Əgər bir ana səkkiz aylıq körpəsini ÖLDÜRÜBSƏ...
Ağdamda baş verən hadisə sadəcə dəhşətdir... Ana səkkiz aylıq körpəsini boğub öldürüb. Bu cinayəti düşünmək belə adamı ürpəndirir. Şəxsən mənim Qubadakı kütləvi məzarlıq, Xocalıdan ərşə qalxan günahsız körpə fəryadı olmasaydı ermənin də balasın öldürməyə əlim gəlməz. Erməninin haaa...
Deməli donmamaq üçün əynindəki paltarı körpəsinə verib özü donub ölən ana, bu gün körpəsini beşikdə boğub öldürür.
Xocalıda düşmən əlinə keçməməsi üçün bələkli balasını kolda gizlədib başqa istiqamətdə diqqəti üzərinə çəkən ana bu gün həmin gizlətdiyi körpəni tapıb öldürdü.
Avtoqəzada balasına görə yanan maşını tərk etməyən ana bu gün həmin balasının qatili oldu.
Hara gedirik?! Bu həzin addımların bizi apardığı mənzil haradır, cənablar?! Şaxtalı, boranlı, sırsıralı aşırımlar addımlayan biz, niyə günəşli çəməndə burulğana düşdük?! Axı nə yedik, nə içdik, nə udduq??!!!...
Bu vəhşətə söz tapıb cümlə edə bilmirəm. Yalanı yoxdur... Əgər bir ana səkkiz aylıq körpəsini öldürübsə deməli hamımız qatilik. Ya da həmin qətlin qurbanı...
Elgün Gəncimsoy