“BİZ GƏRƏK ŞUŞAYA GEDƏK”

“BİZ GƏRƏK ŞUŞAYA GEDƏK”

Rövşən Rzayev: “Şübhə yox ki, biz Dağlıq Qarabağa qayıdacaq, öz tarixi torpaqlarımızda erməni icması ilə bir yerdə yaşayışımızı davam etdirəcəyik” “Güllələnmiş heykəllərlə bağlı xüsusi bir yer ayrılmalıdır və o heykəlləri hər bir azərbaycanlı görməlidir”

Oktyabrın 23-də Rusiya paytaxtında Azərbaycan və erməni diaspor təşkilatları arasında keçirilən görüş, orda səsləndirilən mesajlar birmənalı qarşılanmayıb. Rusiya Erməni İttifaqı və “AzerRos” Federal Milli Mədəni Muxtariyyəti arasında baş tutan görüşdən sonra hər iki qurumun rəhbərliyinin dostluq və qardaşlıq mesajlarını vermələri, işğal altındakı Azərbaycan torpaqları ilə bağlı faktın üstündən sükutla keçmələri suallar doğurub.

Görüşdə “AzerRos” Federal Milli Mədəni Muxtariyyətinin rəhbəri Söyün Sadıqov, “Azərbaycan Konqresi” qəzetinin baş redaktoru Rüstəm Arifcanov, “Tribuna” qəzetinin baş redaktoru Rəfael Hüseynov, Moskva Hökuməti yanında Milli KİV üzrə Komissiyanın sədri Cəmil Sadıqbəyov, Azərbaycan Beynəlxalq Bankının Moskva filialının direktor müavini Azər Səfərov və Azərbaycan diasporunun nümayəndələri iştirak edib.
Ermənistan tərəfdən görüşə Rusiya Erməni İttifaqının, Ümumdünya Erməni Konqresinin prezidenti Ara Abramyan, SSRİ xalq artisti Armen Ciqarxanyan, Rusiya Erməni İttifaqının vitse-prezidenti Vyaçeslav Qalustyan, “Armeniya i mir” jurnalının baş redaktoru Lusik Qukasyan, Ermənistanın Rusiyadakı sabiq səfiri Armen Smbatyan, bu ölkənin Moskvadakı səfirinin köməkçisi və başqaları iştirak edib. Artıq Azərbaycanın Diasporla İş Üzrə Dövlət Komitəsi də bu görüşü pisləyən açıqlama verib. Əksəriyyət bu fikirdədir ki, Rusiya hakimiyyətinin layihəsi olan bu kimi təmaslar əslində Azərbaycanın maraqlarına cavab vermir və işğal faktının unutdurulmasına yönəlik, Azərbaycana təzyiq xarakterli addımdır.
“Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması” İctimai Birliyinin İdarə Heyətinin Şuşa əsilli üzvü, Milli Məclisin deputatı, Rövşən Rzayevlə söhbətimizdə öncə Moskva görüşünə münasibət öyrəndik.

- Rövşən bəy, Moskvada keçirilən görüşdə tərəflər bir-birinə kifayət qədər isti mesajlar verib. Necə bilirsiniz, sülh danışıqlarının dondurulduğu bir şəraitdə bu görüş zərurəti hardan irəli gəlib?

- İlk öncə onu deyim ki, Söyün Sadıqov Azərbaycan diaspor rəhbəri deyil və ola da bilməz. Mən onun ənənəvi mövqeyi ilə tanışam və bu cür təqdim olunmağına razı ola bilmərəm. Digər tərəfdən, erməni və Azərbaycan mədəniyyətlərarası dialoqun yaranması, ictimai xadimlərin, mədəniyyət işçilərinin görüşməsi barədə xatırlayırsınızsa, keçən il ölkə prezidentlərinin görüşündə mövqe bildirilmişdi. Bu kimi görüşlərlə bağlı mən heç bir şey deyə bilmərəm. Belə görüşlər əvvəllər də olub. Dağlıq Qarabağın Azərbaycan icmasının İdarə Heyətinin üzvü Fərhad Bədəlbəyli və digər icma üzvləri həmin görüşdə iştirak etmişdilər. Amma şəxsən mənim mövqeyim bundan ibarətdir ki, əlbəttə, iki xalqın mədəniyyət işçiləri, digər qurumların təmsilçiləri arasında görüşlər lazımdır. Hesab edirəm ki, ilk növbədə Dağlıq Qarabağda yaşayan erməni icması və Dağlıq Qarabağdan silah gücünə qovulmuş azərbaycanlı icması arasında görüşlər keçirməyə başlamalıyıq. Biz iki icmanın görüşlərinin keçirilməsinin, onlar arasında dialoqun aparılmasının tərəfdarıyıq və belə görüşlərin baş tutmasına çalışırıq. Belə bir görüş keçən ilin noyabr ayında Almaniyada baş tutmalı idi. Təəssüf ki, Ermənistan rəhbərliyi bu görüşün qarşısında durdu və Dağlıq Qarabağın erməni icması həmin görüşə gəlmədi. Amma buna baxmayaraq, biz belə əlaqələrin baş tutmasını istəyirik. Çünki həm Azərbaycan xalqının, həm də Dağlıq Qarabağın azərbaycanlı icmasının şübhəsi yoxdur ki, biz Dağlıq Qarabağa qayıdacaq, öz doğma, tarixi torpaqlarımızda erməni icması ilə bir yerdə birgə yaşayışımızı davam etdirəcəyik. Ona görə də ötən müddət ərzində itirilmiş münasibətləri, inam və etibarı bərpa etməkdən ötrü artıq hərəkətə keçməyin zamanıdır. Təbii ki, biz siyasi münasibətləri qura bilmərik. Ancaq siyasi danışıqlar Minsk Qrupu çərçivəsində getdiyinə görə bizim yarada biləcəyimiz münasibətlər siyasi qərarın verilməsində kifayət qədər öz müsbət rolunu oynaya bilər. Şəxsən mən bu mövqedəyəm və bu istiqamətdə öz fəaliyyətimi davam etdirəcəyəm. Ancaq Söyün Sadıqovun bu istiqamətdə fəaliyyətini mən heç zaman dəstəkləyə bilmərəm, onun mövqeyi mənə bəlli deyil.

- Görüşdən sonra tərəflər deyib ki, Qarabağ məsələsi ətrafında ilk dəfədir belə bir görüş keçirilir və bu kimi təmasları davam etdirmək lazımdır. Hətta növbəti iki görüşün konkret vaxtı da müəyyənləşdirilib.

- Belə görüşlər dəfələrlə olub. Hələ 2007-ci ildə azərbaycanlılar, Polad Bülbüloğlu və digər mədəniyyət işçiləri Dağlıq Qarabağa getmişdilər. Bu görüşün davamı isə 2009-cu ildə olmuşdu və Dağlıq Qarabağdakı həmin görüşdə mən də iştirakçı idim. O zaman öz doğma vətənimi, doğma Şuşamı da görmüşəm. Ona görə də bu işlərdən məlumatı olmayan adamların mövqe bildirməsini mən kifayət qədər qəbul edə bilmərəm.

- Görüşlərdən sonra keçmişin unutdurulmasına yönəlik açıqlamalar da olub. Belə görünür ki, erməni tərəfi Azərbaycanı işğal faktı ilə barışmağa və heç nə baş verməmiş kimi münasibətləri bərpa etməyə çağırır. Erməni ziyalının fikrincə, iki xalq arasında Neftçi-Ararat problemindən özgə bir problem olmayıb. Bu mənada aparılan təmasları təhlükəli hesab etmirsiniz ki?

- Əslində iki xalq arasında heç bir zaman problem olmayıb. Ermənistanın siyasi rəhbərliyində olan insanların işğalçı niyyətindən irəli gələn problemlərdir. Ona görə də bizim nə zamansa birgə yaşamağımıza ciddi bir problem görmürəm, iki xalq bunu bacaracaq. Ancaq bunun üçün Ermənistan rəhbərliyi konstruktiv mövqedən çıxış etməlidir. Erməni tərəfi Minsk Qrupu çərçivəsində ölkə prezidentləri və həmsədr dövlətlərin səsləndirdiyi “Dağlıq Qarabağla bağlı status-kvo dəyişdirilməlidir” fikri haqqında düşünməlidir.

- Moskvada iki diaspor təşkilatı bir araya gəldiyi gün Sərkisyan Qarabağda peyda oldu və erməni generallarla görüşdü, həmçinin işğal olunmuş ərazilərdə hərbi təlimlər keçirildi.

- Bu, onu göstərir ki, erməni tərəfinin mövqeyi birmənalı deyil. Onlar bu kimi addımlarla problemin həllinin uzadılmasına çalışırlar. Amma erməni rəhbərliyi erməni xalqının, Ermənistan dövlətinin inkişafında maraqlı olsaydı, o halda öz mövqeyini dəyişərdi. Sərkisyanın özü işğal prosesində birbaşa iştirak etmiş şəxsdir. Ona görə də çox güman ki, beynəlxalq hüquq prinsiplərindən tam kənar hərəkət etməyi düzgün sayır. Amma əslində bu addımlar nə onun özünə, nə də erməni xalqına yaxşı perspektiv vəd etmir.

- Rusiya paytaxtında belə bir görüş keçirilərkən Sərkisyanın Azərbaycana meydan oxumasını özfəaliyyət saymaq olar, yoxsa bu da Rusiyanın bir oyunudur?

- Azərbaycan müstəqil dövlətdir və heç kim ona meydan oxuya bilməz. Mən hesab edirəm ki, bu, Sərkisyanın özfəaliyyətdir. Rusiya isə Minsk Qrupunun həmsədrlərindən biri olduğu üçün təbii ki, Dağlıq Qarabağ probleminin həllində birmənalı münasibət bildirməlidir.

- Dağlıq Qarabağın Azərbaycanlı icması Rusiyada keçirilən görüşlə bağlı müzakirə aparıbmı?

- Biz vaxtaşırı Qarabağ məsələsi ətrafında müzakirələr aparırıq. Amma Moskvadakı görüşlə bağlı yəqin ki, İdarə Heyətində müzakirələrimiz olacaq və mövqeyimizi bildirəcəyik.

- Keçən ilin payızında Azərbaycanlı icması erməni icması ilə görüşməyə çalışsa da, qarşı tərəf bundan imtina etdi. Ötən müddət ərzində bu istiqamətdə bir yenilik varmı və erməni icmasının mövqeyində pozitiv istiqamətdə nəsə hiss etmisinizmi?

- Təbii ki, biz çalışmalarımızı davam etdiririk. Müxtəlif təşkilatlara müraciət edirik ki, bu görüşlərin reallaşmasında bizə dəstək olsunlar. Bizə dəstək vermək istəyən təşkilatlar və insanlar xeyli çoxdur. İş gedir, danışıqlar aparılır. Amma hələlik erməni tərəfinin mövqeyi barədə mən bir söz deyə bilmərəm.

- Son vaxtlar deputat həmkarlarınızdan bir neçəsi mənasız sülh danışıqlarından və Minsk Qrupunun vasitəçiliyindən imtina edib torpaqların azad olunması üçün hərb qərarı vermək təklifi ilə çıxış edib. İcma üzvü kimi siz nə düşünürsünüz?

- Mən onların fikrini bölüşə bilmərəm. Hesab edirəm ki, bizim danışıqları davam etdirmək üçün imkanlarımız kifayət qədərdir.

- Bu proses daha nə qədər davam etməlidir ki, bir nəticə hasil olsun?

- Xeyli vaxt keçməsinə baxmayaraq biz öz işimizi davam etdirməliyik.

- Xəbərlər gəlir ki, ermənilər Qarabağın təbii ehtiyatlarını talayır, yeraltı və yerüstü sərvətlərimizi daşıyırlar. 

- Bu faktdır. Amma hər kəs bilməlidir ki, müstəqil Azərbaycan öz torpaqlarını heç kəsə verməyəcək.

- Xankəndindəki aeroportun yaxın günlərdə istifadəyə veriləcəyi və ilk sərnişinin də Sərkisyanın özünün olacağı bildirilib. Siz bu təxribatın qarşısının alınması yolunu nədə görürsünüz?

- Azərbaycan beynəlxalq təşkilatlara öz mövqeyini bildirib ki, əgər belə bir uçuşlar baş verərsə, bu, bir daha beynəlxalq hüququn prinsiplərinə zidd hərəkət kimi qəbul olunacaq. Burada yeganə çıxış yolu ondan ibarətdir ki, Ermənistan konstruktiv mövqe nümayiş etdirməlidir. Ermənistan rəhbərliyi düşünməlidir ki, bu kimi addımlarla problemi daha da dərinləşdirirlər.

- Siz həm də Şuşadansınız. Şuşada neçə il yaşayıbsınız?

-  Mən Bakıda anadan olsam da, bütün uşaqlığım, gəncliyim Şuşada keçib.

- 2009-cu ildəki kimi təklif olarsa, növbəti dəfə Şuşaya gedərsinizmi?

- Təbii ki, birmənalı olaraq gedərəm. Təəssüf ki, o zaman məni uşaqlığım keçən həyətlərə qalxmağa qoymadılar. Amma Cıdır düzündə, Bülbülün evində, məsciddə oldum, Şuşanın küçələrini gəzdim. Sözsüz ki, ora getmək ağırdır. Amma biz gərək Şuşaya gedək.

- Bu, nəyi dəyişəcək? Ermənilərin qalib görkəmini tez-tez görmək üçünmü?

- Ermənilər heç vaxt qalib olmayıb, ola da bilməzlər. Biz öz işimizi davam etdirib Azərbaycanın ərazi bütövlüyünü təmin etməliyik. 

- Ermənistan Suriya ermənilərini Qarabağa köçürməkdə davam edir. Məskunlaşma siyasəti nəticəsində Qarabağın taleyinin də Göyçə, Zəngəzurun taleyini yaşaya biləcəyindən narahat deyilsiniz?

- Yox. Biz çalışmalıyıq ki, elə bir hal baş verməsin. Bunun üçün bütün xalq bir yerdə olmalıdır. İnanıram ki, bu, belədir. Amma bu birliyi daha da möhkəmləndirmək lazımdır. Mən hesab edirəm ki, Heydər Əliyev siyasəti Azərbaycanın ərazi bütövlüyünün təminatı deməkdir. 

- Vaxtilə ermənilərin Şuşada güllələdiyi və bu gün Bakıda İncəsənət Muzeyinin həyətində qoyulan Natəvan, Üzeyir bəy və Bülbülün heykəlləri ilə bağlı sizin təklifiniz nədir?

- Məncə, onlarla bağlı xüsusi bir yer ayrılmalıdır və o heykəlləri hər bir azərbaycanlı görməlidir. Təbii ki, müvəqqəti olaraq. Bununla məşğul olmaq və bunu etmək lazımdır. Ancaq məncə, o heykəlləri Şəhidlər Xiyabanında qoymağın heç bir adı yoxdur. Onları başqa bir yerdə qoymaq olar ki, hər kəs ziyarət etsin.

"Musavat.com"



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az