"Üç dəfə imtahandan keçən müəllimlərin maaşı 35 % artacaq" - Ekspert


Qarşıdan ümumtəhsil müəssisələrində işləyən müəllimlərin sertifikasiya imtahanı gəlir. Sertifikatlaşdırma prosesindən isə müəlimlərin çoxu narazıdır. Belə ki, onlar ali təhsil haqqında diploma malik olduqlarını, belə imtahanlara ehtiyac olmadığını bildirirlər.
Bəs, ekspertlər bu barədə nə düşünürlər?


Təhsil eksperti Kamran Əsədov Bakupost.az -a açıqlamasında bildirib ki, sertifikasiya ilə müəllimlərin sadəcə ixtisas bilikləri yoxlanılır.
Onun sözlərinə görə, 2022-ci ildə 11000 ibtidai sinif müəllimi sertifikasiyada iştirak edib:
"11000 müəllimdən 2800-ü ixtisası üzrə minimum keçid balını toplaya bilməyib. Həmin o müəllimlər arasında” asfalt” və "şaftalı” sözünü düzgün yaza bilməyən kifayət qədər müəllim vardı. Birmənalı şəkildə biz müəllimlərin imtahan verməsindən narahat olmamalıyıq".
Ekspert bildirib ki, bu il iyun ayında Azərbaycan dili, ədəbiyyat və riyaziyyat müəlimləri sertifikasiyaya cəlb olunacaqlar:
"Bütün fənnlər eyni vaxtda olmayacaq. Hal-hazırda Azərbaycanın 4432 orta ümumtəhsil məktəbində 151000 müəllim çalışır. Müəllimlərimiz yalnız 2019-cu ildə işə qəbul edilərkən imtahanda iştirak ediblər. Biz onların hansı bilik və bacarıqlara malik olmasını bilmirik. Bizim orta ümumtəhsil məktəblərimizdə 1.6 milyon şagird təhsil alır. Həmin şagirdlərin təlim və tədrisi ilə məşğul olan şəxslərin hansı bilik və bacarıqlara malik olmasını yoxlamalıyıq. Azərbaycanda sertifikasiya imtahanları 2022-ci ildə başlayıb. Bu qanunda nəzərdə tutulmuş bir yoxlamadır. İkincisi, müəllimlərimiz öz ixtisasları üzrə imtahana cəlb edilirlər. Bu şəxslər 4 il ali təhsil alırlar və minimum 5 ilə qədər həmin ixtisası tədris edirlər. İxtisasları ilə bağlı minimum bilikləri varsa, bundan narahat olmamalıdırlar”.
K.Əsədov qeyd edib ki, sertifikasiya imtahanına görə müəllimlər hazırlıqlara getməyə, kitab oxumağa başlayırlar, halbuki onlar hər gün öz üzərlərində işləməlidirlər:
"Sertifikasiya imtahanları 5 ildən bir keçirilir. Sertifikasiya imtahanından 3 dəfə uğurla keçən müəllim bir daha sertifikasiyada iştirak etmir və əmək haqqını 35% artımla alır. Bir müəllimin tədris saatı 18 saatdırsa, 650 manat məvacib alırsa, sertifikasiyadan keçdikdən sonra onun əmək haqqı 900 manat üzərində olcaq. Serifikasiya imtahanını 3 dəfə keçən müəllim növbəti imtahanda iştirak etmiyəcək. Bir idmançı yarışdan qorxmadığı kimi müəllim də imtahandan qorxmamalıdır. İlk dəfə işə qəbul edilənlər sertifikasiyaya cəlb edilmir. İşə qəbul olanda verdiyi imtahan sertifikasiyaya bərabər tutulur. Onlar sadəcə 5 il ştaj əldə etdikdən sonra sertifikasiyaya cəlb olunurlar. Müəyyən kateqoriyalı şəxslər, məsələn, təkbaşına uşağını böyüdən ana, şəhid ailəsi üzvləri sertifikasiyadan azaddırlar. Bir müddətdən sonra onlar da imtahan verəcəklər. Direktorlar isə dərs demək istəyirsə, sertifikasiya imtahanı verməlidirlər. Sertifikasiyadan keçə bilməyən müəllimlərə əlavə bir il də şans veriləcək. Əgər növbəti il də keçə bilməsələr, müəllimlik vəzifəsindən azad oluncaqlar. Məsələn, keçən il bizim 2800 müəllimimiz sertifikasiyadan keçə bilməyib. Onlara bu il də şans veriləcək. Kimlər keçə bilməsə, onlarla bağlanmış müqaviləyə xitam veriləcək”.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az