Biz sizdən öyrəndik qəhrəmanlığı

Biz sizdən öyrəndik qəhrəmanlığı
                                                                    
... Necə olub sağ qalmışam-
   Bilməz ki onlar:
   Sənin kimi səhər-axşam
   Gözləyənim var!
                                                                                                                  
Konstantin SİMONOV

1939-cu il sentyabrın 1-də Almaniya Polşaya hücum etdi. Bir gün sonra Böyük Britaniya və Fransa hökumətləri Almaniyaya müharibə elan etdilər. 1939-1945-ci illərdə dünyada yeni müharibə-İkinci Dünya müharibəsi başlandı. Müttəfiqi İtaliya ilə birlikdə nasist Almaniyası qısa müddət ərzində, demək olar ki,Qərbi, Mərkəzi və Cənub-Şərqi Avropanın bütün ölkələrini işğal etdi və ya özündən aslı vəziyyətə saldı.Almaniyanın hərbi gücü iki dəfə artdı. Dünya ağalığı məqsədinə çatmaq üçün Almaniya SSRİ-ni sıradan çıxartmalı idi. Bunun üçün geniş hücum planı hazırlanmışdı.Bu "Barbarossa” planı idi.Bu plana əsasən, 1941-ci il iyunun 22-də nasist Almaniyası SSRİ-yə hücum etdi. "Barbarossa” planına görə alman ordusu ildırım sürətilə Sovet ordusuna ağır zərbələr endirməli,qışa qədər Arxangelsk-Həştərxan xəttinə çıxmalı idi.​SSRİ-nin tərkibində Azərbaycan da bu müharibəyə cəlb edildi.Azərbaycan Almaniyanın işğalçılıq planında xüsusi yer tuturdu. Onun sərvətləri,strateji və geosiyasi mövqeyi nasistlərin diqqətini cəlb edirdi.Müharibə iqtisadiyyatımıza ağır zərbə vurdu.SSRİ-də birləşən digər xalqlar kimi,Azərbaycan xalqı da faşizmə qarşı mübarizəyə qalxdı.Böyük Vətən müharibəsi illərində (1941-1945) Azərbaycan xalqı həm ön, həm də arxa cəbhədə çox böyük qəhrəmanlıq və şücaət nümunələri göstərmişdir.

Müharibənin ilk günlərində 40 mindən çox oğul və qız cəbhəyə könüllü getmək üçün ərizə verdi.Yüzlərlə batalyonlar,özünümüdafiə və hərbi hava hücumundan müdafiə dəstələri yaradıldı. ​​​​​​​İkinci Dünya müharibəsində qazanılmış qələbədə çox böyük payı olan Azərbaycan xalqı özünün 700 minə yaxın oğul və qızını cəbhəyə yola salıb. Onların 300 mindən çoxu döyüşlərdə faşizmə qarşı mərdliklə vuruşaraq həlak olub. ​​​​​​​​​​​Azərbaycanda 1941-ci ilin avqustunda 402-ci,oktyabrında 223-cü,1942-ci ilin mart-sentyabrında 416-cı,avqust-sentyabrında 271-ci milli atıcı diviziyalar yaradıldı. Krımın müdafiəsində şəxsi heyətinin çoxunu itirmiş 77-ci diviziya 1942-ci ilin martında respublikada yenidən komplektləşdirildi.Azərbaycan diviziyaları Qafqazdan Berlinədək şərəfli döyüş yolu keçib,döyüşlərdə misilsiz igidlik və şücaət göstərərək,adlarını tarixin səhifələrinə qızıl hərflərlə yazıblar,çoxlu sayda həmyerlimiz partizan dəstələrinin tərkibində qəhrəmancasına vuruşub.​​​​​​​Azərbaycan zəhmətkeşləri də müharibənin ilk günlərindən düşmən üzərində qələbə naminə işləməyə başladılar.1941-ci il iyunun 28-dən etibarən Azərbaycanda da bütün işlər müharibənin tələblərinə uyğun qurulmağa başladı. İqtisadiyyatı cəbhəyə xidmət istiqamətinə yönəltmək məqsədi ilə respublikada böyük işlər aparılırdı.

Bütün sənaye sahələri cəbhə üçün məhsul istehsalına keçdi. İkinci Dünya müharibəsi illərində Azərbaycan neftçiləri faşizmə qarşı mübarizədə həlledici qələbələrin əldə olunmasında müstəsna xidmətlər göstərərək, cəbhə və sənaye üçün 75 milyon ton neft, 22 milyon ton benzin və başqa  neft məhsulları verib. Müharibə illərində Sovet İttifaqında hasil olunan neftin dörddə üç hissəsi, aviasiya benzini və yüksək kefiyyətli yağların 85-90 faizi Azərbaycanın payına düşüb. Bakı nefti faşizm üzərində şanlı qələbənin əldə olunmasında mühüm rol oynadı. Kənd təsərrüfatında hərbi əhəmiyyətli yeni texniki bitkilərin becərilməsinə başlanıldı.Kənd əməkçiləri müharibə illərində ölkəyə 500 min ton pambıq və digər strateji xammal məhsulları vermişdilər. Fədakar əməyinə görə  minlərlə əmək adamı orden və medallarla təltif edilmişdir.Böyük Vətən müharibəsi Azərbaycan xalqının kütləvi qəhrəmanlıq və fədakarlığını nümayiş etdirdi.

Nasizm vəbasına qarşı mübarizədə Azərbaycan xalqı bütün qüvvələrini səfərbər edərək,möhkəm arxa cəbhə yaratdı. Onun ahəngdar işləməsi üçün var gücü ilə çalışdı.Bunun üçün böyük əmək sərf etdi.Orduya səfərbər olunanların yerini qadınlar və yeniyetmələr tutdu.Qısa müddətdə 40 mindən çox ixtisaslı fəhlə hazırlandı.Bütün imkanlarını düşmən üzərində qələbəyə yönəltdi. Faşizmə qarşı mübarizədə azərbaycanlılar döyüş meydanları ilə yanaşı, arxa cəbhədə də qəhrəmanlıq göstəriblər. Beləliklə, Azərbaycan döyüşərək və arxa cəbhələrdə fəal iştirak edərək faşizm üzərində qələbənin əldə edilməsinə yaxından kömək etmişdi. ​​​​​​​
​​​​1945-ci il mayın 8-dən 9-na keçən gecə Berlin şəhərində faşist Almaniyası və onun silahlı qüvvələrinin qeyri-şərtsiz təslim olması barədə akt imzalanıb.Bununla da Böyük Vətən müharibəsi faşizm üzərində qələbə ilə başa çatmışdır. 9 May tarixə Qələbə günü kimi daxil oldu. Böyük Vətən müharibəsi-Rusiya və keçmiş postsovet ölkələrinin bəzilərində 1941–1945-ci illərdə, İkinci Dünya müharibəsi dövründə Sovet İttifaqının Almaniya və onun müttəfiqlərinə qarşı apardığı müharibəyə verilən ad. Dünyada bu müharibə Sovet-alman müharibəsi,İkinci Dünya müharibəsində Şərq cəbhəsi adlarıyla tanınır.MDB ölkələrində Almaniyanın danışıqsız təslim olduğu gün - 9 may günü rəsmi bayramdır.

Sentyabrın 2-də isə faşist blokunun üzvü olan Yaponiya danışıqsız təslim oldu. Beləliklə, İkinci Dünya müharibəsi sona yetdi. Düşmən üzərindəki tarixi qələbədə xalqımızın böyük xidməti oldu.Müharibə zamanı göstərdikləri igidliyə görə 123 nəfər azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 170 mindən çox əsgər və zabit isə müxtəlif orden və medallarla təltif edilib.​​Bu gün 9 May Azərbaycanda dövlət  səviyyəsində Qələbə bayramı kimi qeyd olunur.Ümummilli lider Heydər Əliyev hakimiyyətdə olduğu bütün dövrlərdə müharibə veteranlarının problemlərinə böyük diqqət və qayğı ilə yanaşıb. 1994-cü ildən başlayaraq ölkəmizdə Qələbə Günü qeyd olunur. Ulu Öndərimizin siyasətinin uğurlu davamçısı Prezident İlham Əliyev müharibə veteranlarına dövlət qayğısını sosial sahədəki fəaliyyətinin əsas istiqamətlərindən birinə çevirib.

Şərəfli döyüş yolu keçmiş Azərbaycan veteranlarını Qələbə günü münasibətilə təbrik edirik. Dünyasını dəyişən igid oğullarımızın xatirəsini dərin ehtiramla yad edirik.
Hazırladı:
Gülanə SƏDA,
Tarixçi



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az