“Bakı Metropoliteni” dövlət qurumları və Rəsulzadə sevənlərdən təklif gözləyir”

“Bakı Metropoliteni” dövlət qurumları və Rəsulzadə sevənlərdən təklif gözləyir”

“Rəsulzadənin yeni büstü olarsa, onun köhnəsi ilə əvəzlənməsi məsələsinə baxıla bilər”

Xəbər verildiyi kimi, “Bakmil” metrosu stansiyasının yanındakı depo ərazisindən M.Ə.Rəsulzadənin büstünün  götürülməsi xalqın bəlli bir kəsiminin ciddi narazılığına səbəb olub. Məlum məsələ parlamentin bu gün keçirilən toplantısında da bəzi millət vəkilləri tərəfindən kəskin surətdə tənqid edilib.

Maraqlıdır, Rəsulzadənin yararsız vəziyyətdə olduğu iddia edilən büstünü təmir etmək mümkün deyilmi? Və ya günü sabah hansısa bir şəxs və ya dövlət qurumu “Bakı Metropoliteni”nə Rəsulzadənin yeni büstünü təqdim edərsə, “Bakı Metropoliteni”nin rəhbərliyi yeni büstü götürülən büstü yerinə qoymağa hazırdırmı?

Bununla bağlı Moderator.az-a açıqlama verən “Bakı Metropoliteni” QSC mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev köhnə büstün keyfiyyətsiz materialdan düzəldildiyi üçün təmirə yararlı olmadığını bildirib:

“Bu büst çoxdan qoyulub və keyfiyyətsiz materialdan hazırlanmışdı. Bəlli bir müddət idi ki, depo ərazisində durmuşdu. Biz də depo ərazisində mərhələli şəkildə yenidənqurma işləri aparırıq. Orda təmir işləri aparan zaman büstün tamamilə yararsız vəziyyətdə olduğunu gördük. Həmin büstün o vəziyyətdə orda qalmağı da müəyyən mənada M.Ə.Rəsulzadəyə hörmətsizlik olardı. Biz o büstü təmir etməyə çalışdıq, amma bu mümkün olmadı. Çünki büst keyfiyyətsiz materialdan hazırlanmışdı. Bərpa edə bilmədiyimiz üçün də onu götürməyi qərara aldıq”.

“Əgər hər hansı bir şəxs və ya dövlət qurumu Rəsulzadənin yeni büstünü “Bakı Metropoliteni”nə təqdim edərsə, onu köhnə büstün yerinə qoymaq olarmı” sualına gəlincə, N.Paşayev real təklif olarsa, bu təklifə baxılacağını vurğuladı:

“Müraciət etsinlər, baxarıq. Ortada real bir şey yoxdur axı. Müraciət olarsa, bu müracətə baxılacaq”.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az