İ.İbrahimova
sözlərinə görə, meşə yanğınlarının səbəbləri ilə bağlı mütəxəssislərin
apardığı təhlillər və monitorinqlər göstərir ki, baş verən yanğın
hadisələrinin çox böyük əksəriyyəti taxıl biçininin yekunlaşmasından
sonra biçənəklərə od vuran fermerlərin ehtiyatsızlığı və
etinasızlığından irəli gəlir.
"Təəssüf ki, torpaq sahibləri
olan fermerlər məsələnin ciddiliyini və məsuliyyətini anlamadan plansız,
qabaqlayıcı tədbirlər olmadan, yanğın təhlükəsizliyi qaydalarına əməl
etmədən sahələrə od vurur və yarana biləcək fəsadları hesablamırlar.
Nəzərə almırlar ki, belə məsuliyyətsiz addımların nəticəsində
hektarlarla meşə örtüyü məhv ola bilər, ölkənin meşə fondu ani vaxt
içərisində yanıb kül olmaq təhlükəsi ilə üzləşər”.
İyulun 28-də Xızı rayonunun Dizəvər yaylağında başlamış, sonradan meşə fondu torpaqlarına keçmiş yanğın Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə dəstələrinin və ETSN-nin əməkdaşlarının ciddi səyləri nəticəsində artıq lokallaşdırılıb.
Qeyd edək
ki, yanğın yaylaqda geniş ərazini əhatə etdiyindən və hava şəraitinin
küləkli olmasından onun söndürülməsində çətinliklər yaranıb və meşə
fondu torpaqlarına keçib. Ərazi yüksək dağ massivində, yəni dəniz
səviyyəsindən yüksəklikdə yerləşdiyindən yanğınsöndürən maşınların
əraziyə cəlb edilməsində problemlər yaranıb. Yanğının qarşısının
alınması və közərən sahələrin söndürülməsi üçün mümkün olan bütün
vasitələrdən, əsasən əl əməyindən və helikopterin köməyindən istifadə
edilib. Ümumiyyətlə, bir-birindən aralı məsafələrdə yerləşən kiçik
sahələrdə baş vermiş yanğın, közərtilər də daxil olmaqla 2 hektara yaxın
meşə fondu torpaqlarını əhatə edib və nəticədə quru ot və kol örtüyü
yanıb. Meşə işçilərinin, ümumilikdə ETSN və FHN əməkdaşlarının
fədakarlığı, şücaəti və ciddi səyləri ilə ağaclara ciddi ziyan dəyməyib,
çətin şəraitdə əl əməyindən istifadə edilməklə həyata keçirilən
intensiv tədbirlərlə ağac örtüyü mühafizə edilib. Hazırda közərtilərin
tam olaraq söndürülməsi istiqamətində işlər davam etdirilir. Yanğınla
əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumları
fövqəladə iş rejiminə keçib və Nazirliyin 150 nəfərə yaxın əməkdaşı, o
cümlədən müvafiq departament rəhbərləri və işçi qüvvəsi dünəndən
ərazidədir.
Havaların isti və quraq keçməsi ilə əlaqədar isə
ETSN əhalini təbiət qoynunda olarkən odla ehtiyatlı olmağa, yanğın
təhlükəsizliyi qaydalarına riayət etməyə çağırır.