Ermənistan deputatı parlamentdəki çıxışında Şuşanı Azərbaycan şəhəri kimi təqdim etdi...
Bir müddət öncə Paşinyan fraksiyasının digər bir üzvü Kəlbəcəri Azərbaycan torpağı hesab etdiyini bildirmişdi...
Ermənistan parlamentinin baş nazir Paşinyanın tərəfdarlaından ibarət "Mənim addımım” fraksiyasının üzvü Vladimir Vardanyan iclasda Azərbaycanın guya Qarabağda, o cümlədən Şuşada "erməni abidələrini məhv etməsindən” danışıb.
Moderator.az xəbər verir ki, bu haqda işğalçı ölkənin "Qraparak” nəşri yazıb.
Qəzetin yazdıqlarından bəlli olur ki, erməni deputat Azərbaycan əleyhinə çıxış etsə də, cümlələrində Şuşanı Azərbaycan ərazisi, Azərbaycan şəhəri olaraq qeyd edib. Bu da parlamentdəki müxalifət nümayəndələrinin etirazına səbəb olub.
Xatırladaq ki, son vaxtlar "Mənim addımım” fraksiyasından olan deputatların bu səpkidə çıxışları artmaqdadır. Bir müddət öncə Paşinyan fraksiyasının digər bir üzvü öz müsahibəsində Kəlbəcəri Azərbaycan torpağı hesab etdiyini bildirmişdi. Başqa biri isə Zəngəzurda Azərbaycanla sərhəddəki ermənilərin türklərlə heç bir problemi olmadığını, onların əsrlərlə qonşuluqda yaşadığını söyləmişdi...
Sultan Laçın