İmişli rayon Aranlı kənd 1 saylı tam orta məktəbində müəllim dərsi boykot edib. O bildirib ki, məktəbdə ayaqyolu tikilənə qədər şagirdləri məktəbə gəlməyəcək.
Bununla bağlı video yayıldıqdan sonra müəllimə töhmət verilməsi ilə bağlı xəbərlər yayılıb.
Məsələ ilə bağlı Mil-Muğan Regional Təhsil İdarəsindən bildirilib ki, töhmət həmin videoya görə deyil, müəllimin üzrsüz səbəbdən iş yerinə gəlməməsilə bağlı olub:
"Məktəbin ibtidai sinif müəllimi Leyla Nəcəfquliyevaya 7-8 dekabr 2022-ci il tarixlərində məktəb rəhbərliyinə heç bir məlumat vermədən üzrsüz səbəbdən iş yerinə gəlmədiyinə, əmək müqaviləsi üzrə müəyyən edilmiş vəzifə funksiyalarını və müəssisədaxili intizam qaydalarını pozduğuna görə Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin "a" bəndinə uyğun olaraq töhmət verilib”.
Təhsil üzrə mütəxəssis Qoşqar Məhərrəmov hesab edir ki, müəllimin ayaqyolu probleminə görə dərsi boykot etməsi başadüşüləndir.
O, Bakupost.az -a açıqlamasında deyib:
"Ayaqyolu zəruri bir ehtiyacdır. Əgər uşağın fizioloji ehtiyacları qarşılanmırsa təhsil ehtiyacının ödənilməsinin heç bir faydası olmaz. Düşünürəm ki, müəllim həqiqətən bu problemin həll edilməsinə görə belə addım atıbsa, o zaman mən şəxsən onu alqışlayıram. Amma yox, daha əvvəldən də məktəbə gəlməyib və ona görə töhmət verilibsə, o zaman məsələ başqa cür dəyərləndirilməlidir.
Müəllim dərsə girməsə də, məktəbə gəlməliydi. Qanun bunu tələb edir. Bir var hüquq, bir var həqiqət. Bəzən həqiqət hüququn üstünə keçə bilir. Bəzən sən həqiqəti edirsən, hüquq sənin yanında olmaya bilər. Əgər qalib gəlsə, həmin müəllim qəhrəmandır. Əgər qalib gəlməsə, işini itirə bilər”.