
S.Sarkisyanın bu bəyanatına istinad edən deputat sual edib ki, əgər keçmiş hökumət bu formata razı idisə, Zəngilan, Cəbrayıl, Qubadlı və digər ərazilərə, Araz çayı üzərindəki stansiya və bu kimi işlərə niyə milyonlarla dollar vəsait xərclənirdi?
"Belə çıxır ki, vətəndaşımızın vergilərindən yığılan pullar, diaspordan alınan vəsaitlər, Azərbaycana qaytarılmalı olacaq ərazilər üçün xərclənib. Yəni o qədər varlı idik ki, onlar üçün şəhərlər və kəndlər tikdik?", - deyə erməni deputat fikirlərini absurd şəkildə əsaslandırmağa çalışıb.
Marukyan daha sonra iddia edib ki, bu siyahıya Laçın və Kəlbəcər bölgələrində əsasən su elektrik stansiyalarının tikintisi və ticarət məsələləri üçün də bir neçə yüz milyon dollarlıq kredit portfeli ayrılmışdı: "Banklardan dövlət zəmanəti ilə nəhəng kreditləri götürməyin mənası var idimi? "5 + 2" formatında bölgənin qaytarılmasına dair danışıqlar aparılırdısa, bütün bu xərclər nəyə lazım idi?".
Faktiki olaraq Marukyan açıq şəkildə bəyan edib ki, Sarkisyan yumşaq desək, hiyləgərlik edir. O, Azərbaycana heç nəyi qaytarmaq niyyətində olmayıb, indi isə belə bəyanatlar verir ki, Paşinyana daha ciddi zərbə vursun: guya Ermənistan Dağlıq Qarabağ ətrafındakı rayonları onsuz da qaytarmağı planlaşdırırdı, lakin minlərlə insan tələfatı olmadan, Şuşanı və Hadrutu itirmədən və demək olar ki, həll olunmuş status məsələsi ilə...
Əslində Sarkisyan yaxşı başa düşürdü ki, Azərbaycan heç zaman "DQR"in müstəqilliyinin tanınması ilə razılaşmayacaq, buna görə də ermənilərin "təhlükəsizlik kəməri" adlandırdıqları rayonları sülh yolu ilə azad etmək lazım gəlməyəcək. Buna görə də müəyyən vəsait qoyulurdu, eləcə də işğal olunmuş ərazilərdə fəal məskunlaşdırma prosesi gedirdi...
Amma Marukyanın dediklərinin özü də ziddiyyətlidir. Yəni o hansı tikinti-quruculuq işlərindən danışır? 30 ilə yaxın işğal dövründə Azərbaycan torpaqlarını zəbt edən ermənilər Qarabağda daş üstündə daş qoymayıblar, bütün yaşayış yerləri, binalar, tarixi-mədəni abidələr, hətta qəbiristanlıqlar da yerlə-yeksan edilib, infrastruktur sıradan çıxarılıb, bütün sərvətlərimiz talan olunub. Özü də bunu artıq bütün dünya görüb, bilir. "Milyonların xərcləndiyi" "quruculuq işləri" budurmu?