Deyəcəklər ki, qayınanan sənə niyə ev alıb? - Deklorasiyası tələbinə maraqlı reaksiya
Azərbaycanda gəlir deklorasiyasının nazirlər kabinetinin təsdiq etdiyi forması yoxdur. Bu çirkli pulların yuyulması ilə əlaqəli Azərbaycanın qoşulduğu konvensiyaya əməl etmək məqsədi ilə verilmiş qərar olsa da, lakin yanlışdır. Deyirlər ki, ev alan şəxs gəlir mənbəyini yazılı formada bəlli etməlidir. Bu ümumiyyətlə absurddur.
Bu sözləri Yenipress.az-a iqtisadçı ekspert Natiq Cəfərli daşınmaz əmlakların notarial alqı-satqısında 20 min manatdan artıq məbləğ üçün gəlir deklorasiyası tələb olunması barədə qərarı şərh edərkən deyib.
Ekspertin sözlərinə görə, bu, yerinə yetirilməsi mümkün olmayan qərar və insanlara çətinlik yaradan maneədir:
"Bu qərarın heç bir hüquqi əsası yoxdur. Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunda da gəlir deklorasiyası barədə heç nə yazılmayıb. Lakin şifahi və ya yazılı formada əldə olunan gəlirin mənbəyi göstərilməsi qeyd olunub”.
N.Cəfərli əlavə edib ki, bu sistemi tətbiq etmək üçün öncə ölkə üzrə "Gəlir deklorasiyası haqqında qanun” qəbul olunmalıdır.
"Bu qanuna əsasən isə gəlir deklorasiyasının forması təqsdiq olunmalıdır. Həmin formada vətəndaşlar ildə bir dəfə, 1 ay ərzində öz gəlirləri barədə məlumatı qeyd etməlidir. Lakin Azərbaycanda bu qanun yoxdur. Belə olan halda isə natarius hansı haqla vətəndaşdan gəlir deklorasiyasını tələb edir!? Qanun qəbul edilsin və forması təsdiq olunsun”.
Ekspert əlavə edib ki, ölkədə sadə vətəndaşdan tutmuş ən yüksək vəzifəli məmurlara qədər hər kəs gəlir deklorasiyası verməlidir:
"Bu yaxınlarda belə bir hal olmuşdu, tanıdığım şəxs ev alan zaman ondan gəlir deklorasiyasını tələb etmişdilər, o da yazmışdı ki, evi qayınanam alıb ki, qızına yaxşı baxım. O, şəxsə kim nə deyə bilər ki? Deyəcəklər ki, qayınanan sənə niyə ev alıb? Yaxud mənim dostum xaricdə yaşayır, pul göndərib ev almışam. Deyəcəklər ki, dostun niyə sənə pul göndərib?”