Bacısının ad günündə ŞƏHİD olan QƏHRƏMAN - Cavid Paşazadə
VƏTƏN- Necə də doğmadır, necə də gözəl səslənir bu ad! Dərin mənalı kəlimə, damarlarımıza, qanımıza hopan hiss...səni sevməmək olarmi, Vətən?
İşğal altında olmuş torpaqlarımız nəhayət ki, şəhidlərimizin, qazilərimizin qanı, canı hesabına mənfur düşməndən geri alındı. Bu şərəfli missiyanı yerinə yetirmək üçün 2783 şəhidimiz adlarını şanlı tariximizə yazdırmışdır. Bu torpağın igid oğulları düşmənə heç vaxt yaddaşlardan silinməyəcək bir dərs verdi. "Ordun varsa, yurdun var.”
Bu XALQ həmin xalqdır ki, yurduna da, ordusuna da daima dayaq olub və olacaq! Bildiyimiz kimi, cənab Prezident 8 noyabr tarixini "Zəfər” günü elan etdi. Bizlər hər dəfə "Zəfər günü"nü kimlərin sayəsində xatırlayacağıq? Şəhidlərimiz sayəsində, 2783 şəhidin gözü yaşlı anaları, ataları sayəsində.
Paşazadə Cavid Telman oğlu da adını şanlı tariximizə yazdıran qəhrəmanlarımızdan biri oldu. Şəhidlər ölməz, ürəyimizdə əbədi yaşar! Bu şəhidimiz də qəlbimizdə əbədi yaşayır və yaşayacaq!
Paşazadə Cavid 27.08.2001-ci ildə Bakı şəhərində anadan olub. 2019-cu ilin oktyabr ayında hərbi xidmətə çağırılıb, 2-ci Qarabağ müharibəsi zamanı verilən tapşırığa əsasən əsgər yoldaşları ilə birgə ön cəbhəyə yola düşürlər. O, Xocavənd uğrunda gedən döyüşlərdə qəhrəmancasına döyüşərək şəhid olmuşdur.
Komandiri Cavid haqqında belə danışır: "Cavid Gəncə hadisəsini eşidəndə yemək üstündə olub. Yeməyini bitirməmiş ayağa qalxıb və yoldaşlarına deyib ki, mən yedim, siz də gedin yeməyinizi yeyin. Əsgər yoldaşları yemək yeyəndə güclü səs eşidirlər. Cavid düşmənin çoxlu canlı qüvvəsini məhv edir. Düşmən tərəf öz meyitlərini götürmək istəyərkən qəhrəmanımız buna imkan vermir. Cavid hətta onlara tərəf irəliləyən düşmənin hərbi texnikasını da məhv edir və düşməni geri çəkilməyə məcbur edir. Sonra geri dönərək əsgər yoldaşlarına deyir: "Gəncənin qisasını aldım”.
Paşazadə Cavid şəhid olmamışdan bir gün qabaq - 28 oktyabrda anasına zəng edir. Zəng etdiyi günün səhəri kiçik bacısının ad günü olacaqmış. Cavid deyib ki, "Bacıma hədiyyə alın”.
Növbəti gün 29 oktyabrda Xocavənd ərazisində düşmən posta hücuma keçir. Yoldaşları ilə birgə postu düşmənə verməmək üçün 4 saat dayanmadan döyüşən Cavid qəhrəmancasına ŞƏHİD olmuşdur.
Sən adını tarixin həyat səlnaməsinə yazdıran qəhrəmanlarımızdansan, əziz şəhidimiz! Yazdığın yeni tarix Azərbaycan yaşadıqca nə beyinlərdən, nə də ürəklərdən silinəcək. Sinəni sipər etdiyin Vətən səni heç vaxt unutmayacaq. Sən qəhrəmansan, sən Azərbaycanın özüsən, sən həm də Vətənsən Cavid!
Şəhidimiz Cavid Paşazadə 15 dekabr tarixində prezident tərəfindən "Vətən uğrunda” medalı ilə təltif edilmişdir. Bacısının ad günündə ŞƏHİD olan QƏHRƏMAN, ALLAH səni və sənin kimi igidlərimizi rəhmət eləsin. Bütün yüksəkliklərdən uca olan bir zirvə var. "Şəhidlik zirvəsi”. O zirvə ki, hər adama nəsib olmayan, ürəyində VƏTƏN sevgisi olmayanların heç vaxt qovuşa bilməyəcəyi zirvədir! Şəhadətin mübarək olsun, ŞƏHİD qardaşımız. Səninlə qürur duyuruq!
Elmin Alışov
Miq.Az