Baş leytenantdan GENEREALA- Açıq məktub

Baş leytenantdan GENEREALA- Açıq məktub

Azərbaycanda çox general var: gömrük, vergi, DTX generalından ta... müharibə generalına kimi – maşallah, generaldan boluq! Amma bu bizlik və şəxsən də mənlik deyil.

Mənlik olan odur ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin rəisi general Vüsal Novruzova söz verdiyim "Baş leytenantdan GENEREALA - Açıq məktub”u yazmaqdır. Odur ki, verdiyim sözə və vədə əməl edib hörmətli generala açıq məktubumu sizlərə də təqdim edirəm. Beləliklə, cavabımda bütün kriteriyaları – rütbə fərqimizdən tutmuş, etik normaları qorumağacan söz verib jurnalist və zabit şərəfimə and içirəm!

Çox hörmətli cənab general Vüsal Novruzov! Miq.az-ın redaksiyasına göndərdiyiniz təkzib məktubunu əvvəl də, indi də yüksək qiymətləndirib əsl zabit və əsl general nümunəsi göstərdiyinizi təqdirəlayiq hal sayiram və deyirəm: bu əsl  general və əsl zabit, məmur  mədəniyyətidir. Burası apaydin...
 
Fəqət...

Cənab general! Əgər ixtiyarım olsaydı, bütün Azərbaycan generalları, o cümlədən də şəxsən siz Vüsal Novruzovdan ötrü bütün dünyanı FARAGATda saxlayardım! Çünki generallar öz rütbə və çi(yi)nləri ilə Azərbaycan atributlarıdır və həm də cənab ali baş komandanımız İlham Əliyevin imzası ilə o ucalıqdadırlar. Bütün bunlar öz yerində və həm də... amma və lakin...

Mİq.az-a yazdığınız məktubda göstərirsiniz ki, mən sizin şərəf və ləyaqətinizə xələl gətirə biləcək informasiya yazmışam, buna görə də Sizdən üzr istəyib TƏKZİB verməliyəm...

Cənab general! Bütün irad və ittihamlarınızı bircə cümlə ilə təkzib haqqından məhrum edən nüansı nəzərdən qaçırmaqla – xəbəri xəbər kimi verdiyimin, İLKİN MƏNBƏNİN Miq.az-ın olmadığını nəzərə almamaqla, "duel”imizdə "növbəti atəş haqqı”nı mənə vermisiniz. İkincisi də ki, o informasiyalarda şəxsiyyətinizə və işgüzarlığınıza xələl gətirə biləcək bir şey yoxdur. O ki qaldı bundan əvvəl də haqqınızda Miq.az-da gedən yazılarda bahalı maşınlarınızın olmasına, bir daha xatırladıram ki, təkzib məktubunu hazırlayanlar bəzi məqamlarda incəlikləri öz amiranə iddiaları ilə tapdayıblar – rütbə sərtliyi insanı humanizmdən və məntiqdən məhrum etməməlidir, zənnindəyəm. Ən azından mən o faktları yazıda yazanda da qeyd etmişəm ki, guya bahalı maşın general Vüsal Novruzovda olmayıb suçu Nərimanda olası deyil ki... və yaxud da ən bahalı maşınların pulu Sizdə olmayıb dəyirmançı Cəfəragada olası deyil ki... Təki olsun! "Yoxdu” deyirsiniz, sevinmirik və... iki səbəbdən iddianıza görə üzr istəyib təkzib verməyəcəm... çünki üzr istəməyə bir əsas yoxdur!

İkinci səbəb əvəzi HAŞİYƏ: Hələ sovet dövründə Ermənistanın kəndlərindən birində Aşot adlı bir nəfərin göz oxşayan villası olur. Bütün Yerevana qədər hamı bundan şikayət yazır. Hətta Ermənistanın birinci katibi Dəmirçiyana məktub göndərilir...

Bir gün Dəmirçiyan Aşot yaşayan kəndə səfər edir və Aşotun villasını soruşur... Hamı fikirləşir ki, respublikanın birinci katibi dərhal Aşotu elə buradanca həbsə göndərəcək və bütün diqqət Dəmirciyana yönəlir. Dəmirciyan gəlib villaya baxb dəhşətə gəlir... İkimərtəbəli villa sahibi olmaq SSRi-də hər ogulun işi deyildi. Dəmirçiyan üzünü camaata tutub deyir: "Kaş bütün ermənilər Aşot kimi yaşayardi, bütün ermənilərin şəraiti Aşotun şəraiti kimi olardı” deyib oradan paytaxta yola düşür...

Cənab general! Kaş bütün Azərbaycan xalqı sizin kimi bahalı maşınlarda, bahalı villalarda yaşayardı. Kaş ən pis yaşayan azərbaycanlı sizin kimi olardı - əlbəttə ki... halal pulnan, gərgin zəhmətin bəhrəsi və yüksək əməkhaqqı müqabilində...

Cənab general! Mən ixtisasca jurnalistəm, amma ömrümün müəyyən hissəsini zabit kimi səngərdə, düşmənlə üz-üzə - əlli metr məsafədə keçirmişəm... Mən səngər zabiti olmuşam, bir səngər əsgərini yüz generala, yüz polkovnikə dəyişmərəm...

Nəhayət, üzr istəməyinə üzr istəyirəm, cənab general! Sizdən yox, Azərbaycan xalqından. Ki, snayperimin hədəfində olan dörd düşmən əsgərindən birini öldürmədiyim üçün...
Jurnalist humanistliyimə görə məni bagışlayın, əziz xalqım... çünki snayperimin hədəfində olan o düşmən əsgəri elə erməni əsgərləri tərəfindən ölümcül döyülmüşdü və üç saatdan sonra öz əcəli ilə öldü, mənim gülləmlə yox!

Hesab edirəm ki, anlada bildim, cənab general! Anlada bildim ki, mən sizlərdən zərf gözləyən jurnalistlərdən deyiləm! Gözlədiyim məktub idi, onu da aldım! Qalanı Tanrının və Tarixin işidi!

Hörmətlə: Aqil Alışov
Miq.az saytının təsisçisi və baş redaktoru, 
Ehtiyatda olan baş leytenant


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az