Qarşıdan gələn 2014-cü il Şərq təqviminə görə Göy Taxta At ili hesab olunur.
Gün.Az xəbər verir ki, moda dünyasında bu il göy rəngin çalarları ilə qeyd olunacaq.
Azərbaycanın əməkdar incəsənət xadimi, tanınmış modelyer Fəxriyyə Xələfova oxucularımıza 2014-cü il Göy At ilini hansı geyimlərdə qarşılamağı müəyyənləşdirməyə kömək edir:
“Astroloqlar və stilistlər göy və yaşıl rəng çalarlı aksessuarlarda qarşılamağı tövsiyə edirlər. Qarşıdan gələn Göy Atın ilinə göy, mavi, göy-yaşıl və yaşıl rənglər uyğundur. Buna görə də bu çalarları olan geyimlərə diqqət yetirmək lazımdır, həm də ki, bu çalarlar, demək olar, hamıya yaraşır.
Yeni il üçün yaşıl rəng simvolikdir. Bu çalar cavanlaşdırır, gümrah göstərir və istənilən obrazı xüsusilə parlaq edir. Yaşılın qızılı rənglə ahəngi idealdır. Ancaq bura bir az qara da əlavə etmək olar”.
F.Xələfova deyir ki, adətən, Yeni ilə necə geyinmək sualı ancaq qadınları narahat edir:
“Lakin 2014-cü il xüsusi ildir. Buna görə də kişilər Yeni il geyimi barədə düşünməlidirlər. Bu il kişilər zərif mavi ilə ultra göy rəngli köynəklərdə və ya əksinə, tünd-göy rəngli qalstuklarda möhtəşəm görünəcəklər. Göy rəng hamını gözəl edə bilər. Ancaq bu halda klassik kostyum yersiz hesab olunur.
Ona görə də cins şalvar geyinməyi məsləhət görürəm.
Əgər köynəklər sizin xoşunuza gəlmirsə, futbolka da seçə bilərsiniz, ancaq bu halda rəng barədə unutmamalısınız. Ancaq parçanın rəngini seçərkən, öz emosiyalarınıza arxalanın. Əgər hansısa geyimin və ya köynəyin rəngi sizin xoşunuza gəlsə, qalan şeylər vacib deyil, siz bu kostyumda möhtəşəm görünəcəksiniz”.