Bir neçə gün öncə İlk Avropa Oyunlarını işıqlandırmaqdan imtina etdiyinə görə Prezident Vladimir Putin Rusiyanın media qurumlarını tənqid edib. Putinin tənqidindən sonra Rusiyanın iki telekanalı bu idman tədbirini birbaşa yayımlamaq qərarına gəlib.
Rusiya telekanallarının oyunların işıqlandırılması ilə bağlı fikirlərinin dəyişməsini Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov Ölkə.Az-a şərh edib:
"Rusiya mediası, çox güman, maliyə məsələsinə görə 1-ci Avropa Oyunların işıqlandırmırdı. Hər hansısa böyük oyunu işıqlandırmaq üçün müqavilə bağlamaq lazımdır, müqavilənin fonunda müəyyən ödənişlər olmalıdır. Çox güman ki, bu məsələlərlə bağlı problemlər oldu və elə həmin günün səhərisi məsələ öz həllini tapdı. Artıq bir kanalda deyil, Rusiyada iki kanalında 1-ci Avropa Oyunları işıqlandırılacaq, digər kanallarda da müəyyən yarışlardan fraqmentləri veriləcək.
Bir müddət bundan əvvəl Moskvada oldum. Orada öz həmkarlarımla görüşdüm. Bu görüşlərdə iki nüans mənim diqqətimi cəlb etdi. Birincisi, onların Bakı haqqında təsəvvürləri, Azərbaycanı çox dəqiqliklə izləmələri. İkincisi, bu inkişafa müsbət yanaşmaları və 1-ci Avropa Oyunları ərəfəsində görülən işləri diqqətlə izləmələri və tam məlumatlı olmalarıdır.
Rusiya jurnalistləri də Azərbaycanda keçirilən bu oyunlara çox böyük maraq göstərirlər. Rusiya komandası yarışda say tərkibinə görə ən çox idmançı ilə qatılacaq komandalardan biridir və rusiyalı jurnalistlər də oyunları izləyib işıqlandıracaqlar".