Elmar Vəliyev məscidlərdə qədr (əhya) gecələrinin və iftar süfrələrinin keçirilməsini qadağan etdi
Gəncə camaatı dini mərasimlərlə bağlı həssas münasibəti ilə sovet dövründə belə digər regionlardan seçilib. Məsələn, ramazan və məhərrəm ayları hətta sovet dövründə də Gəncədə xüsusi qeyd olunmuşdur.
70 illik sovet zülmü altında belə meydanlarda Aşuranı, məscidlərdə Əhya gecələrini qeyd edib, iftar süfrələri açan gəncəlilər keçən ildən etibarən icra strukturlarının təzyiqinə məruz qalıblar.
Maraqlıdır ki, bütün dünyada qeyd olunan və digər din mənsublarının da ehtiram göstərdiyi müqəddəs Ramazan ayı da Gəncə şəhər İcra Hakimiyyəti tərəfindən “arzuolunmaz ay” kimi qəbul edilib.
Gəncə Şəhərindən "Vətəninfo.az"ın email-poçtasına daxil olan Gəncə dindarları adından müraciətdə deyilir ki,dindarlara qarşı təzyiqləri normativ iş halına gətirən Gəncə şəhər İcra Hakimiyyəti Ramazan ayında qadağaları gücləndirmişdr.İcra Hakimiyyətində keçirilən müşavirəyə dəvət olunan din xadimlərinə qəti göstəriş verilmişdir ki, Ramazan ayı boyunca məscidlərdə iftar süfrələrinin verilməsi ləğv edilməli, Qədr (Əhya) gecələrinin keçirilməsi yasaqlanmalıdır.
Hazırda xaricdə istirahətdə olan Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin təlimatı ilə bu addımın atıldığını axundlara bildirən rayon rəhbərliyi bu sərt qadağalara tabe olmayacaq məscidlər barədə ciddi tədbir görülüləcəyi ilə təhdid edib.
Gəncədən verilən məlumatda deyilir ki, Gəncənin Qazaxlar, Qırıxlar məscidlərində Sovet dövründə belə əhya gecələri qeyd olunub, həmin gecələrdə insanlar məscidlərə gedərək, ibadət ediblər. Ancaq Gəncə “qubernatoru”nun yeni hökmünə görə, məscidlər iftardan öncə bağladılmalı, gecə məscidlərə gəlişlər qadağan edilməlidir.
Xatırladaq ki, bu Elmar Vəliyevin dindarlara qarşı ilk sərt münasibəti deyil. Elmar Vəliyevin Allaha qarşı mənfi münasibəti Yevlaxda fəaliyyət göstərdiyi dövrdən bəri bəllidir. Onun Yevlaxda Hacı Namiq və gənc dindarlara qarş təzyiqləri bölgə əhalisi tərəfindən unudulmayıb. Gəncəyə rəhbər təyin edildiyi gündən etibarən də Gəncə dindarlarına təzyiq edən Vəliyevin hətta şəhərin rəsmi ruhaniləri ilə problemi də yaşanmışdı. Qafqaz Müsəlmanları İdarəsinin Qərb zonası üzrə səlahiyyətli nümayəndəsi də Elmar Vəliyevin təzyiqinə məruz qalmışdı.
Vurğulamaq lazımdır ki, Gəncədə müxalif dindarlarla yanaşı Qazaxlar, Şah Abbas, Qırıxlar məscidlərinin rəsmi ruhanilərinin inzibati orqanlara çağırılıb, təzyiqlərə məruz qalmaları əhali arasında çaşqınlıq yaratmaqdadır.
Gəncə kimi dini mərasimlər mövzusunda həssas olan şəhərdə bu dini qadağalar ciddi mənfi reaksiya doğura bilər. Dövlətin din siyasətinin icraçısı olan müvafiq qurumlar Ramazan ayı ilə bağlı respublika səviyyəsində tədbirlər planı həyata keçirərkən, Gəncədə bu yaşananlar Azərbaycanın əleyhinə işləyən qüvvələrin “dəyirmanına su tökməkdədir”. Dindarlar artıq icra başçısının nə zaman “Allahsız” vəsiqəsini paylayacağını gözləyirlər. Bu isə dindar vətəndaşlarla dövlət arasında münsibətlərdə problem yaradır.
Nəzərə alsaq ki, qarşıdan prezident seçkiləri gəlir. Bildiyiniz kimi hər seçkidə rəsmi ruhanilər, bölgələrdə nüfuz sahibi olan din xadimləri xalqın önünə çıxaraq, iqtidarın seçki siyasətinə dəstək verirlər. Gəncədə yaşanan bu olaylar onların da işini çətinləşdirəcəkdir. İqtidarın rəsmi təmsilçisinin dinə və dindarlara mənfi və təzyiqə söykənən siyasəti bölgədə hakimiyyət əleyhinə çalışanların işinə yaramaqdadır. Bu həqiqətləri dilə gətirənlərin min bir iftira ilə suçlandığı Gəncədə dini vəziyyət idarəolunmaz hala gələrsə, bundan ən çox zərər çəkən də Azərbaycan iqtidarı olacaq.
P.S. Azərbaycan prezidenti İlham Əliyevin dini abidələrə göstərdiyi qayğının nəticəsi olan İmamzadə ziyarətgahının tikintisi ilə bağlı icra strutukturlarının qeyri-şəffaf siyasəti də yeni sualları ortaya çıxarır. Çünki Azərbaycanda dini tikililərə göstərilən qayğını ört-basdır etmək siyasəti adətən bizi istəməyən xarici qüvvələrə məxsus addımdır. Gəncə rəhbərliyinin Azərbaycanın düşməni olan qüvvələrlə eyni siyasəti yürütməsi təəssüf doğurur.
P.P.S. Gəncədəki ticarət obyektlərinin sökülməsi adı altında Gəncədəki iş adamlarını çökdürən rayon rəhbərliyinin şəhərin küçələrinin təmiri adı altında müəllim, həkim və məmurlarda pul yığdığı iddia olunurdu. Bu günlərdə isə Gəncənin qədim qəbristanlığının təmiri üçün pul yığınına başlanıldığı bildirilir. Bu inkişaf edən və dünyaya öz varlığını duyuran Azərbaycanın qədim şəhərinin qəbristanlığını təmir etməyə gücünün olmaması təəssüratı yaradır ki, bu da ilk növbədə rayon rəhbərliyinin adına yaraşmır.