Dəmirbankdan Milli Qəhrəmana XƏYANƏT- Şəhid ailələrinə hörmətsizlik

Dəmirbankdan Milli Qəhrəmana XƏYANƏT- Şəhid ailələrinə hörmətsizlik
 
Bu xəyanət kimlərin sifarişidir?
 
Miq.az xəbər verir ki, bir neçə gündür ki, ölkə mətbuatında DəmirBankla əmanətçiləri arasında münaqişələr haqqında məlumatlar yayılır.
 
Bankın Bayıl Filalı əmanətçilərlə müqavilə bağlayıb, onlara əmanət kitabçası verib, lakin pulun hesaba yatırılmadığı aşkarlanıb.
 
Bir neçə gün əvvəl Miq.az saytında Dəmir Bankla müştəriləri arasında münaqişəli vəziyyətin yaranmasına dair məlumat tirajlamışdıq. 
 
Həmin məlumatda vurğulanırdı ki, bir qrup şəxs mətbuata pullarını Dəmir Banka etibar edərək əmanət şəklində ora qoyduqlarını, ancaq bir neçə vaxtdır ki, pullarını geri almaq istədikləri halda bankın min bəhanə ilə vətəndaşların qoyduğu əmanətləri geri vermək istəmədiyini bildiriblər.
 
Əmanətçilər arasında şəhid ailələri, hətta Milli Qəhrəmanlarımızın ailə üzləri də var. Dəmir Bank isə şəhid ailələrinin, Milli Qəhrəmanımızın ailə üzvlərinin əmanətini geri vermir.
 
Şikayətçilər hələlik adlarının çəkilməsini istəmirlər. Ancaq Dəmir Bank onların əmanətlərini qaytarmayacağı təqdirdə əllərindəki rəsmi müqavilələri, pulların mədaxil orderlərini, əmanət kitapçalarını KİV-də yayacaqlarını və məhkəməyə müraciət edəcəklərini bildirirlər.
 
Məlumata görə, qalmaqal Dəmir Bankın Bayıl filialında baş verib. Etibarlı mənbələrdən aldığımız məlumata görə, 7 nəfərə yaxın şəxs bankın adıçəkilən filialına əmanət şəklində pul qoyublar. Məlumatlara görə, həmin şəxslərə aid əmanətlərin ümumi məbləği 3 milyon manata yaxındır.
 
Miq.az xəbər verir ki, Azərbaycanın Milli Qəhrəmanı, şəhid Təbriz Xəlilbəylinin ailəsindən elə qaziler.az saytının redaksiyasına məktub daxil olub.
 
Həmin məktubda DəmirBankın, hətta şəhid, Milli Qəhrəman ailələrinin də pullarının min bir bəhanə ilə geri qaytarılmaması söylənilir, bu pulların mənimsənildiyi vurğulanır.
 
Biz də bu məsələni dərhal araşdırmağa başladıq. Məlum oldu ki, yeddi nəfər vətəndaş, o cümlədən şəhid və Milli Qəhrəman ailələrinin üzvləri on illərlə manat-manat topladıqları pulları DəmirBanka əmanət etmişdir. Həmin insanların əllərində rəsmi müqavilələr, pulların mədaxil qəbzləri, əmanət kitabçaları, hətta bankın səlahiyyətli şəxsləri tərəfindən imzalanıb-möhürlənmiş qarant məktubları olmasına və həmin depozit əmanətlərin müqavilə müddətlərinin aylardır ki, bitməsinə baxmayaraq, bu günə qədər geri qaytarılmamışdır. Son bir ayda iki dəfə rəsmi müraciət edilməsinin də bir faydası olmamışdır. Bununla bağlı bankın sahibinə jurnalistlər və vətəndaşlar tərəfindən yazılan sorğular və məlumatlar bloka salınaraq cavabsız qalmışdır. Qeyri-rəsmi məlumatlara görə, həmin pullar mənimsənilmişdir. Bu, biabırçı haldır.
 
Azərbaycanın bütövlüyü uğrunda canlarını qurban vermiş şəhid, Milli Qəhrəmanların ailələrinə qarşı DəmirBank rəhbərliyi tərəfindən bu çirkin əməllər ölkə prezidentinin siyasətinə birbaşa edilən xəyanətdir. Cəbhədə hələ bu gün də şəhidlər verdiyimiz bir zamanda bu ailələrə qarşı edilən belə çirkin hərəkətlər bizim hamımızın milli qürurumuza edilən təhqirdir. Bəlkə, bu münasibətlər son vaxtlarda cəbhədə qazanılan uğurlara DəmirBankın buradakı rəhbərliyi və xaricdəki səhmdarlarının hikkəsidir. Bəlkə, bu, belə bir önəmli zamanda Azərbaycan millətinə qarşı törədilən mənəvi terrordur? Ölkə başçısının daim, xüsusilə son zamanlarda nəinki şəhid, Milli Qəhrəmanların ailələrinə, eyni zamanda torpaq uğrunda döyüşmüş qazilərə, əlillərə göstərdiyi xüsusi qayğısına qarşı DəmirBank rəhbərlərinin, onların havadarlarının bu xəyanəti kimlərin sifarişidir? Hazırki zamanda qəsdən törədilən bu narazılıqlar kimlərin xeyrinə işləyir?
 
Biz Qarabağ qaziləri olaraq heç bir bəhanə qəbul etmədən DəmirBank rəhbərliyindən təcili olaraq bu biabırçılığı aradan qaldırmağı tələb edirik. Biz Vətənimiz üçün cəbhələrdə canımızı fəda edərkən siz "əziz” balalarınızla yağ içində böyrək kimi yaşayaraq belə çirkin əməllərinizlə çirkin milyonlara sahib olmusunuz. Bu, bəs deyilmiş kimi bu gün də bu işi davam etdirirsiniz. Bu, bağışlanılmazdır. Biz bank rəhbərliyinə bir şans vermək naminə hələlik adlar açıqlamırıq. Ancaq tələbimiz bir-iki gün içərində yerinə yetirilməsə, şəhid və Milli Qəhrəman ailələrinin və onların yaxınlarının illərlə qəpik-qəpik yığdığı pullar geri qaytarılmasa, Qarabağ müharibəsinin qaziləri, əlilləri və şəhid ailələri ayağa qalxaraq əlimizdə olan bütün dəlilləri açacaq və pulların geri qaytarılması üçün qanun çərçivəsində bütün gücümüzdən istifadə edəcək, şəhid ailələrinin pozulmuş hüquqları DəmirBank rəhbərliyi tərəfindən bərpa olunanadək mübarizə edəcəyik.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az