Dərman alarkən diqqətli olaq (Araşdırma)

Dərman alarkən diqqətli olaq (Araşdırma)

Ramilə

Son dövrlər əhali arasında apteklərin fəaliyyətindən narazı olanlar çoxdur. Bunun bir sıra səbəbləri vardır. İlk növbədə, dərman mallarının satışında süni qiymət artımı diqqəti cəlb edir. Evdə xəstəsi olan insanların bu dərmanları ala bilmək imkanları yoxdur. Həkimlər isə xəstələrinə daha çox firma dərmanları yazmağa üstünlük verir. Bu firma dərmanlarının qiyməti isə baha olur. Məsələn, elə iynələr var ki, onun bir dənəsi 7 manatdır. Həkim xəstə üçün 10 dənə eyni adlı iynəni istifadə etməyi yazsa, xəstənin halı daha da pisləşəcək. Hələ təkcə reseptdə bu dərman olsa dərd yarı olar. Bir reseptdə həkim neçə dərman yazıbsa, hamısı bahalıdır.

Digər səbəb odur ki, apteklətrdə vaxtı ötmüş dərman məhsulları satılır. Aptek rəhbərləri və müvafiq qurumlar buna nəzarət etmir. Onlar üçün əsas məqsəd dərmanın satılması və ondan əldə edəcəkləri gəlirdir. Milləti, onun balalarını düşünən yoxdur. Axı çox adam dərman alarkən onun istifadə müddətinə diqqət etmir. Aptek sahibləri də bundan istifadə edir. Düşünmürlər ki, vaxtı keçmiş dərman insan orqanizminə ciddi zərər vura bilər. Axı onu da alıb istifadə edən bir insandır. Bir Azərbaycan vətəndaşıdır. Sənin bacın, qardaşın və atandır. Xatırladım ki, nazirliyin keçirdiyi reydlər zamanı aşkar oldu ki, nəticəsində yararlıq haqqında analiz protokolu olmayan 299 seriya 1428 qutu (bunlardan 956 qutu qeydiyyatsız dərman vasitələri), istifadə müddəti bitmiş 22 qutu dərman preparatları aşkar olunaraq müsadirə edilib. Eyni zamanda lisenziyasız dərman preaparatları da ölkəmizə gətirilir.Səhiyyə Nazirliyi və Dövlət Gömrük Komitəsi bu məsələyə nəzarəti gücləndirməlidir.

Son dövrlər isə valideynlər həyəcan siqnalı çalmaqdadır. Həkimlərin uşaqlara məsləhət bilib yazdığı “Ritalin” adlı dərman var. Bu dərmanın təsiri kokaindən də güclüdür. Avropa ölkələrində sıx da olmasa, həkimlər bu dərmandan əqli problemləri olan uşaqların müalicəsində psixotrop vasitə kimi istifadə edirlər. Hiperaktivlik və diqqət çatışmazlığı sindromu kimi xəstəliklərdə “Ritalin” həblərindən yalnız bir müddət həkim nəzarəti altında istifadəsi mümkün sayılır. Sadə dillə desək, burada yerində dura bilməyən, həddindən artıq hərəkətdə olan, öz aləmində olsa da, ictimailəşə bilməyən uşaqlar nəzərdə tutulur. Mütəxəssislər bütün hallarda bu dərmandan istifadənin tərəfdarı deyil, çünki bu dərman uşaq narkomaniyasının bünövrəsini qoyur, pasiyentdə asıllıq yaradır. Bu səbəbdən bu dərmanın adı “uşaq kokaini” kimi də məşhurdur. Amma bizim bəzi həkimlər bu dərmanı istifadəsini uşaqlarımıza məsləhət bilirlər. Bu dərmanın isə ümumiyyətlə, idxalının dayandırılması isə mümkünsüz sayılır. Bir çox dərman kimi bu dərman da milyonlarla gəlir gətirdiyi üçün bir çox ölkədə satışı leqallaşıb. Hazırda dünyada 10 milyondan(6 milyonu ABŞ-dadır) çox uşaq bu dərmandan istifadə edir. Başqa sözlə, uşaqların canı bahasına dərman yaxşıca gəlir gətirir. Bəlkə də bu səbəbdəndir ki, “Ritalin” müxtəlif ticarət markaları ilə satılır. Onun digər adları “ Meridil”, “Centedrin”, “Rilatine”, “Metilfenidat”, “Metilfenidate Hidroxlorid” dir. Odur ki valideynlərin nəzərinizə çatdırırıq ki, həkim məsələhət bilsə də bu dərmanı apteklərdən almayın. Bununla yanaşı dərman preaparatlarının istifadə müddətinə də özünüz nəzarət edib alın ki, sonradan nə cibinizə, nə də ki sağlamlığınıza ziyan dəysin.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az