
Ayaz Salayev yazır: "Filmdəki personajlardan biri "ermənilər – bizim 1 nömrəli düşmənimizdir”, deyir. Bununla da filmin müəllifi bizə aydın şəkildə anlatmaq istəyir ki, Qarabağ konfliktinin əsas səbəbini nədə görür. Səbəb əsla heç də Azərbaycan torpaqlarının işğalı deyil, – yeri gəlmişkən, filmdə bu haqda bir kəlmə də deyilmir, – İbrahimbəyova görə, səbəb azərbaycanlıların ermənilərə qarşı izaholunmaz nifrətidir. Hansı baxış bucağı ki, Rusiya KİV-lərində geniş yayılıb və israrla ictimai şüura yeridilir. Əlbəttə ki, belə bir şeyi azərbaycanlının dilindən eşitmək qat-qat "qiymətli”dir. Belə bir xidmət isə açıq-aşkar təşəkkür almağa, filmdə onun müəllifinin təltif olunduğu alqışlara hesablanıb”.
Kinorejissor haqlı olaraq qeyd edir: "Bu film – (özü də ilk dəfə yox) Böyük Ağ Çar qarşısında quyruq bulamaq, "vəhşi həmvətənlər”in fonunda yeganə özünü humanist və fədakar göstərmək cəhdidir. O "vəhşi həmvətənlər” ki, az öncə İbrahimbəyov prezidentliyə namizədliyini verməklə onlara rəhbərlik eləmək istəyirdi. Belə sənətkarlar tipik sovet imperiyasının məhsuludur. Belələri almağa çalışdıqları təşəkkür və şəfqəti alırlar, ancaq həmişə iyrənclik qatqısı ilə birgə. Bəs görəsən, müəllifin hələ də nominal rəhbəri olduğu və hələ də Baklıda mövcud olan təşkilatın üzvləri hansı hissləri keçirirlər?”
Şübhəsiz ki, Əkrəm Əylislinin bədnam "Daş yuxular” cızmaqarasından sonra Rüstəm İbrahimbəyovun öz xalqına qarşı belə yaramaz, xəyanətkar və şərəfsiz davranışı bütün dünyada azərbaycanlıları ən neqativ fonda təqdim etmək üçün yeni əsas yaradır. Bir azərbaycanlı tərəfindən "etiraf” olunan bu "həqiqətlər” əlbəttə ki, dünya erməniliyi üçün əsl hədiyyədir.
Heç də istisna deyil ki, bu filmin maliyyə mənbəyi yaxşı araşdırılarsa, birbaşa və ya dolayısı ilə ermənilərlə bağlı olduğu üzə çıxar. Torpaqlarının 20 faizi işğal altında olan, etnik təmizləməyə məruz qalan həmin ərazilərdə bütün milli-mədəni irsi dağıdılan, on minlərlə azərbaycanlının həlak olduğu, uşaqlarının, qadınlarının, qocalarının qəddarcasına, işgəncə ilə qətlə yetirildiyi bir xalqın nümayəndəsinin bu "etirafları” milli xəyanətin, insan mənəviyyatının deqradasiyasının və alçalmasının, öz milli köklərinə, xalqına nifrətin bariz nümunəsi sayıla bilər.
Çünki bu film sadə vətəndaşından tutmuş, yüksək vəzifəli məmuruna kimi bütün azərbaycanlıları yaramaz kimi təqdim edir. Sanki hazırda 30 min erməninin yaşadığı bir ölkədə hər kəs gecə-gündüz bu millətdən olan nümayəndələri tapıb cəzalandırmaq arzusu ilə yaşayır.
"Qəddar” Bakının fonunda isə bütün məsələlərin həll olunduğu, xoşbəxtlik adasını xatırladan, cənnət kimi təsvir olunan Moskva ucaldılır. Azərbaycanda döyülən, söyülən, əzilən, işgəncələrə məruz qalan ermənilər bu şəhərə sığınıb əsl xoşbəxt həyat əldə edirlər. Rüstəm İbrahimbəyov Bakı ilə Moskvanın kontrastı fonunda öz həyatını təsvir edir: onu inkar edən və lənətləyən Bakı ilə müqayisədə alicənab Moskvanın açdığı imkanları vəsf edir.
Təsadüfi deyil ki, filmdə azərbaycanlı adına yalnız İbrahimbəyovun qohumları və bir də gürcü aktyorlar yer alıb. Görünür, heç bir azərbaycanlı belə yaramaz, düşmən layihədə yer almaq istəməyib. Qeyd edildiyi kimi, müəllif filmdə ciddi cəhdlə göstərməyə çalışır ki, Dağlıq Qarabaş münaqişəsinin kökündə ermənilərin türklərə və azərbaycanlılara qarşı nifrəti, onların işğalçılıq iddiası deyil, məhz azərbaycanlıların ermənilərə qarşı dərin nifrəti amili durur.
Söz yox ki, bu film – Rüstəm İbrahimbəyovun öz xalqının "vəhşi” obrazını yaratmaqla aşağılanması fonunda şəxsini böyük "humanist” kimi qələmə vermək cəhdidir. Azərbaycanlılara və Azərbaycan adına olan hər şeyə dərin nifrətinin və düşmən münasibətinin təzahürüdür...