Şair Namiq Hacıheydərlinin yeni kitabı çapdan çıxdı
Aprelin 14-də Atatürk Mərkəzində Azərbaycan Yazıçılar Birliyi Muğan Bölməsinin sədri, şair Namiq Hacıheydərlinin yeni çapdan çıxmış “EY TÜRK DOĞULAN” şeirlər kitabının təqdimatı keçirilib.
Vətəninfo-ya verilən məlumata görə, təqdimatı giriş sözü ilə açan şair Musa Ələkbərli Namiq Hacıheydərli yaradıcılığı haqqında məlumat verib.
Ondan sonra çıxış edən pedaqoji elmlər doktoru, professor Əjdər Ağayev şairin yaradıcılığına yüksək dəyər verib: “Uzun müddətdi ki, biz Namiq Hacıheydərli ilə əməkdaşlıq edirik. Dəfələrlə onun şeirlərini və məqalələrini Təhsil Şurasının orqanı olan “Təhsil və Zaman” qəzetində çap etmişik. Namiqin şeirləri bizim üçün etalondur”.
Ondan sonra ədəbiyyatşünas alim Tahir Şirvanlı, şairlərdən Oktay Rza, Telman Dəmir, Əlisəmid Kür, Ayaz Arabaçı, Dayandur Sevgin, Maqsud Qobustanlı, Nazilə Gültac, Fərqanə Mehdi, Həyat Şəmi, Mənsurə Qaçayqızı, Yusif Dirili, Zakir Ağdamlı, Hacı Loğman Qorqud, Coşqun İbrahimli, Vahid Aslan, araşdırmaçı İşıqlı Atalı, “Yeni Avropa” qəzetinin baş redaktoru, şair-jurnalist Yusif Məhəmmədoğlu və digərləri çıxış edərək, Namiq Hacıheydərli yaradıcılığı haqqında ürək sözlərini dedilər və “EY TÜRK DOĞULAN” şeirlər kitabının ədəbi- ictimai əhəmiyyətindən söz açdılar.
Sonda söz Namiq Hacıheydərliyə verildi. O, tədbirə qatılan hər kəsə təşəkkürünü bildirdi və son günlərdə yazdığı “İçindədir” rədifli şeirini qatılımçıların diqqətinə çatdırdı:
İçindədir
Bizdən kənar dünyalar var,
Cahan cahan içindədir.
İç-içə sandıqlar kimi,
Məkan məkan içindədir.
Xəyal atı yüz il çapmış,
Sınır bulmuş, nə iz tapmış.
Zamanüstü zaman varmış;
Zaman zaman içindədir.
Ev bu hördüyümüz deyil,
Ömür, sürdüyümüz deyil.
Insan, gördüyümüz deyil;
Insan insan içindədir.
Rövşən ZİYA