"Biz köməyə gedib onları mühasirədən çıxardıq, digər qrupumuzsa 22 postu götürdü..."
"Şəhidlərimizin qardaşı oğlanları onların adını daşıyır...”
Bunu Moderator.az-a açıqlamasında 2016-cı il Şanlı aprel döyüşlərində iştirak edən gizir Sərxan Məmmədov deyib. O, bu gün doğum günü olan şəhidimiz Ravil Novruzovun sona qədər döyüşdüyünü və qəhrəmancasına şəhid olduğunu bildirib:
"Talış kəndini iyirmi dəqiqəyə ermənilərdən azad etdik. Onda kapitan Elşad Həşimov yaralandı. Gizir Dilsuz Qarayev də şəhid oldu. Aprelin 2-də gecə saatlarında bizə xəbər gəldi ki, Elşad Həşimovun qrupu mühasirəyə düşüb. Biz köməyə gedib onları mühasirədən çıxardıq. Digər qrupumuz isə 22 postu ermənilərdən azad etdi. Həmin döyüşdə Ravil Novruzov və Elimdar Səfərov şəhid oldu. Hər iki hərbçi yoldaşım çox qəhrəman oğlanlar idi. Bu gün də biz onları anırıq və ailələrinə baş çəkirik. Həm Ravilin, həm də Elimdarın qardaşı oğlanları dünyaya gəlib və hər iki şəhidlərimizin adlarını daşıyır.
Qeyd edək ki, Ravil Elman oğlu Novruzov 1986-cı il sentyabrın 5-də Xızı rayonunun Giləzi kəndində anadan olub. 2016-cı il Şanlı aprel döyüşlərində qəhrəmancasına şəhid olan hərbçimiz doğulduğu kənddə böyük izdihamla dəfn edilib. Ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə” üçüncü dərəcəli medalı ilə təltif edilib.
Miq.Az