Aslan Quliyev
Sağ olmaq, nəfəs almaq hələ var olmaq deyil. Var olmaq - insanların qəlbində yaşamaqdır, yaxşı əməllərlə yaddaşlarda qalmaqdır, tez-tez xatırlanmaqdır. Adını tarixə qanı ilə yazan, əsl qəhrəmanlıq nümunəsi yaradaraq yaddaşlara əbədi həkk olan Telman Tevon oğlu Tağıyev məhz daim var olacaq, yaşayacaq, xatırlanacaq insanlardandır.
Vətənimizin erməni işğalçılarından müdafiəsi, torpaqlarımızın qorunması uğrunda qəhrəmanlıqla vuruşan, canından, qanından keçərək şəhidlik zirvəsinə ucalan vətən oğullarından biri idi Telman.
O, torpağına, elə-obaya bağlı bir vətən fədaisi idi. Şərəflə yaşamağı və şərəflə ölməyi həyatının başlıca qayəsi hesab edirdi. Belə də oldu. Telman qısa ömrünü şərəflə yaşadı, şərflə də köçdü bu dünyadan.
O, 20 fevral 1953-cü ildə Xocavənd rayonunun Qaradağlı kəndində dünyaya göz açmışdır. Orta məktəbi bitirdikdən sonra sürücülük peşəsinə yiyələnmiş, bir müddətdən sonra isə hərbi xidmətə yollanmışdır. Hərbi xidməti başa vuraraq doğulub böyüdüyü kəndə qayıdan Telman az bir vaxtdan sonra Aidə xanımla ailə həyatı qurmuşdur. Onların bu nigahdan 3 qız və 2 oğlan övladı dünyaya gəlmişdir.
Bir müddət sürücü kimi fəaliyyət göstərən Telman bilik və bacarığını artırmaq məqsədi ilə Ağdam Kənd Təsərrüfatı Texnikumuna qiyabi olaraq daxil olduqdan sonra Qaradağlı kənd orta məktəbində maşınşünaslıqdan dərs deməyə başlamış, qısa müddət ərzində məktəb kollektivinin dərin rəğbətini qazanmışdır.
Telman Qaradağlı kəndinin erməni təcavüzkarlardan qorunmasında fəal iştirak edənlərdən biri idi. Döyüşlərdə dəfələrlə şəxsi igidlik və şücaət göstərmiş Telmanın kəndin müdafiəsi işinin təşkilində rolu böyük olmuşdur.
Erməni silahlı birləşmələri Qaradağlı kəndini ələ keçirmək üçün dəfələrlə hücuma keçsələr də istəklərinə nail ola bilməmişdirlər. Müdafiəçilər bu hücumların qarşısını igidliklə alır, düşməni geri çəkilməyə məcbur edirdilər.
Nəhayət son döyüş... 1992-ci il fevral ayının 17-si... Müdafiəçilər, o cümlədən Telman mərdliklə vuruşurdu. Amma qüvvələr qeyri-bərabər idi. Düşmən silah-sursat və canlı qüvvə cəhətdən xeyli üstün idi. Artıq üçüncü gün idi ki, döyüş gedirdi. Ermənilərin fevralın 15-i və 16-sı tarixlərində etdikləri hücumları dəf edən özünümüdafiə dəstəsinin qüvvəsi get-gedə tükənirdi. Onların özlərinə istehkam seçdikləri kolxozun və kənd sovetliyinin inzibati binası mühasirəyə alınmışdır. Güllələr yağış kimi binan üzərinə yağırdı. Hər tərəfi barıt qoxusu bürümüşdür. Ətraf toz duman içərisində idi.
Müdafiəçilər son güllələrini atdılar. Saat 16 radələrində kənd tamamilə düşmənin əlinə keçdi. Sağ qalan 100-dən artıq adam, həmçinin Telman girov götürüldü. Birinə cavan, digərinə isə yaşlı girovların mindirildiyi “Kamaz” markalı maşınlar Xankəndinə doğru istiqamətləndilər.
İçərisində cavanların olduğu maşın Qaradağlı kəndinin 2 km-də “Bəylik Bağı” adlanan ərazidə dayandı. Silahlılar girovların bir hissəsini burada güllələmək niyyəti ilə 10 nəfərin könüllü olaraq maşından düşməsini tələb etdilər. Bu müraciətdən sonra maşındakı igidlərin bir qismi “Qarabağ bizimdir!” “bu torpaqlar heç vaxt sizin kimi əclafların olmayacaq!”, “bizə etdiklərinizin qisasını alacaqlar!” şüarlarını və düşmınin ünvanına müxtəlif söyüşlər səsləndirərək yerə atılmağa başladılar. Elə həmin vaxt Telman gizlədib saxladığı qumbaranı hazırlıq vəziyyətinə gətirib düşmənin cəm halda dayandığı yerə tulladı. Nəticidə özü və 7 erməni həlak oldu.
Telmanın bu şücaətindən ASALA terror təşkilatının rəhbərlərindən biri, Qaradağlı kəndində keçirilən qanlı əməliyyata rəhbərlik etmiş Monte Melkonyanın qardaşı Markar Melkonyanın “Qardaşımın yolu” adlı kitabında da bəhs edilir .
Müəllif yazır:
"Arabo və Aramonun (erməni silahlı dəstələri) əsgərləri 38 nəfər əsiri göstərdilər, əsirlər dərənin içərisində idi, onların arasında qadınlar və əsgərlər var idi. Azərbaycanlı əsirlərdən biri (Telman Tağıyev nəzərdə tutulur) bintlə sarılmış əlindən qumbara çıxararaq onlara nəzarət edən erməninin üstünə atdı, qumbara partlayarkən onun ayaqının bir hissəsini qopardı. Aramo və Arabonun əsgərləri onsuzda əsirlərdən öldürülmüş yoldaşlarının intiqamını almaq istəyirdilər, bundan sonra onlar əsirləri bıçaqlamaqa və avtomatla güllələməyə başladılar. Çapıqlı Edo da onlara qoşuldu o, bir neçə yaralı əsgərin üstünə benzin tökərək onları atəşə verdi. Monte kənddən aralı olan bu dərəyə gələndə orda yalnız bir taya insan qalıqları var idi."
Göründüyü kimi erməni vəhşiliyindən bəhs edən azərbaycanlı deyil, bir erməni müəllifidir.
Ermənilər “Bəylik Bağı”nda 30-dan artıq adamı qətlə yetirərək onların cəsədlərini silos quyusuna atdılar. Quyunun üzərini isə torpaqla örtdülər. Quyuya atılan cəsədlərin içərisində Telmanın da cəsədi var idi. O, sevdiyi, uğrunda canını fəda etdiyi torpağa qovuşdu.
ALLAH RƏHMƏT ELƏSİN!