General Emin Şəkinskinin qaynı axtarışa verildi
General Emin Şəkinskinin qayını İnterpol xətti ilə beynəlxalq
axtarışa verilib. Bu barədə İnterpolun saytında
məlumat yerləşdirilib.
Məlumatda qeyd olunur ki, 37 yaşlı Fərid Yusub oğurluq, rəsmi
sənədlərin saxtalaşdırılması və Azərbaycan sərhədini qanunsuz keçməkdə
təqsirləndirilir.
Fərid Yusub ölkədə olmadığı üçün
onun barəsində məhkəmənin qərarı ilə həbs qərarı çıxarılıb və
dövlətlərarası axtarış elan olunub. Azərbaycan hüquq-mühafizə orqanları
onun yerinin müəyyənləşdirilməsi və saxlanılması üçün İnterpola müraciət
edib. Hazırda onun tutulması istiqamətində tədbirlər davam etdirilir.
Fərid Yusub Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinin rəisi Emin Şəkinskinin qaynıdır.
Xatırladaq
ki, avqustun 18-də Bakı Ağır Cinayətlər Məhkəməsində Gülnarə
Şəkinskayanın və övladlarının sərhədi qanunsuz keçmələrinə köməklik
göstərməkdə, saxta sənədlər düzəltməkdə və digər cinayətlərdə
təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Fərid Yusub da daxil olmaqla bir qrup şəxs E. Şəkinskinin ailəsini
ölkədən qaçırmaqda təqsirləndirilir. Həmin şəxslər Gülnarə
Şəkinskayanın, eləcə də onun övladları - Həmidə, Məryəm, Nadiya və
Cəvahir Şəkinskilərin dövlət sərhədini qanunsuz keçmələrinə yardım
ediblər və bu məqsədlə cinayət əlaqəsinə giriblər. Bu məqsədlə G.
Şəkinskaya keçmiş həyat yoldaşı Emin Şəkinskinin evindəki dəmir seyfdən
60 min manatı oğurlayıb.
APA