Ermənistan prezidentini kim və niyə partlatmaq istəyib? - FOTO
"Artur Vardanyanın rəhbərlik etdiyi qruplaşma Ermənistanda hərbi çevriliş hazırlamaqla yanaşı, prezident Serj Sarskisyana sui-qəsd də hazırlayıbmış".
Miq.az Milli.az-a istinadən xəbər verir ki, bunu Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin İstintaq İdarəsi rəisi birinci müavini Mikael Hambarsumyan Yerevanda keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, qrupun üzvləri Ermənistan prezidentinin təyyarəsini partlatmağı təklif etsələr də, Artur Vardanyan bununla razılaşmayıb.
S.Sarkisyana sui-qəsd Yerevandakı "Zvartnots" hava limanında olmalıymış.
"Həmin areala baxış keçirdik. Faktiki baxımdan sui-qəsdi reallışdırmaq olardı. Lakin Artur Vardanyan qəti qərar verməyib, hər şey müzakirə səviyyəsində olub", - M.Hambarsumyan söyləyib.
Onun sözlərinə görə, qruplaşmanın başlıca məqsədi hərbi çevriliş olub. A.Vardanyanın dəstəsinin əsas hədəfləri dövlət qurumları, ələlxüsus da Ermənistan Prezident Administrasiyası, parlament, Konstitusiya Məıhkəməsi, habelə İctimai Televiziya olub.
Çevrilişi ötən ilin noyabrın ortalarında həyata keçirmək planlaşdırılmışdı. Lakin qrup üzvləri sentyabr-oktyabr aylarında aşkarlanıblar.
A.Vardanyanın qrupunun üzvlərinin evlərində axtarışlar aparılarkən çevrilişin həyata keçiriləcəyi yerlərin, habelə polis və hərbçilərin hərəkətinin ləngidilməsi üçün tıxacların yaradılacağı körpülərlə yolayrıclarının xəritələri aşkarlanıb.
Qrup üzvləri dövlət qurumlarının binalarındakı videomüşahidə kameralarının yerləşdikləri yerləri, mühafizəçilərin iş sistemini, o cümlədən Ermənistan prezidentinin mühafizəsinin fəaliyyətini də araşdırıblar.
Axtarış zamanı 6 AK-74 avtomatı, 1 TT tapançası, 1 ov tüfəngi, müxtəlif çaplı 5261 patron, 2 əldəqayırma partladıcı qurğu, 1 tank əleyhinə mina, 1200 qram trotil, 50 qram plastid, 11 F1 qumbarası, 46 RQ və 3 RQD5 qumbaraları, 2 tank əleyhinə qumbaraatan, 20 avtomat güllə darağı, detonatorlar, optik nişangahlar, binokllar, partladıcılar, çox sayda hərbi forma da tapılıb.
1997-ci ildə İspaniyaya mühacirət etmiş Artur Vardanyan 2015-ci ildə Ermənistana qayıtmışdı. O, ötən ilin noyabrın 25-də həbs olunub.
Artur Vardanyan Ermənistan bayrağı fonunda videomüraciət də hazırlayıbmış. Bu video Yerevanda bütün mühüm dövlət obyektlərinin ələ keçirilməsindən sonra yayılmalıydı. Bundan başqa, qrup üzvləri Ermənistandakı bütün diplomatik missiyaların rəhbərlərinə ünvanlanan, ingilis dilində dəvətnamələr də hazırlamışdılar. Onlar A.Vardanyanın mətbuat konfransına dəvət olunurdular.
Yerevandakı siyasi ekspertlərin fikrincə, S.Sarkisyan üçün "A.Vardanyan işi" ölkə müxalifətinə qarşı yeni "əcinnə ovu"na başlamağa imkan verən az qala ideal vasitədir və bu baxımdan "iş"in Sarkisyan hakimiyyəti tərəfindən hazırlanmış plan olduğu da istisna edilmir.
Miq.az