Bu, Türkiyə ilə əməkdaşlığımızı gücləndirdi
Ötən əsrin sonunda, fikrimcə, mühüm hadisə baş verdi. Azərbaycandan Gürcüstanın Qara dənizdəki Supsa limanına gedən birinci neft boru kəmərinin açılışı baş tutdu. Bunun sayəsində biz ixraca başlaya bildik və bir çox ölkələrin tələbatlarını təmin etdik.
Miq.Az xəbər verir ki, bunu Prezident İlham Əliyev Bakı Enerji Həftəsi çərçivəsində 27-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin rəsmi açılış mərasimində çıxış edərkən deyib.
"Eyni zamanda, biz tərəfdaşlarımızla birgə qaz yataqlarının, xüsusən də, dünyada ən iri qaz yataqlarından biri sayılan "Şahdəniz” yatağının kəşfiyyatına başladıq. 2007-ci ildə Bakı-Tiflis Ərzurum qaz boru kəməri istismara verildi, Azərbaycan qazı, ilk dəfə olaraq, Türkiyənin və Gürcüstanın regional bazarlarına nəql olunmağa başladı. Bir il əvvəl - 2006-cı ildə isə biz Xəzər dənizini Aralıq dənizi ilə birləşdirən Bakı-Tiflis-Ceyhan neft boru kəmərinin tikintisinə müvəffəq olduq. Həmin vaxt və indi də, fikrimcə, o, əlamətdar hadisə idi. Bu, neftin beynəlxalq bazarlara çıxarılmasında yeni marşrut və mənbə idi. Həmin vaxtdan etibarən, Bakı–Tiflis–Ceyhan və Azərbaycanın bütün digər enerjinin nəql olunması infrastrukturu hər hansı fasilə olmadan istismar edilir. Bu, əlbəttə ki, proqnozlaşdırmanın, etibarlılığın və bu cür nəhəng, texniki və maliyyə baxımından çətin infrastruktur layihələrin icrasında bacarığımızın təzahürüdür. Həmçinin bu layihələr çox mürəkkəb siyasi mühitdə həyata keçirilmişdir.
Bu, regional enerji təhlükəsizliyi məsələlərinə aid olan mühüm tarixi hadisə idi. Əlbəttə ki, o, Azərbaycan ilə onun qonşuları - Türkiyə və Gürcüstan arasında regional əməkdaşlığı gücləndirdi. Bununla belə, planlarımız bundan da böyük idi. Təbii ki, biz Azərbaycanın nəhəng qaz ehtiyatlarını istifadə etmək istəyirdik və əlbəttə, bu məqsədlə bizə yeni boru kəməri lazım idi. Mən deyərdim, XXI əsrin boru kəməri – Cənub Qaz Dəhlizinə ehtiyac duyulurdu. Cənub Qaz Dəhlizin 2020-ci ilin sonuncu günündə uğurla tamamlanması ümumi iradəmizi, komanda daxilində işləmək və böyük uğurları qazanmaq bacarığımızı nümayiş etdirir. Bir çox ölkələri keçən, dənizin dibindən tutmuş uca dağ zirvələrinə qədər gedən 3500 kilometrlik vahid boru kəmərləri sistemi qüdrətimizin və dostluğumuzun təzahürüdür. Buna görə, Azərbaycanın ilkin mərhələdə başlatdığı enerji layihələri regional əməkdaşlıq üçün çərçivə yaratdı və onlar hazırda qlobal enerji layihələrinə çevrilib”, - dövlət başçısı söyləyib.