Səngərdən məktub var!

Səngərdən məktub var!

Mən, Əlihüseyn Rövşən oğlu Mirzəyev ötən il həqiqi hərbi xidmətə çagırılmışam. Füzuli, Cəbrayıl və Şuşa uğrunda gedən döyüşlərdə iki dəfə yaralansam da, geri çəkilməyib, mübarizəmi davam etdirmişəm.

...Sentyabr ayının 27-də Vətən müharibəsi başlayan ilk gündən əsgər yoldaşlarımla döyüşə atıldım. Təbii ki, bu vaxtadək müharibə görməmişdim. Ona görə müəyyən çətinliklərlə qarşılaşsam da, yoldaşlarımdan geri qalmamağa, əzmlə irəliləməyə cəhd göstərirdim və buna uğurla nail olurdum.

Etiraf edim ki, müharibənin başlanğıcında bizdə olan qorxu, təlaş az sonra keçib getdi. Məqsədimiz, amalımlız ancaq torpaqlarımızı tezliklə işğalçıdan təmizləmək, ərazi bütövlüyümüzü bərpa etmək, xalqımızı sevindirmək idi. Şəhidlərimizi görəndə isə qisas hissimiz daha da alovlanırdı. Erməni işğalçılarını tamamilə məhv etməyə tələsirdik. Onu da deyim ki, ərzaq təchizatımız qaydasında idi. Lakin buna baxmayaraq, mülki vətəndaşlar bizi unutmurdular. Tez-tez postumuza gəlir, ərzaq bağlamaları gətirir, maddi qayğılarımızla maraqlanırdılar. Komandirimiz İsa Əliyev əsgərlərə atalıq qayğısı göstərir, qələbələrə ruhlandırırdı.  
Döyüşlərin birində bizə yeni yüksəklikləri götürmək əmri verilmişdi. Düşmənlə üz-üzə idik. Onlar savaşa davam gətirməyib qaçanda, geç-tez məğlub olacaqlarını da başa düşürdük... Verilən tapşırığı yerinə yetirdik, nəzərdə tutulan yuksəkliyi düşməndən təmizlədik. Bu döyüşdə çox sayda işğalçını da məhv etdik. Komandirimiz isə yaralandı. Ona köməyə gələndə mən də atəşə məruz qaldım. Bir müddət özümdə olmadım. Yoldaşlarımız köməyə gəldilər, geriyə təxminən 20 klometr yol qayıtdıq.Yağışlı hava idi. Soyuqdan donurduq.  Üst-başımız tamam yaş idi. Hospitala apardılar. Orada tibb işçilərinin qayğı və diqqəti ilə özümüzə gəldik. 
 
Üç gün hospitalda qalandan sonra yenidən doyüş meydanına qayıtdım. Kənd Hadrut deyilən yaşayış ərazisində qızğın döyüşlərə qatıldım. Bir neçə gün davam edən bu savaşda qalib gəldik, düşmən isə texnikanı, silah-sursatı ataraq qaçdı.

Bundan sonra bir neçə döyüşdə, eləcə də Şuşa uğurunda qanlı savaşda iştirak etdim. Əsgər və zabitlərimizin şücaəti, əzmi və döyüş ruhu Azərbaycan incisi sayılan bu şəhərimizin yağı tapdağından xilasında yardımçı oldu.  

Şuşa döyüşlərində dar cığırlarla irəlilədik, sıldırım qayalar üzərindən keçdik, günlərdə ac-susuz yol getdik. Lakin bezmədik, yorulmadıq, ruhdan düşmədik. Şuşa azad ediləndə isə özümüzü qalib əsgər olaraq dünyanın ən xoşbəxtləri sanırdıq. Sevincimizin həddi-hüdudu yox idi...
İndi Şuşada dostlarımla balaca daxmada qalırıq. O qədər mehribanıq ki!.. Bu mehribanlığı bizə qələbə, zəfər bəxş edib... Bu sətirləri kağıza köçürdüyüm sübh çağı Şuşa şəmasında azan oxunur... Bilirsinizmi, azan sədasında qalib ordunun qalib əsgəri kimi özümü necə xoşbəxt, bəxtəvər hiss edirəm?!.

Artıq Qarabağ bizdədir!
Yaşasın şanlı, qalib Azərbaycan!
Yaşasın Ali Baş Komandan! 
Hörmətlə , Mirzəyev Əlihüseyn Rövşən oglu, əsgər
 
 
 
 

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az