
Hesablama Palatasının həmin vaxt yaydığı məlumata görə, "Aqrolizinq” ASC-də büdcə vəsaitlərindən qanunsuz istifadə, büdcə öhdəliklərinin icra edilməməsi, iş həcmlərinin artırılması, borcların uçotdan yayındırılması və digər maliyyə pozuntularına yol verildiyi nəzərə alınaraq nəzarət tədbiri üzrə yoxlama materialları Baş Prokurorluğa təqdim olunub. Hətta həmin vaxt Ə.Bayramovun istintaqdan yayınmaq üçün Türkiyəyə qaçdığına dair məlumatlar da yayıldı.
Hər kəsə məlum idi ki, bu qurumun keçirdiyi tenderlərdə öz maraqlarına uyğun şirkətləri cəlb eləmək, onları qalib elan etmək, onların vasitəsi ilə ölkəyə cins mal-qara, texnika, gübrə və digər məhsullar gətirmək, məhz Əli Bayramovun idarəçiliyi altında baş verib.
Lakin maraqlıdır ki, 100 milyonlarla dollar büdcə vəsaitinin talanması faktlarını araşdıran Zakir Qaralovun idarəsi "Aqrolizinq”-in "xırda kalibrli” məmurlarına qarşı cinayət işi qaldırıb, onların bir neçəsini həbs etməklə məsələni ört-basdır edə bildi. Nə Əli Bayramov, nə də onun himayədarı İsmət Abbasova talanan 100 milyonlara görə "gözün üstə qaşın var” deyən olmadı.
İndi isə məlum olur ki, "köhnə qvardiyanın” samballı üzvlərindən biri sayılan İ.Abbasov Ə.Bayramovun sədaqətini unutmayıb və adı aşçıq-aşkar külli miqdarda korrupsiya faktlarında keçən bu şəxsə yenidən etimad göstərib.

Məsələ ondadır ki, "Bakı Şərab 1” ATSC Baş nazirin sabiq müavini, keçmiş Kənd Təsərrüfatı naziri İsmət Abbasovun zavodu kimi tanınır. Mətbuatdakı məlumatlarda vaxtilə "Bakı 1 saylı Şərab Zavodu" adlanan bu müəssisədə direktor müavini işləmiş İsmət Abbasovun, Kənd Təsərrüffatı naziri olduğu dövrdə ATSC-ni öz nəzarətinə keçirdiyi bildirilir. Yəni, bu ATSC-nin gəlirləri əsasən İsmət Abbasovun şəxsi büdcəsinə daxil olur. Hələlik bu məlumatlar nə İ.Abbasov, nə də zavod tərəfindən rəsmən təkzib edilməyib.
Ə.Bayramovun İ.Abbasovun zavoduna rəhbər gətirilməsi həm də onu təsdiqləyir ki, "köhnə qvardiya”nın üzvlərinin nə "iş prinsiplərində”, nə də malik olduqları biznes şəbəkələrində heç nə dəyişməyib...
Tahir