Azərbaycanın sonradan türkləşdiyini, azərbaycanlıların Orta Asiyadan gəlmə köçəri xalq olduğunu əsaslandırmağa çalışırdı. İsrarla yazılır, gənc nəslə təlqin olunurdu ki, Azərbaycan və Anadoluya türklər XI əsrdə Oğuzların gəlişi ilə yerləşiblər. Daha çox ermənilərə sərf edən saxta bir tarix yazılmışdı. Bu “tarix”ə görə, Azərbaycanın şimal hissəsinin əhalisi irandilli və qafqazdilli, cənubunun əhalisi isə irandilli olmuş, səlcuqların gəlişindən sonra türkləşmişlər. Azərbaycan türklərini gəlmə hesab etməkdə məqsəd Arazdan şimaldakı torpaqların erməniləşdirilməsini asanlaşdırmaq, buna tarixi əsas yaratmaq idi.
Qəddar stalinizm Azərbaycan xalqına qarşı çeşidli repressiyalar həyata keçirib. Ancaq bunlar keçmişdə qalıb. Azərbaycan xalqı öz müstəqilliyini əldə edib, özünün dövlətini qurub. Son 25 ildə Azərbaycan tarixinin, türk tarixinin obyektiv araşdırılması istiqamətində mühüm addımlar atılıb. Təkzibedilməz faktlarla sübut olunub ki, Azərbaycan ərazisində türklərin məskunlaşmasının tarixi qədimdir. İlk Azərbaycan türk dövlətçiliyinin tarixi eradan əvvəl III minillikdən götürülür. Ölkəmiz ilk sivilizasiyanın yarandığı yerlərdəndir, Azərbaycan türklərinin formalaşdığı tarixi sərhədlər çərçivəsində qədim dövlətlər mövcud olub. Azərbaycan tarixi gənc nəslə doğru-düzgün çatdırılmalı, bu məsələdə dövlətçilik maraqlarımız əsas götürülməlidir. Hər bir vətəndaş öz dövlətinin, millətinin tarixini bilməlidir. Əlbəttə bu tarixi xalqa çatdırmaq, dünyaya tanıtmaq asan olmasa da, hər bir tarixçi alim və hər bir maraqlı vətəndaş bunları bilməli, xalqımıza və dünyaya tanıtdırmalıdır. Türk xalqının 5 min illik tarixi mənim tərəfimdən “Azərbaycan Nadir Avşar dövləti ” elmi əsərimdə (2014) qısa da olsa araşdırılıb. (Həmin əsəri cahangirhüseynov.com saytında oxuya bilərsiz). Oxuculara çatdırmaq istəyirəm ki, türklərin tarixində müxtəlif adlarla 149 dövləti, 22 imperiyası mövcud olub. Ön Asiyada, yəni Azərbaycanın yerləşdiyi bu ərazidə eramızdan əvvəlki minilliklərdən türk dövlət qurumları yaranmağa başladı. Bunlar Urmiyə gölünün cənub və cənub qərbindən indiki Naxçıvan, Mil və Qarabağ ərazisində məskunlaşmış Quti, Lullubi, Turukki və başqa türk tayfaları olmuşlar. Bu tayfalardan sonra Manna dövləti yaranıb. Daha sonra bu ərazidə Midiya dövləti, daha sonra isə İskit (Skif dövləti) olmuşdur.
Eramızdan əvvəl 323-cü ildə Makedoniyalı İsgəndərin ölümündən sonra onun imperiyası ayrı-ayrı dövlətlərə parçalandı. Azərbaycanın cənubunda Atropatena, şimalında isə Alban dövləti yarandı.Yazılı məlumatlara əsasən türklərin Atropatena və Albaniya dövlətinin tərkibində başqa dillərdə danışan çoxlu sayda tayfalar da yaşayırdılar. IV əsrin sonunda Orta Asiyada Böyük Hun imperatorluğu dağıldıqan sonra, Ağ Hun imperatorluğunun əsası qoyuldu. Bu dövlətin ərazisi Orta Asiya və şimal qərbin bir hissəsini əhatə edirdi. Ağ Hun imperatorluğu İran ərazisində yerləşən Sasanilər dövlətini məğlub edərək özundən asılı vəziyyətə saldı. Ağ Hunlar Azərbaycanın xeyli hissəsində, Dərbənd, Qarabağ və Borçalı ərazisində məskunlaşdılar. Ağ Hun imperatorluğu dağıldıqdan sonra - 552-ci ildə Asiyanın böyük bir ərazisində Göytürk dövlətinin əsası qoyuldu. Göytürk adı ilə Hunlar özlərini rəsmən türk adlandırdılar. Bu dövlət IX əsrə qədər mövcud olmuşdur. İndiki Ukraynanın, Rusiyanın cənubunda, Şimali Qafqaz, Ön Asiya və Orta Asiyada mövcud olmuşdur. VII-X əsrlərdə Şimali Qafqazda Xəzər xaqanlığı yarandı. Xəzər xaqanlığı Şərqi Avropanın ən böyük xanlığı olmuşdur. Türk boyları daha sonra Oğuz adı ilə tanınırdı. Oğuz türkləri Xəzər dənizinin şərqində yaşayırdılar. IV-V əsrlərdə Böyük Moğol imperatorluğu da türk tayfaları tərəfindən idarə olunurdu. VII əsrdə Ərəbistan yarımadasında Məhəmməd peyğəmbərin yaratdığı Ərəb xilafəti Afrikanın şimalını, İspaniyanın bir hissəsini, Ərəbistan yarımadasını, İran, Qafqaz və Orta Asiyanı əhatə etmişdir. İslam peyğəmbəri türklərin döyüşkənliyini, cəsurluğunu, mübarizliyini və böyük dövlətçiliyin ənənələrini öyür, özündən sonra qələn ərəb xəlifələrinə türklərlə yaxın münasibətdə olmağı tapşırır, xilafətin gələcəkdə türklər tərəfindən idarə olunacağına işarə edirdi.
İlk raşidi xəlifələr dövrü bitdikdən sonra ərəb xilafəti mahiyyətini dəyişməyə başladı. Əməvilər sülalə prinsipini qəbul etdilər, geniş işğalçılıq siyasətinə başladılar. Abbasilər dövründə bu siyasətə ərəbləşmə də əlavə olundu. Ərəb feodalları işğal etdikləri ərazilərdə xalqlara zülm edir, onların dini inanclarını, adət-ənənələrini zorla dəyişdirirdilər. Bölgədə ərəb zülmünə qarşı üsyanlar başlanmışdı.
X əsrdə Azərbaycan ərazisində başlanmış Xürrəmilər xalq hərəkatı Sasani dövlətinə qarşı yerli xalqların mübarizəsi idi…633-cü ildə Ərəb xəlifəsinin qoşunları Sasani dövlətinə hücum etdi. Azərbaycan ərazisində Cavanşirin rəhbərliyi ilə 634-cü ildə ərəblərə qarşı Sasani ordusunda mübarizə aparılırdı. Girdiman (Aran) hökmdarı Cavanşir hətta Bizans imperatorluğu ilə də ittifaqa girib ərəblərə qarşı mübarizə aparırdı. Lakin, bu mübarizədə ərəb qoşunlarına məşğul oldular. VII əsrin 60-cı illərində Şimali Qafqazdan xəzərlər Albaniya dövlətinə hücuma keçdilər. Alban dövlətinin varlığına son qoyuldu.VII əsrdə Ərəb-Xəzər müharibələri 100 ilə qədər davam etdi. Ərəb xilafətinə qarşı Azərbaycanda 748-752-ci illərdə böyük Xürrəmilər hərəkatı başlanıldı. Xürrəmilər etiqad etibarilə (Xürrəm- əbədi od, günəş deməkdir) atəşpərəst idilər. Cavidanın ölümündən sonra Babək (798-838) mübarizəni davam etdirdi. Babək 819-cu ildə ərəblər tərəfindən işğal olunmuş Bərdəni, Beyləqanı, Qarabağı, Həmədanı azad etdi. Bəzz qalasında özünə böyük ordu toplayıb 20 ilə yaxın ərəb işğalçılarına qarşı mübarizə apardı. Bu böyük xalq hərəkatı idi. 838-ci ildə Babək əsir alındı və edam edildi. Babək türk xalqının oğlu olmaqla azərbaycanlı idi, o yadelli işğalçılara qarşı mübarizə aparırdı. Onun bu mübarizəsi Azərbaycan xalqının əsil qəhrəmanlıq nümunəsi idi. Bununla biz azərbaycanlılar qürur hissi keçirməliyik. XI əsrdə İran, Azərbaycan və Kiçik Asiyanı əhatə etməklə Böyük Səlcuk imperatorluğu yaradıldı. XI əsrdən Ərəb Xəlifəliyi zəifləməyə başladı və Şimali Azərbaycanda Şirvanşahlar dövləti (891-1538) yarandı. Bu Ərəb xəlifəliyindən sonra ilk türk müsəlman Azərbaycan dövləti idi. XI əsrdə Azərbaycan Səlcuq imperatorluğunun tərkibinə qatıldı.
Ərəb Xəlifəliyindən sonra 1038-1057-ci illərdə türk səlçuq tayfaları Orta Asiya, İran, Azərbaycan və Kiçik Asiyanı əhatə etməklə böyük bir imperatorluq yaratdılar. Səlcuq imperatorluğu dağıldıqdan sonra Anadoluda, indiki Türkiyə ərazisində Osmanlı imperiyası (1299) yarandı. Osmanlı İmperatorluğu VI əsrdən artıq yaşamış bir dövlət idi. Tezliklə imperatorluq Şimali Afrikanı, Ərəbistan yarımadasını, Balkanları, Şərqi Avropanı, Krım xanlığı ərazisini əhatə etməklə dünya tarixində ən möhtəşəm imperatorluğa çevirdi. 1518-ci ildə Misirin fəthindən sonra İslam Xəlifəliyi Türk Sultanlığına-İstanbula keçdi. Türk millətinin islamı qəbul etməsi onun qüdrətini, sücaətini daha da artırdı.
Azərbaycan ərazisində isə XI əsrdə Səlçuq İmperatorluğu parçalandıqdan sonra Atabəylər dövləti 1136-1225-ci ildə yarandı. Atabəylər dövlətinin əsasını Şəmsəddin Eldəgiz qoydu və bu dövlətin ərazisi Azərbaycanın Şərq hissəsini əhatə edirdi. Atabəylər dövləti haqqında akademik Ziya Bünyadovun “Azərbaycan Atabəylər dövləti” adlı monoqrafiyası var. XIII əsrdə Azərbaycan ərazisində olan Eldəgəzlər və Şirvanşahlar dövləti tatar monqolların əsarəti altına keçdi. Daha sonra Azərbaycan ərazisi Teymurun imperatorluğunun tərkibinə qatıldı. XIV əsrdə Azərbaycanda və Şərqi Anadoluda türk Qaraqoyunlu dövləti yarandı (1380-1467-ci il). Dövlətin mərkəzi Van şəhəri idi. Qaraqoyunluların hakimiyyətinin əsasını Qara Məhəmməd (1380-1389) tərəfindən qoyulmuşdu. Daha sonra 1467-ci ildə Ağqoyunlu Uzun Həsən tərəfindən Qaraqoyunlu dövləti süquta uğradıldı. Ağqoyunlu dövlətinin (1453-1503) əsasını Oğuz-türk tayfaları qoymuşdular. Bu dövlətin də əraziləri Şərqi Anadolu, Qərbi İran, Azərbaycanın qərb hissəsi olmaqla böyük bir məkanı əhatə edirdi, mərkəzi isə Təbriz şəhəri idi. 1501-ci ildə Şərur düzündə Ağqoyunluları məğlubiyyətə uğradan Şah İsmayıl həmin ildə Təbrizdə özünü şah elan etdi. Səfəvilər dövləti 1501-ci ildən 1736-cı ilə qədər mövcud olmuşdur. Şah İsmayılın dövründə 1501-1524-cü illərdə böyük əraziləri fəth edərək Azərbaycan ərazisini vahid dövlətdə birləşdirdi. İlk dəfə olaraq Azərbaycanın bütün ərazisi vahid bir dövlət halında müstəqil Səfəvi imperiyası daxilində birləşdi. Bu, Azərbaycan tarixində mühüm bir hadisə idi. Bundan sonra Şah İsmayıl İran ərazisini və ərəb İraqını da Səfəvilər imperiyasına qatdı. Səfəvilər dövləti Şərqdə Şeybani (Özbək dövləti) qərbdə isə Osmanlı imperiyası ilə həmsərhəd oldu. Vahid Azərbaycan Səfəvi türk dövləti yarandı. Şah İsmayılın dövründə İran-Azərbaycan ərazisində yaşayan xalqlar İslamda şiə məzhəbini qəbul etməklə bu ərazidə olan xalqların zahirən birliyini yaratmağa cəhd etsə də, böyük Turançılığa zərbə oldu. Bununla da, Osmanlı -Səfəvi münasibətləri iki türk dövləti arasında kəskinləşdi. Qərbi Avropa və Çar Rusiyası bundan istifadə edərək bu iki türk dövlətinin arasına nifaq salıb Qərbi Avropada, Şərqi Avropada, Balkanlarda, Qara Dəniz hövzəsində Krım, Şimali Qafqaz, Orta Asiyada öz siyasətlərini yeridib əzəli Türk torpaqlarının dövlətlərini zəiflətməklə işğal etdilər. Osmanlı -Səfəvi münasibətləri 1514-cü ildə qanlı Çaldıran müharibəsi ilə yadda qaldı. Bu müharibələrdə Azərbaycanın ərazisi dəfələrlə Osmanlıların tərkibinə qatıldı. I Şah Abbasın (1587-1629-cu illər) dövründə Azərbaycanda dövlətçilik ənənələri xeyli gücləndi. Lakin dini məzhəb ayrılığı daha geniş vüsət aldı. 1598-ci ildə I Şah Abbas paytaxtı İsfahan şəhərinə köçürdü. 1593-cü ildə Ərdəbil şəhəri mərkəz olmaqla Azərbaycan bəylərbəyliyi yaradılır. Tarixşünaslıqda guya Şah Abbasın dövründən fars dilinin Səfəvilərdə üstün mövqe qazanmasına dair yanlış fikir var. Əslində Səfəvi dövlətində əvvəldən axıra qədər saray və ordu dili türk dili idi. Şah Abbas dörvündə də rəsmi yazışmalarda türkcədən istifadə olunurdu. XVIII əsrin əvvəllərində, 1722-ci ildə Şah Hüseyn Sultanın və II Şah Təhmasibin dövründə Səfəvi dövlətinin ərazisi şərqdən Xəzər sahili boyunca 600 km uzunluğunda Dərbənd, Bakı, Lənkəran və Rəşdə qədər, eni 100 km olmaqla Şamaxı ərazisindən Muğan boyu bütün ərazilər rus çarı I Pyotr tərəfindən işğal olundu. Həmin dövrdə ermənilərin Azərbaycana birinci köçü başlandı. Birinci Pyotr tərəfindən ermənilər Quba, Bakı, Şamaxı ərazilərinə köçürüldü. Hətta Pyotrun planında həmin ərazilərdə “erməni çarlığının” yaradılması da vardı. Erməni kilsəsi və gürcülər Pyotrun qoşunlarına maddi yardımlar da göstərirdilər.
Azərbaycan Səfəvi dövlətinin cənub-şərq hissəsi isə paytaxtı İsfahan şəhəri olmaqla əfqanlar tərəfindən zəbt edilmiş, ölkənin qərb hissəsi isə Osmanlılar tərəfindən tutulmuşdu. Belə bir vaxtda türk Avşar boyundan olan Nadir xan Səfəvilər imperiyasını dağılmaqdan xilas etdi. Bütün zəbt olunmuş torpaqları geri qaytararaq Azərbaycan ərazisini tamamilə yadellilərdən təmizləyib 1736-cı ilin yazında Kür və Araz çaylarının qovuşduğu Muğanda-Suqovuşanda minlərlə nümayəndənin iştirakı ilə böyük qurultay çağırdı. Qurultayda Şah seçilməmişdən öncə nümayəndələr müraciət edərək İslam dinində məzhəb ayrı-seçkiliyinə son qoymağı təklif etdi. Nadir xan Osmanlı dövləti və sünni icması ilə münasibətləri qaydaya salmaq üçün şiəliyin cəfərilik qolunu qəbul etdi. Bununla bağlı Osmanlı sultanına müraciət etsə də, onun dini islahatı qəbul edilmədi.
Nadir şah 1736-cı ildə Muğan qurultayından sonra paytaxtı Təbriz olmaqla Azərbaycan bəylərbəyliyini yaratdı. Azərbaycan bəylərbəyliyinin ərazisinə indiki Dağıstan, Kartli və Kaxetiya (indiki Gürcüstan) indiki Ermənistan, Türkiyənin şərq hissəsi (Ərzurum, Van, Diyarbəkr) daxil idi. İndiki federativ dövlət quruluşuna uyğun olaraq Avşar Azərbaycan dövlətinə Azərbaycan, İraq, Xorasan və Fars bəylərbəyliyi daxil idi.
Nadir şahın ölümündən sonra (1747) Azərbaycan ərazisi 20-yə qədər xanlığa bölündü. 1 mil. kv km-dən artıq ərazisi olan Azərbaycan Bəylərbəyliyinin xırda xanlıqlara və sultanlıqlara bölünməsi gələcəkdə Şimali Azərbaycanın Çar Rusiyası tərəfindən işğal olunmasına və daha sonra ərazisində Gürcüstan, Ermənistan SSR və Dağıstan Muxtar Respublikalarının qurulmasına şərait yaratdı. 1918-ci il mayın 28-də paytaxtı Gəncə şəhəri (ərazisi 117.5 kv. km) olmaqla Azərbaycan Xalq Cümhuriyyəti yarandı. 1920-ci aprelin 28-də Azərbaycan Sovet Respublikası élan edildi. Azərbaycan SSR-in yaranması bir daha Azərbaycanın əzəli torpaqları olan Zəngəzur, Borçalı, Göyçə, Dərbənd ərazilərinin Azərbaycandan alınması ilə nətiçələndi. 1923-cü ildə Dağlıq Qarabağ Muxtar vilayəti yaratmaqla XX əsrin sonunda bu bölgədə ermənilərin separatizmi gücləndirmələrinə və Qarabağın işğalına gətirib çıxardı.
Bu günkü Azərbaycan Respublikası həmin bu müstəqil imperiyaların, dövlətlərin yarım müstəqil dövlətin hüquqi sələfi və davamçısıdır. Cənubi Azərbaycanda isə XIX əsrdə Çar Rusiyası Şimali Azərbaycanı işğal etdikdən sonra paytaxt Tehrana köçürülməklə türk Qacar sülaləsi hakimiyyətdən devrilərək fars Pəhləvilər hakimiyyətə gətirildi. XX əsrdə Cənubi Azərbaycanda üç dəfə Səttarxan (1905-1911), Şeyx Məhəmməd Xiyabaninin başçılığı ilə (1917-1921) Azadstan Respublikası və 1945-1946-cı ildə Seyid Cəfər Pişəvərinin başçılığı ilə yaradılan Azərbaycan dövlətləri, Çar Rusiyası, Sovet imperiyasi və Antanta dövlətinin köməyi ilə Türk Azərbaycan dövlətinin yaranmasına imkan verilmədi. Bu günkü Azərbaycan Respublikası uzun əsrlər bu ərazidə yaşayan xalqların və millətlərin, imperiyaların və dövlətlərin yarım müstəqil sovet azərbaycanlılarının yeganə hüquqi varisidir və bütün Dünya Azərbaycanlılarını da birləşdirən bir məkandır.
Azərbaycançılığın dövlətçiliyə tətbiqi ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. 2001-ci ildə Dünya Azərbaycanlarının I-ci Qurultayında ümummilli lider Heydər Əliyev azərbaycançılığı Azərbaycanın milli dövlət ideologiyası kimi təsdiq etdi. “Hər bir insan üçün milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam” deməklə bütün azərbaycanlıları birliyə çağırır. Ona görə də azərbaycançılıq yalnız Azərbaycana məhəbbət deyil, onun dünyadakı milli, tarixi –siyasi, iqtisadi, dini-əxlaqi mövqe və mahiyyətini əks etdirən ictimai şüur formasıdır. Azərbaycançılıq öz növbəsində türkçülüyə- turançılığa bağlı olanda daha güclü və qüdrətli olur.
Müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur keçirməlidir və biz azərbaycançılığı, azərbaycan dilini, milli mənəvi dəyərlərimizi, adət-ənənənələrimizi yaşatmalıyıq, Azərbaycan tarixini öyrənib xalqımıza və bütün dünya xalqlarına tanıtmalıyıq. Bu hər bir Azərbaycan vətəndaşının borcudur.
20 yanvar ümumxalq matəm gününü qeyd etdik, bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Bu fürsətdən istifadə edib, bir subyektiv fikrimi də oxucularımla bölüşmək istəyirəm: Azərbaycan xalqı çox mübarizələrdən qəhrəmanlıqla çıxmışdır. İnanıram ki, tezlikə işğal olunmuş torpaqlarımızı da erməni qəsbkarlarından azad edəcəyik. 20 yanvar günü Azərbaycanın mübarizlik, qəhrəmanlıq günü kimi qeyd olunmalıdır.
Cahangir Hüseynov,
sabiq millət vəkili,
hüquq üzrə fəlsəfə doktoru