Ekspert: “Cərimələri artırmaqla yollarda qayda qanuna nail olmaq mümkün deyil”
Azərbaycanda yolda sürət həddini aşmaya görə cərimələr artırılır. Bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilir.
Layihəyə əsasən, yolda müəyyən edilmiş hərəkət sürətini 41-60 km/saat aşmağa 200, 61 km/saat və daha artıq aşmağa görə isə 300 manat cərimə tətbiq olunacaq. Hazırda isə həmin hallara görə, uyğun olaraq, 150 və 250 manat cərimə nəzərdə tutulur.
Birtərəfli yollarda əks istiqamətdə hərəkət edən sürücülər də 150 manat cərimələnəcək. Hazırda bu, 100 manatdır.
Dəyişiklik layihəsi iyunun 6-da Milli Məclisdə səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.
Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov Demokrat.az-a açıqlamasında bildirib ki, tətbiq edilən yeni cərimələrin o qədər də effekti olmayacaq:
"Cərimələri artırmaqla Azərbaycanda yollarda qayda qanuna nail olmaq mümkün deyil. Biz artıq neçə illərdir ki, müşahidə edirik ki, insanlar cərimə olunur, amma qaydalar yenə də pozulur. Qəzaların sayı yenə də azalmır. Fikrimcə, bu cərimələrlə heç nə dəyişməyəcək. Ancaq bu qərarın az da olsa effekti olacaq".