Eldar Sabiroğlunun oğlu sərbəst buraxıldı
Bu gün Binəqədi Rayon Məhkəməsində Zərdab rayon prokurorluğunun keçmiş müstəntiqi Rüfət Səfərovun barəsində seçilmiş həbs-qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı apellyasiya şikayətinə baxılıb.
Virtualaz.org saytına vəkil Bəhruz Bayramovun verdiyi xəbərə görə, yanvarın 15-də həbs edilmiş keçmiş müstəntiq Rüfət Səfərov azadlığa buraxılıb. Binəqədi rayon məhkəməsində onun ev dustaqlığına buraxılmasına dair vəsatət baxılıb və vəsatət təmin edilib.
Qeyd edək ki, Baş Prokurorluğun yaydığı məlumata əsasən, Rüfət Səfərov bir müddət əvvəl "Prokurorluq haqqında” qanunun 34-cü və "Azərbaycan Respublikası Prokurorluğu işçilərinin etik davranış Kodeksi”nin 30 və 31-ci maddələrinin tələblərini kobud surətdə pozaraq prokurorluq orqanlarında prokuror və ya müstəntiq vəzifəsi ilə bir araya sığmayan hərəkətlərə yol verdiyinə görə, prokurorluq orqanlarından xaric edilib. Onun barəsində Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 311.3.2-ci maddəsiylə cinayət işi başlanıb. Binəqədi Rayon Məhkəməsinin qərarı ilə barəsində 3 ay 26 gün müddətinə həbs qətimkan tədbiri seçilib.
Xatırladaq ki, R.Səfərov Müdafiə Nazirliyinin mətbuat xidmətinin keçmiş rəhbəri, sabiq deputat Eldar Sabiroğlunun oğludur.
Miq.az