Ən ağır döyüşlər Tərtər və Ağdamda gedir-Səbəb

Ən ağır döyüşlər Tərtər və Ağdamda gedir-Səbəb
Təmas xəttində yaranan gərginlik hələ də davam edir

Bütün cəbhə boyu düşmən ordusunun hücuma keçməsinə baxmayaraq, ordumuz ermənilərin layiqli cavabını verib. Tərtər və Ağdamda ən ağır döyüşlərin getdiyi barədə məlumat vermişdik. Ermənilər mülki əhalininin sıx yerləşdiyi ərazilərə ən ağır silahlardan atəş açır. 

Ermənilər yerli əhalini panikaya salmaq niyyəti güdür. Miq.az-ın cəbhə bölgəsindən indilərdə aldığı məlumata görə, düşmən ordusu panika içərisində geri qaçmağa məcbur olub. Təmas xəttində erməni ordusunun qışqırığı qulaq batırır. Aldığımız məlumata görə, geriyə qaçan erməni əsgərləri bir-birləri tərəfindən güllələnir. 

Tərtər istiqamətindən indilərdə Miq.az-a daxil olan məlumata görə, düşmənin nəzarət etdiyi əksər yüksəkliklər boşalıb və erməni əsgərlərinin geri qaçması müşahidə olunur.

Xatırladaq ki, ermənilərin ağır artileriyadan açdığı atəş nəticəsində Tərtərin Qarağacı kəndində mərmilərdən birinin evə düşməsi nəticəsində Ağdam rayonundan məcburi köçkün Cəlal Rəhimov həyatını, onun oğlu Orxan Rəhimov isə ayaqlarını itirib. 

Eyni vaxtda Ağdamın kəndləri də atəşə məruz qalıb. Rayon ərazisində Salınan Baharlı qəsəbəsinə isə ağır artileriyadan açılan mərmilər evlərin həyətlərinə düşüb. 

Mərmilərdən biri isə 73 nömrəli evdə yaşayan Tural İsmayılovun digəri, 199 saylı evin sahibi Muxtar Məmmədovun həyətinə düşüb. Xoşbəxtlikdən bu qəsəbədə dinc əhali arasında yaralanan və ya ölən olmayıb. 

Aldığımız digər məlumata görə, xüsusi əməliyyat nəticəsində  Goranboyun Tapqaraqoyunlu kəndinin üstündə yerləşən Talış kənd yüksəkliyi ordumuz tərəfindən ələ keçirilib. Bu yüksəklik xüsusi hərbi əhəmiyyətə malikdir. Hazırda Tərtərdə mülki əhalinin yerləşməsi üçün mülki müdafiə tədbirləri görülür. Mülki əhalidən 5 nəfər yaralanıb. Onlar Bərdə rayon xəstəxanasına aparılıblar.

Ən ağır döyüşlərin niyə məhz Tərtər və Ağdamda getdiyinə gəlincə, bir az bundan qabaq verdiyimiz xəbərdəki bir cümləni yenidən xatırlatmaq istəyirik: "Hərbi sirr anlayışına vəzifə borcumuz kimi yanaşıb, bu kimi açıqlamalar vermək istəmirik. Hərbi sirri təkcə hərbçilər deyil, mülki vətəndaşlar da qorumalıdır."
 
                     Ermənilərin texnikası, canlı qüvvəsini sıradan çıxardıq

Düşmənin döyüş texnikası, canlı qüvvəsi və digər hərbi infrastrukturu sıradan çıxarılıb. Müdafiə nazirliyinin mətbuat xidmətindən  verilən məlumata görə, erməni silahlı bölmələrinin təxribatlarının nəticəsində aprelin 2-nə keçən gecə qoşunların təmas xəttində yaranan gərginlik hələ də davam edir.

Düşmən müdafiəsinin ön xəttində və dərinliyində cəmləşən hərbi hədəflərin koordinatları əvvəlcədən müəyyənləşdirilib, atəş gücü vasitəsilə edilən həmlələrimiz nəticəsində onun döyüş texnikası, xeyli sayda canlı qüvvəsi və digər hərbi infrastrukturu sıradan çıxarılıb.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az